«Bazar günü Fransada bütün Avropanın taleyi həll olunur. Fransızlar dövlət başçısını seçərkən Avropa Birliyi haqqında da qərar vermiş olacaqlar. Onlar ya Birliyin rifahına səs verəcək, ya da onu tarixin zibilliyinə atacaqlar». Almaniyanın «Berliner Morgenpost» qəzetinin yazarı Knut Pirs seçkiləri belə dəyərləndirib.
Fransa tarixində ilk dəfədir ki, seçkilərdə aşkar favorit yoxdur. Prezidentliyə əsas namizədlərdən 4-ü də 2-cü tura keçmək baxımından bərabər imkanlara malikdir.
Bundan 3 ay öncə hər kəs 2-ci turda millətçilərin lideri Marin Le Pen və sağçıların namizədi Fransua Fiyonun 2-ci tura keçəcəyini, həmin turda isə Fransua Fiyonun asanlıqla qalib gələcəyini iddia edirdi.
Lakin eks-baş nazirlə bağlı çıxan korrupsiya xəbərləri onu seçicilərin gözündən bir anda düşməsinə, yeni namizədin, keçmiş iqtisadiyyat naziri Emmanuel Makronun ulduzunun parlamasına gətirib çıxardı.
Son rəy sorğuları da hələ ki, Makronun öndə getdiyini nümayiş etdirir- 23 faiz.
Millətçi Le Pen ondan bir qədər (22 faiz) geridə qalır. 3-cü və 4-cü yerlər Fransua Fiyon və Jan-Lük Melanşon arasında bölüşdürülür. Fransanın hakim Sosialist partiyasının rəsmi namizədi Benua Amon isə 5-ci yerlə kifayətlənə bilər. Əslində isə sosialistlərin əsas namizədi F. Olland dövründə iqtisadiyyat naziri vəzifəsində çalışan Emmanuel Makrondur.
Fransa prezidenti Fransua Ollanda yaxınlığı ilə bilinən baş nazir Manuel Vals da sonuncuya dəstəyini ifadə edib.
Burada diqqəti cəlb edən Jan-Lük Melanşonun qısa bir müddət ərzində reytinqlərdə böyük sıçrayışa nail olmasıdır. «Əyilməz Fransa» partiyasının lideri radikal solların nümayəndəsi sayılır və Fransanın aktual məsələləri barədə bir sıra kəskin çıxışları ilə seçilir.
Melanşon Fransanı atom energetikası olmayan, güclü orduya malik, habelə tam pulsuz tibb ölkəsinə çevirəcəyini vəd edir.
Onu sağ radikalların namizədi Marin Le Penin soldakı əksi də adlandırmaq olar. Lakin nə qədər qəribə gəlsə də, bütün məsələlərdə qarşı səngərlərdə dayanan iki liderin ortaq məxrəcə gəldiyi nöqtə də var - hər ikisi Frekzit - yəni Fransanın Avropa Birliyindən tam çıxmasının tərəfdarıdır.
Bu da Avropa Birliyi üçün 2-ci kabus ssenarinin gerçəkləşməsi ehtimalını gündəmə gətirir.
Artıq seçkilərin 2-ci turunda Avropa Birliyinə qarşı iki namizədin Jan-Lük Melanşon və Marin Le Penin çıxması gündəmə gəlib.
Doğrudur, Le Pen Melanşona nisbətən bu məsələdə daha qətidir. O, hətta son debatda təkidlə zaldakı Avropa Birliyinin bayrağının yığışdırılmasını tələb edib.
Fransadakı prezident seçkilərinin əsas aktual mövzularından biri də Rusiya, daha doğrusu, onun lideri Vladimir Putinə olan münasibətlə bağlıdır.
Bu məsələdə Rusiyanın təbii ki, əsas namizədi, qalib gəlmək üçün Moskvadan kredit almaqdan belə çəkinməyən, bu yaxınlarda Vladimir Putin tərəfindən qəbul edilən, Rusiyanın Ukraynaya təcavüzünü, xüsusilə də Krımın işğalını dəstəkləyən, Moskvanın Suriyada törətdiklərinə haqq qazandıran millətçi Marin Le Pendir.
Başına gələn korrupsiya bəlalarından qurtulmağa çalışan Fransua Fiyon da ondan geri qalmaq istəmir. Keçmiş baş nazir Moskvanın sevimli qonaqlarından bir sayılır. Fiyonun son müsahibəsində Krımın tarixən və mənəvi olaraq Rusiyaya məxsus olması barədə dedikləri bunu sübut edir. Yeri gəlmişkən Fransanın keçmiş baş naziri də Moskva tərəfindən bir sıra «pul mükafatlarına» layıq görüldüyü xəbərləri gəlir. Onun hətta livanlı bir iş adamı ilə Vladimir Putini görüşdürmək üçün «aradüzəldənlik» etdiyi və bunun üçün külli miqdarda pul da aldığı deyilir.
Həm Marin Le Pen, həm də Fransua Fiyon qatı ermənipərəst mövqeyi ilə seçilir və Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olaraq qəbul etdiklərini bəyan edirlər.
Rusiyaya qarşı ən sərt duruş isə Emmanuel Makron tərəfindən sərgilənir.
Buna rəğmən ekspertlər Rusiya məsələsində ən doğru mövqeyin məhz Makron tərəfindən seçildiyini iddia edirlər. Belə ki, Pew Research araşdırma mərkəzinin apardığı sorğuya əsasən fransızların 78 faizi Vladimir Putinə inamsız yanaşdıqlarını ifadə edib. Bu da qalan namizədlərin, hətta Le Penin belə seçilməsi halında Moskva ilə daha ehtiyatlı siyasət yürüdəcəyindən xəbər verir.
Emmanuel Makron Avropa Birliyinin da saxlanmasının qatı tərəfdarı olaraq bilinir. Bu səbəbdən Avropanın bir çox dövlətlərinin liderləri indi bütün ümidlərini onun qələbəsinə bağlayıblar.