Vaxt.Az
Gül də Gülənə qarşı
9 il əvvəl Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasında nurçu təriqətinə qarşı qərar qəbul edilib
Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanla vaxtilə onu iqtidara gətirən əsas qüvvə - nurçular təriqəti və onun lideri Fətullah Gülən arasında münasibətlər gərginləşməkdədir. Baş nazirin təriqətə bağlı hazırlıq kurslarını bağlamaq qərarından sonra Fətullah Gülənə bağlı «Tərəf» qəzeti bugünkü manşetində Ərdoğanı ifşa edən xəbər yayıb.
Qəzet əldə etdiyi məxfi sənədə istinadən yazıb ki, Fətullah Güləni bitirmə qərarı hələ 2004-cü ildə Milli Təhlükəsizlik Şurasının iclasında alınıb. Qəzet «tamamilə məxfi» qrifli həmin sənədi də dərc edib.
Sənəddə göstərilir ki, Milli Təhlükəsizlik Şurası F.Gülən təriqətinin Türkiyənin milli təhlükəsizliyi üçün ciddi təhdid təşkil etdiyi barədə müzakirələr aparıb. Müzakirələrin sonunda bu təriqətə qarşı ölkə içərisində və xaricində ciddi mübarizə aparılması qərarlaşdırılıb. Qərara baş nazir Rəcəb Tayyib Ərdoğan, Silahlı Qüvvələrin Baş qərargah rəisi Hilmi Özkök, xarici işlər naziri (o zamankı) Abdullah Gül, prezident Əhməd Nejdət Sezər imza atıblar.
Qərara əsasən təriqətə qarşı ölkə içərisində və xaricində fəaliyyət planı hazırlanmalıdır.
Baş nazirin müşaviri Yalçın Akdoğan isə Twitter üzərindən yaydığı açıqlamada belə qərarın olduğunu inkar etməyib. Amma deyib ki, hökumət Milli Təhlükəsizlik Şurasının sözügedən qərarını heçə sayıb və onun həyata keçirilməsi istiqamətində heç bir addım atmayıb.
Xəbəri hazırlayan Mehmet Baransu isə əlində daha çox məxfi sənədlərin olduğuna işarə edərək yazıb ki, o, hələ evdəki çuvalı açmayıb. «Bu, sənədlərdən cəmi biri idi» - deyə o yazıb.
Sözügedən qərar qəbul ediləndə Gülən təriqəti və onun dəstəyi ilə hakimiyyətə gələn AKP hələ dövləti indiki kimi nəzarətlərində saxlamırdı. Hökumətin həmin qərarı heçə saydığını təsdiqləyən müşahidəçilər xatırladırlar ki, 2004-ci ildən bu yana xüsusi xidmət və polis orqanları, prokurorluq, ədliyyə, təhsil, media bütünlüklə Gülən təriqətinin əlinə keçdi. Məhz Gülən təriqətinin cızdığı planlar əsasında AKP hökuməti silahlı qüvvələri tamamilə neytrallaşdırdı və yüzlərlə generalı həbsxanalara doldurdu. Münasibətlər isə son bir ildə gərginləşməyə başlayıb.
Bunun səbəbləri barədə müxtəlif versiyalar var. Əsas versiyalardan birinə görə, Gülən Ərdoğanın prezident olmasına dəstək verməyib və bu posta Abdullah Gülü daha münasib bilib.
28.11.2013 çap et