Qeyd edək ki, bu qərar İtaliyada TAP üzrə işlərin yenidən başlamasına yol açır. TAP konsorsiumunun İtaliya üzrə sözçüsü də məhkəmənin boru kəməri üzrə işlərə yenidən başlamaq barədə qərar verdiyini təsdiqləyib.
Qeyd edək ki, bu il aprelin 6-da Latsio vilayəti məhkəməsi TAP-ın tikintisi üçün İtaliya Ekologiya Nazirliyinin Apuliya regionunun Melendunyo şəhərində boru kəmərinin marşrutu üzərindəki zeytun ağaclarının köçürülməsi ilə bağlı qərarını ləğv edib. Bundan sonra zeytun ağaclarının köçürülməsi işləri dayandırılıb.
Xatırladaq ki, bu il martın 27-də İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verib.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq «Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək.
İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr «mavi yanacaq» Avropaya çatdırılacaq. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.
«Yeni Müsavat»a açıqlamasında TAP ətrafında gedən bu proseslərə və İtaliya məhkəməsinin çıxartdığı son qərara münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov bu qərarın çox önəmli olduğunu vurğuladı: «Onu da nəzərə almaq lazımdır ki, məhkəmənin qərarının icrası ilə bağlı çətinliklər yaşana bilər. Daha öndə də bu məsələ ilə bağlı İtaliya məhkəməsinin qəbul etdiyi qərarların icrasında problem yaranmışdı. Çünki ekologiya tərəfdarları hələ də məhkəmənin qərarının icrasına qarşıdırlar. Hazırda 221 zeytun ağacının köçürülməsi ilə bağlı problem davam edir. Məhkəmənin ağacların köçürülməsi ilə bağlı qərar verməsi bu məsələdə bir nikbinlik yaradır. Çünki prosedurun qısa müddətdə başa çatdırılmasına ehtiyac var. Havaların qızdığını və yay mövsümünün gəldiyini nəzərə alsaq, bu ağacların köçürülməsini mümkünsüz edəcək. Nəticədə TAP-ın inşası ilə bağlı problem yaranacaq».
Ekspert hesab edir ki, məlum qruplar məhkəmə qərarının icrasına da əngəl törədə bilər: «Məhkəmə qərarı verdi. Ancaq bunun icrası ilə bağlı proqnoz vermək çox çətindir. Həmin qruplar yenə də prosesi yubatsalar, bu prosesin payıza qədər təxirə salınmasına gətirib çıxara bilər. Bu birbaşa olaraq İtaliya hökumətinin və qərarın icrası ilə məşğul olan qurumların fəaliyyətindən asılı olacaq. Əgər həmin qurumlar qərarın icrasına nail olacaqlarsa, o zaman proses yubanmayacaq. Lakin yenə də ekoloji qruplarla qərarın icrasına məsul olan dövlət qurumları arasında, polis arasında qarşıdurma olarsa, nəticə etibarilə prosesin yenidən yubanmasına gətirib çıxara bilər».
V.Bayramovun fikrincə, TAP İtaliya və Avropa üçün , bu ölkələrin enerji təhlükəsizliyinin təminatı üçün vacibdir: «O baxımdan məhkəmənin qərarı İtaliyanın maraqlarına uyğundur. İtaliya hökuməti ağacların köçürülməsində maraqlıdır. Çünki söhbət bu ölkənin enerji təhlükəsizliyinin formalaşmasından gedir. Lakin Avropa Birliyinə üzv olmayan və bu kəmərin reallaşmasını istəməyən bəzi ölkələr ekologiya tərəfdarlarını, ağacların köçürülməsinə etiraz edənləri dəstəkləyirlər. Hətta onlara maliyyə yardımı olunduğu da güman edilir. Əslində prosesin uzanmasında və ləngiməsində maraqlı tərəf İtaliya və AB ölkələri deyil. Avropa Birliyinin enerji təhlükəsizliyinin formalaşmasında maraqlı olmayan şirkətlər və dövlətlərdir».