Bəyanatda bildirilir ki, onlar əhalinin və tərəfdarlarının geniş və davamlı istəyi və tələbi ilə prezidentliyə namizədliklərini irəli sürmüşdülər: «Bizə göstərdiyiniz səmimi dəstəyə görə siz həmvətənlərimizin hər birinə öz təşəkkürümüzü bildirir, özümüzü həmişə sizə borclu sayırıq. Biz hər zaman özümüzü millətin kiçik qulluqçusu, inqilabın isə əsgəri sayır, bununla fəxr edirik. Biz açıq və şəffaf şəkildə bildiririk ki, qarşıdan gələn seçkilərdə prezidentliyə namizədlərdən heç birini dəstəkləmir, gələcəkdə də dəstəkləməyəcəyik».
Bu isə Həm Əhmədinejadın, həm də Bəqayinin prezidentliyə namizədliklərinin ləğv olunmasına göstərdikləri ilk reaksiyasıdır. Bəyanatda, Əhmədinejadın öz tərəfdarlarını qarşıdan gələn seçkiləri boykota çağırıb-çağırmaması məsələsinə toxunulmayıb.
İranın Konstitusiyaya Nəzarət Şurası aprelin 20-də bəyanat yayaraq 6 nəfərin prezidentliyə namizədliyinin rəsmən təsdiqləndiyini açıqlayıb. Keçmiş prezident Mahmud Əhmədinejadın və onun komandasından olan Həmid Bəqayinin isə namizədliyi rədd edilib.
Əhmədinejad, aprelin 17-də Çinin «Foniks» telekanalına müsahibəsində onun namizədliyinin mümkün ləğvi ehtimalı ilə bağlı səslənən bəyanatlara münasibət bildirmişdi: «Konstitusiyaya Nəzarət Şurasının mənim prezidentliyə namizədliyimi ləğv etməsinə hər hansı bir səbəb və əsas yoxdur».
O, «Əgər İranın Konstitusiyaya Nəzarət Şurası prezidentliyə namizədliyinizi ləğv etsə, sizin buna reaksiyanız necə olacaq» sualını isə «Bir az səbirli olun. Vaxtı çatanda görəcəksiniz» -deyə cavablandırmışdı.
İranda növbəti prezident seçkiləri 2017-ci il, mayın 19-da (ordibeheştin 29-da) keçiriləcək.