Öncə statistika barədə. İlin əvvəlindən «Boko Haram» qruplaşması 27 uşaqdan terrorçu kamikadze kimi istifadə edib. Bu barədə BMT-nin uşaq fondu UNİCEF-in açıqlamasında bildirilir. Vurğulanır ki, terrorçu kamikadze kimi qruplaşmanın oğurladığı uşaqlardan istifadə olunur. Onların arasında qız uşaqları üstünlük təşkil edir. Qeyd edək ki, son illərdə qruplaşma Nigeriyanın kəndlərindən yüzlərlə qız uşağını oğurlayıb.
«İslam dövləti» (İŞİD) qruplaşmasının döyüşçüləri terror aktlarının icrası üçün 1500 uşaq-kamikadze hazırlayıblar. Bu barədə «Alalam» telekanalı məlumat yayıb.
İraq yezidilərinin oğurlanması işləri üzrə idarədən aşağıdakı məlumatları bildiriblər:
«Son iki ildə 2600 yezidi kürd azad edilib, bununla yanaşı, yaraqlılar əsirlikdə 3700 adam saxlayırlar. Bundan başqa regionda islamçılar tərəfindən qətlə yetirilən 33 qardaşlıq məzarı aşkar edilib. Bu məlumatlar İŞİD-in İraqın əsasən kürdlərin yaşadığı Sincar şəhərinə nəzarətinin ikinci ildönümü ilə əlaqədar yayılıb. Bu yaşayış məntəqəsini ələ keçirən yaraqlılar minlərlə yezidi kürdü qətlə yetirib, qadınları isə qul ediblər».
Ayrı-ayrı nümunələrdə isə həmin uşaqlar yaxalanıblar. Məsələn, 2016-cı ilin avqustunda Türkiyədə kamikadzenin özünü partladaraq 51 nəfərin ölümünə səbəb olan terrordan bir gün keçməmiş növbəti terrorçu İraqda yaxalanıb. İŞİD tərəfindən zombiləşdirilən uşaq Kərkükdəki şiə məscidində terror törətmək istəyib. Messinin formasını geyinən uşaq İraq polisləri tərəfindən yaxalanandan sonra göz yaşlarını saxlaya bilməyib.
Təhlükəsizlik qüvvələrinə müqavimət göstərən kamikadze az vaxtda zərərsizləşdirilib. Qeyd edək ki, həmin vaxt Kərkükdə 2 kamikadze özünü partladıb. Ölüm halı qeydə alınmasa da, 3 nəfər yaralanıb. Adamaua əyalətinin Qombi şəhərində böyük bir bazarda törədilən terror aktında xeyli sayda insan yaralanıb. «Daily Trust»a məlumat verən hadisə şahidləri hücumu uşaq yaşlarında bir kamikadze terrorçu tərəfindən törədildiyini bildirib.
Uşaqları kamikadze düşərgələrində yetişdirirlər
Bu məsələdə diqqəti çəkən əsas məsələ «Uşaq kamikadze» düşərgəsi ilə bağlıdır. Belə ki, minlərlə insanın həyatına son qoyan İŞİD terror təşkilatı koalisiya qoşunlarının ağır texnika və silahlarını sıradan çıxarmaq üçün «Uşaq kamikadze» düşərgəsi yaradıb. Yaradılan düşərgələrdə yaşı 16-dan aşağı olan 300 uşaq yetişdirilib. Onlardan quru qoşunlarının yeridiləcəyi təqdirdə kamikadze kimi istifadə olunacağı bildirilir.
İngiltərənin nüfuzlu «The Daily Telegraph» qəzetinin verdiyi məlumata görə, yetişdirilən uşaqlardan sınaqdan uğurlu keçmək üçün tutulmuş əsirlərə işgəncə verilməsi və öldürülməsi tələb olunur. Nigeriyada «Boko Haram» üzvü olduğu bildirilən terrorçu uşaq kamikadze ən azı 20 nəfəri öldürüb. «Nigeria News» və «Daily Trust» qəzetlərinin xəbərlərinə görə, ölkənin bir çox şəhərində kamikadze hücumları təşkil edən Boko Haram terror təşkilatı bu dəfə bazarı hədəfə alıb.
Uşaqları niyə «canlı bomba» olaraq seçirlər?
Bu günə qədər bu cür «könüllü intiharçılar» əsasən gənc və orta yaşlılar arasından seçilirdi. Cins üzrə kateqoriyalaşdırdıqda isə kişilərin 60, qadınların 40 faiz olaraq seçilməsi diqqət çəkirdi. Bəs niyə uşaqlar? Seçimin onlardan yana edilməsinin səbəbi nədir?
«Yeni Müsavat» uşaqlardan ibarət «canlı bomba»ların necə seçilməsi, beyinlərinin «yuyulması», onların prosesə necə buraxılması ilə bağlı detalları araşdırıb.
Öncə ondan başlayaq ki, BMT Uşaq Fondu (UNİSEF) artıq bununla bağlı narahatlığını ifadə edən məlumat yayıb. Məlumata görə, Nigeriyada fəaliyyət göstərən «Boko Haram» adlı terror təşkilatı daha çox uşaq kamikadzelərdən istifadə etməyə başlayıb ki, bu da ciddi narahatlıq yaradır. Belə ki, törədilən hər 5 terror aktından 1-də məhz uşaq kamikadzelərdən istifadə olunur. Onlardan da 75 faizi azyaşlı qızlardır.
Təkcə 2015-ci ildə Kamerunda uşaq kamikadzelər 21 belə terror aktı törədib. Nigeriyada uşaqların törətdiyi teraktların sayı isə il ərzində 17 olub. UNİSEF-in məlumatına görə, bu teraktlarda 2 yaşdan sonra oğurlanan uşaqlardan daha çox istifadə olunur.
«Amnesty International» hüquq-müdafiə təşkilatının hesablamalarına görə, silahlıların əlində 2 minə yaxın uşaq var. Onlar seks xidməti həyata keçirməklə yanaşı, həm də terror aktlarında istifadə olunurlar.
Qeyd edək ki, «Boko Haram» 2002-ci ildə yaradılıb və əsasən Nigeriya ərazisində fəaliyyət göstərir.
Ötən il dünyada yayılan bir uşaq kamikadze görüntüsü isə dəhşətin özü idi. Belə ki, yetkinlik yaşına çatmayan Cəfər əl-Təyar «vəzifəyə» göndərilmədən öncə qorxusundan hönkürtü ilə ağlayır. Terrorçu-kamikadzenin ağladığı kadrları onun «həmkarları» şimali Suriyada lentə alıblar. Belə ki, xidmət etdiyi dəstə komandirləri ona partlayıcı maddə yüklənmiş zirehli maşına oturaraq düşmənin obyektini partlatmağı əmr ediblər. Terrorçunu son əmri yerinə yetirməzdən öncə son dəqiqələrdə çəkiblər, «The Times»in yazdığına görə, milliyyətcə özbək olduğu ehtimal edilən Təyyarın ölümə göndərilərkən onun nə dərəcədə qorxduğu üzündə ifadə olunur və o ağlayır. Cəfəri tapşırığa göndərməzdən öncə yaraqlılardan biri oğlanı özbəkcə ruhlandırmağa çalışıb və ona dəhşətli anlarda Allahı unutmamağı tapşırıb.
«Mən sadəcə qorxdum. Mən qorxuram ki, bacarmaram», - Cəfər əl-Təyyar cavab verib, amma tapşırığı yerinə yetirib. Digər fotoda güclü partlayış nəticəsində əmələ gələn göbələk əks olunur.
İraqın Mosul şəhərinə endirilən aviazərbələrin ardından İŞİD növbəti terror cəhdini həyata keçirib. İraqın təhlükəsizlik qüvvələri üzərinə partlayıcı bağlanmış 7 yaşlı uşağı saxlayıblar. Uşağın əynindəki «Çelsi» FK loqosu olan geyimin altında çox sayda naqillərlə bərkidilmiş dinamitlər gizlədilib. İraqlı döyüşçü uşağın qorxduğunu görüb, danışdıraraq adını və onu bura kimin gətirdiyini soruşub. Uşaq adının Uday olduğunu və onu buraya dayısı «Amo»nun göndərdiyini deyib. Hərbçilərin sözlərinə görə, uşağın bədəninə bombanı İŞİD terrorçuları bağlayıblar. Onların seçilmə prinsipi - digərlərindən fərqlənmirlər və arxalarında adam olmur.
Tarixdə uşaq əsgərlərdən ilk dəfə Vyetnam müharibəsində, kamikadze uşaqlardan İsrail-Fələstin münaqişələrində istifadə edilib. Hazırda isə uşaqların bomba olaraq ən çox istifadə edildikləri region Yaxın Şərq, ən çox uşaq əsgərə malik dövlət Myanmadır.
Terroristlər uşaq kamikadzeləri seçərkən bir neçə nüansa diqqət edirlər. Seçilənlərin tək önəmli oxşarlığı heç diqqət çəkməmələridir. Kənardan baxılanda sıradan insanlar, amma psixoloji analizləri ediləndə bu nəticələr ortaya çıxır. Onlar narsistdilər, tarixdə hansısa formada yer almaq arzusundadılar. Bundan başqa, hücumçu və aqressivdilər. Arxalarında əhəmiyyətli sayılacaq heç bir iz qoymurlar, yardım aldığı şəxslər barədə isə hər hansı məlumat vermirlər. Canlı bombaların əsasən gənc, uşaq və heç bir bağlantısı olmayan insanlardan ibarət olması, bəlli bir sosial məntiqi özündə əks etdirir: ölümləri yeri doldurula bilməyən bir boşluq yaratmır. Mütəxəssislər həmçinin deyirlər ki, terrorizm bəzi peşələr kimi gəlir gətirir və sosial «nüfuz» qazandırır.
Bundan başqa, terror təşkilatları qurbanları seçən zaman sentimental, spontan qərarlar verməyi sevən, təsir altına düşən tiplərə üstünlük verirlər. Bundan başqa, onların cəmiyyətdə özlərinə yer tapa bilməyən tiplər olması arzuediləndir. Aksiyaçıların içində özünü fəda etmə, bir qəhrəman olma duyğusu ön plana çıxa bilir. Bundan başqa, ciddi şəkildə sosial təzyiqi də yaddan çıxarmaq olmaz. Təzyiqin ana xətti aşağıdakı kimidir: «Bunu həyata keçirmədiyin zaman qrupun içində hörmət görən bir insan kimi yaşama şansın yoxdur».
Terror aksiyasından öncə canlı bombaların motivasiya olmaları üçün narsist yaralarını deşirlər, varlıqlarının təhlükə altında olduğu təkrar-təkrar vurğulanır. Bununla da daxillərində şiddətli bir hücumçu potensialı yaradılır. Sözügedən şəxslərin şüuraltına isə bu fikir yeridilir: «Sən bu aksiyanı həyata keçirməsən, burada da insan kimi hörmət görməyəcəksən. Amma bunu həyata keçirsən, həm qrup adına hərəkət edirsən, həm də özünü qəhrəman kimi tarixə salacaqsan».
İntihar terrorizminin altında «şəhid olma» inancı dayanır. Başqa sözlə, bunu hisslərin pis əməllər uğrunda söndürülməsi də adlandırmaq mümkündür. Adət-ənənələrlə yetişən dindar insanlar o biri dünya ilə bağlı vədlərə daha asan inanırlar. İnancları da budur: ən böyük mükafat onların olacaq, həm cənnətdə, həm də öldükdən sonra yer üzündə, qəhrəman mərtəbəsinə yüksələcək, ölümsüz olacaqlar....
15 yaşlı kamikadzenin valideyninə məktubu: «Mən evlənmək istəyirdim, amma siz qoymadız...»
İraqın Mosul şəhəri yaxınlığında İŞİD-dən azad olunmuş təlim mərkəzində özünü ötən il partladaraq onlarla insanın ölümünə səbəb olan 15 yaşlı kamikadzenin valideynlərinə yazdığı məktub aşkar olunub. Məktubda 15 yaşlı Əla ABd əl-Akidi kamikadze olmasının səbəblərini belə izah edib: «Mənim əziz ailəm, bağışlayın məni. Qəmlənməyin və qara matəm geyimi geyinməyin. Mən evlənmək istəyirdim, amma siz qoymadınız. İndi isə Allahın izni ilə cənnətdə 72 hüri ilə evlənəcəm».
Bu məktub öz ünvanına çatmayıb və digər onlarla məktub kimi İŞİD-in tərk etdiyi düşərgədə qalıb.