«AŞ PA sədri Pedro Aqramunt üzvlərin əhəmiyyətli sayının xahişlərini nəzərə alaraq, onun Suriyaya bu yaxınlardakı səfəri ilə bağlı Məclisin bütün üzvləri üçün açılmış dinləmələrdə iştirak etməyə razılaşıb», - deyə sənəddə qeyd edilir.
Dinləmələr sabah-çərşənbə axşamı keçiriləcək.
***
15:17
AŞ PA-nın yaz sessiyasının işi dayandırılıb.
Bu barədə RİA Novosti xəbər yayıb.
Səbəb isə Suriyaya səfəri üzündən AŞ PA-nın rəhbəri Pedro Aqramunta etimada dair məsələnin-istefanın nəzərdən keçirilməsi haqqında üzvü olduğu Avropa Xalq Partiyasının iclasında səslənən təkliflər olub.
Ukraynadan olan deputat Borislav Bereza canlı efirdə bildirib ki, AŞ PA sədri çoxsaylı istefa tələblərindən sonra partiyanın iclasından qaçıb.
Baxmayaraq ki, AŞ PA sədri Pedro Aqramunt özü qurumun yaz sessiyasının açılışında bəyan etmişdi ki, Suriyaya səfəri yanlış addım idi: «Nəticəsini nəzərə alaraq, bu səfərin yanlış olduğunu qəbul edirəm».
Virtualaz.org-un məlumatına görə, o həmçinin əlavə etmişdi ki, Assambleyada da bu səfər narazılıqla qarşılanıb: «Bəyan etməliyəm ki, bu səfər təşkilatımızı çətin suallar qarşısında qoydu. Bu səhər Büronun iclasında həmin səfərə aydınlıq gətirdim».
Xatırladaq ki, rusiyalı parlamentarilərdən ibarət nümayəndə heyəti AŞ PA sədri P.Aqramuntla birgə mart ayında Suriyaya səfər etmiş, prezident Bəşər Əsədlə və sakinlərlə görüşlər keçirmişdi.