Əldə edilən informasiyaya görə, yüksək şəkər və qan təzyiqindən əziyyət çəkən H.Sasaniyan səhhəti qəflətən pisləşdiyi üçün zindanın poliklinikasına aparılıb.
Fəal qan təzyiqinin yüksək olduğu və çətinliklə kontrol olunduğunu bildirib.
H.Sasaniyanın müvəqqəti saxlanma müddəti 12-ci aydır ki, Təbrizin İnqilab Məhkəməsi tərəfindən uzadılır. Fəal, uzun müddətdir qanunsuz və qeyri-müəyyən vəziyyətdə saxlanıldığına etiraz olaraq aprelin 3-də aclıq aksiyasına başladı, məhkəmə aksiyanın 5-ci günündə fəalın müvəqqəti azadlığa buraxılması üçün 1 milyard tümənlik mülki vəsiqə qərarı çıxardı, lakin onun ailəsi yüksək məbləğdə olan vəsiqəni təmin etmək imkanına malik deyil.
Böyrək, yüksək şəkər və qan təzyiqi xəstəliyindən əziyyət çəkən fəalın şəhər xəstəxanasında müalicə olunmasına icazə verilmir.
H.Sasaniyan 2016-cı il mayın 15-də daha 5 fəalla birlikdə Ərdəbildə saxlanılıb. Fəalın nədə ittiham olunduğu dəqiq olaraq məlum olmasa da, onun Azərbaycan-Ermənistan münaqişəsi və bu məsələ ilə bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulduğu deyilir.
43 yaşlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.