- Orxan bəy, oğullar çox vaxt atalarının yolunu gedir. Bu mənada heç içinizdən yazmaq eşqi keçibmi?
- Uşaqlığımın kiçik bir mərhələsi istisna olmaqla, heç zaman jurnalist olmağı arzulamamışam. Təbii ki, mütaliəni və yazmağı sevirəm və bunda atamın önəmli rolu olub. Onun şəxsi kitabxanası erkən yaşlarımdan mənə açıq olub. Ədəbi zövqümün formalaşmasında təməl təsirlər atamdan gəlir. Ədəbi zövq həyatın müxtəlif mərhələlərində məzmunca dəyişir, yeni meyllər yaranır, yaşadığın mühit və ünsiyyətdə olduğun insanlar yeni maraqları ərsəyə gətirir.
- Təməl təsirlər dedikdə nəyi nəzərdə tutursuz? Yəqin ki, müşahidələrinizi qələmə aldığınız məqamlar istisna deyil.
- Daha çox oxumaq vərdişi və ənənəsinin formalaşmasını nəzərdə tuturam. İxtisasca hüquqşünasam. Öz sahəm üzrə ingilis dilində məqalə və şərhlər yazıram. Məni peşəkar-akademik kontekstdə maraqlandıran sahələr var. Eləcə də hobbi kimi qəbul etdiyim sferalar var ki, bu istiqamətlərdə yazıram. Amma bu, jurnalistika deyil. Bəzən öz yaxın əhatəm və dostlarımla müşahidələrimi qısa yazılar şəklində paylaşıram. Şəxsi xatirələrimi, gündəlik həyatda və səyahətlər zamanı gördüklərimi qeydə alıram. Bir sözlə, yazmağı sevirəm. Həftə sonlarını Londonun müxtəlif kitab mağazalarında keçirə, sonra isə qəhvənin müşaiyətində uzun saatlar oxuya və yaza bilərəm. Bu, təbiətimə çox uyğundur. Ümumi intellektual meyl, oturuşmuş və zövq mənbəyinə çevrilmiş vərdişlər var, amma jurnalistika fəaliyyətindən söhbət gedə bilməz.
- Təhsilinizi İngiltərədə aldıqdan sonra karyeranızı Azərbaycanda qurmaqdan vaz keçmisiniz. Hüquqşünas olaraq niyə İngiltərəni seçdiniz?
- İnsan öz həyatının müxtəlif mərhələlərində vəziyyəti təhlil edib ona uyğun qərarlar qəbul edir. Hər hansı verilmiş qərar vəziyyətin təhlili ilə əlaqədardır. Gələcəkdə vəziyyətin necə olacağını bilmək indiki şəraitdə mümkün deyil. Düşünürəm ki, insanın öz ölkəsinə, vətəninə olan münasibəti onun hansı coğrafi məkanda olmasından asılı deyil. İnsan hər zaman hər yerdə öz ölkəsinə fayda verə bilər. Vətəninə bağlılığını hiss edib ona uyğun addım ata bilər.
- Heç fərqinə varmısınızmı, atanızın hansı xüsusiyyətləri sizdə var? Sizcə, Əflatun Amaşov bir ata kimi daha çox tələbkardı, yoxsa jurnalist kimi?
- Bəli, düşünürəm ki, tam identik olmasa da, müəyyən xüsusiyyətləri göstərmək olar. Qeyd oluna biləcək oxşarlıqları şərtləndirən əsas amil bizim uşaqlıdan dost olmağımızla bağlıdır. Bu dostluq çərçivəsində atamdan bir çox keyfiyyətləri öyrənmişəm və öyrənməkdə davam edirəm. Uşaqlıqda hər zaman mənə maraqlı olan mövzular, tarix barəsində atamla geniş ünsiyyət imkanlarımız olub. Məsələn, məndə erkən formalaşan tarixi təfəkkür rüşeymləri atamın təsiri ilə bağlıdır. Ona görə də atamın yalnız valideyn kimi tələbkarlığından bəhs edə bilərəm. Onun münasibəti mənim şəxsiyyətimin bütövlüyü və fərdi azadlığımın qorunması şərti ilə intizam, tələbkarlıq və daim seçim imkanlarının tanınmasından ibarət olub. Xatirimdədir ki, 7-8 yaşım olanda televizorda fransız inqilabından bəhs edən bədii film gedirdi. Təbii ki, həmin filmin məzmununu o vaxt anlaya bilməzdim. Amma oradakı əsgərlər, Milli Konvensiyada çıxış edənlər məndə uşaq entuziazmı yaratmışdı. Atam mənə o zaman prosesləri anlayacağım dildə və səviyyədə izah etməyə başladı. Maksimilan Robespyer və Napoleon Bonapartın həyatına həsr olunmuş kitablar aldı. Həmin kitabları hər axşam evə gələndə hissə-hissə oxuyar və izah edərdi. Bu yalnız kiçik illüstrativ nümunədir. Bu cür məqamlar 7-8 yaşlı insanın həyatına mühüm təsirlər edir. Müəyyən bir düşüncə sahəsi fərdin qarşısında açılır. Atam hər zaman mənim intellektual varlıq kimi böyüməyimə, xüsusilə də dərslərimə diqqət yetirərdi. Bir dəfə soyuqladığıma görə iki həftə məktəbə getməmişdim və riyaziyyatdan çox axsayırdım. Atam mənim çətinliklərimi görüb dedi ki, əgər intizam və davamlılıq nümayiş etdirsəm, nəinki bir aya, iki həftə ərzində itirdiklərimi bərpa edə, eləcə də, həmin il üçün nəzər də tutulan proqramı onun dəstəyi ilə yekunlaşdıra bilərəm. Elə də oldu. İşdən tez gələndə və həftə sonları mənimlə məşğul oldu. Qısa zamandan sonra artıq sinif yoldaşlarımdan xeyli qabaqda idim. Hətta atamın sayəsində ikinci sinifdə oxuyanda artıq üçüncü sinfin riyaziyyat proqramını tam olaraq mənimsəmişdim.
Müstəqil şəkildə formalaşmış ənənələr var ki, orada oxşarlıqlar müşahidə oluna bilər. Məsələn, yaxın dostlarıma kitab hədiyyə etməyi sevirəm. Atamda da bu xüsusiyyət var. Mən atamdan fərqli olaraq oxuduğum nüxsəni heç kimə bağışlamıram. Bir neçə ay öncə, Tomas Hardinin «The Mayor of Casterbridge» əsərini oxuyurdum. Yaxın dostum kitabımı görüb nəzər saldı və xahiş etdi ki, bitirdikdən sonra ona oxumağa verim. Bu nüsxəni ona verə bilməyəcəyimi, amma onun üçün kitab mağazasından yeni nüsxə almağın mənim üçün zövq olduğunu dedim və elə də etdim. Atam isə həmin nüsxəni dostuna hədiyyə edərdi. Bu misalı ona görə gətirdim ki, burada oxşar ənənədən söhbət gedir – dosta və yaxınlara kitab hədiyyə etmək. Amma prinsipial fərq də var, məndə mülkiyyətçilik hissi daha güclüdür.
- Belə başa düşdük ki, atanız heç vaxt jurnalist olmağınızla bağlı göstəriş verməyib! O zaman bir ata kimi sizə tövsiyələri nədən ibarət olub?
- Uşaqlıqdan və erkən yeniyetməlik illərindən atama verdiyim bütün suallara aldığım cavablar dolğun olsa da, heç bir zaman onun məni özü kimi düşünməyə çalışmasını müşahidə etməmişəm. Adətən, atam mənə öz baxış bucağını açıqladığını və əsl cavabın fərqli ola biləcəyinin mümkünlüyünü çatdırıb. Təbii ki, bu erkən yaşlardan insanı doqmatizmdən qoruyur, azad və tənqidi düşüncənin formalaşması üçün zəmin yaradır. Dostluq, sadiqlik, çətin və ziddiyyətli məqamlarda emosional yüklü təsirlərdən azad olub rasional qərarlar qəbul etmək bacarığı bu gün məndə varsa (düşünürəm ki, təkmillikdən çox uzaq olsa da, müəyyən qədər var), onun nüfuzu danılmazdır. Təbiətcə impulsiv və mübarizəni sevən insanam. Düşünürəm ki, ekstremal hallarda emosional resursları konsolidasiya etmək xüsusiyyətini atamdan öyrənmişəm. Gərginlik, ehtiras insanın daxilindədir, zahirən görünməyə də bilər. Həmin xüsusiyyətlərin daxildə mövcudluğu və lazımi istiqamətə yönləndirilməsi fərdin məqsədyönlü işi üçün müstəsna əhəmiyyətlidir. Atam da mənə erkən qiymətləndirmələrdən qaçmağı, insanlara sayqı göstərməyi, onların davranışlarını soyuqqanlılıqla müşahidə edib yekun dəyərləndirmələr etməyi məsləhət bilib. Hər zaman, elə indinin özündə də mənə «hər çətin vəziyyətdən ən azı iki çıxış yolu var, onlardan birini tapmalısan» deyir. Son sözü öncədən deməməyi, heç bir vaxt çətinlik və əziyyətdən qorxmamağı tövsiyə edir. Bütün bunları dedikdə öz həyatından olan misallara müraciət edir, ya da mənim sevdiyim bədii obraz və tarixi şəxsiyyətlərin həyatlarına istinad edir. Bizim söhbətlərdə arqument rasional mühakimə ilə başlayır. Əlavə əsaslandırmalara gəldikdə, mənə emosional təsir yükünün çox olduğunu yəqinləşdirdiyi ədəbi-tarixi nümunələrə yer verir. Mənim ədəbi zövqümü və tarixi maraqlarımı çox yaxşı bildiyi üçün ən təsirli məqamlara işarə edir. Daxilən məni düşündürən və ciddi narahatlıqların olduğu vəziyyətlərdə daim atamla ünsiyyət mənə dəstək olub. O, mənim ən yaxın dostumdur.
- Ən yaxın dostunuz olan atanız «Yeni Müsavat» qəzetinə müsahibəsində deyib ki, artıq baba olmağın vaxtıdır. Orxan bəy, sizcə, subaylığın daşını atmağın vaxtı deyilmi?
- Düzü, atamın müsahibəsini oxumamışam. Düşünürəm ki, həmin mövzuda atama sual verilib. O da həmin suala uyğun cavab verib.
- Atanızla çox yaxın dost olduğunuzu dediniz. Nə vaxtsa toy etmək məsələsində dostcasına fikir mübadiləsi aparmısınızmı?
- Sözsüz ki, hər bir valideyn öz övladının gələcəyi ilə bağlı düşünür. Müəyyən narahatlıqlar keçirir. Düşünürəm ki, hər bir məsələ müəyyən zaman çərçivəsində öz həllini tapır. Bu barədə bundan artıq nəsə deyə bilmərəm.
- Aprelin 26-sı Əflatun Amaşovun 60 yaşı tamam olacaq. Sirr deyil ki, hər kəs doğum gününü bir cür keçirir. Bəs, atanızın doğum günü planları necədir?
- Atam ad gününü geniş miqyasda keçirməyi sevmir. Adətən ona ruhən yaxın və dogma insanların əhatəsində olmağa üstünlük verir. Xatırlayıram ki, 50 yaşını nisbətən geniş miqyasda keçirmişdi. Londonda yaşadığımdan atamın doğum günlərini adətən onunla bir yerdə qeyd edə bilmirəm. Bu il şadam ki, onunla birlikdə Bakıda olacam.