Vaxt.Az
«Biz seçim qarşısında deyilik»
Novruz Məmmədov Vilnüs sammitindən danışdı
Prezident Administrasiyasının (PA) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı sammitinin yekunlarını şərh edib. PA rəsmisi virtualaz.org saytının əməkdaşı ilə söhbətində bildirib ki, sammitdən sonra regiondakı geosiyasi vəziyyət Azərbaycan üçün aydınlaşıb.
Xatırladaq ki, N.Məmmədov Vilnüs sammitində prezident İlham Əliyevi müşayiət edirdi.N.Məmmədov bildirib ki, Azərbaycan öz milli maraqlarına uyğun uğurlu siyasət yürüdür: «Dövlət başçısı sammitin plenar iclasında çıxış etdi və onun çıxışı sammit iştirakçıları arasında böyük maraqla qarşılandı. İlham Əliyev Vilnüs sammiti çərçivəsində 10-dan çox ikitərəfli görüş keçirdi. O, İspaniyanın, Böyük Britaniyanın, Latviyanın və s. ölkələrin baş nazirləri ilə, habelə Fransa və digər ölkələrin prezidentləri ilə görüşdü».
N.Məmmədov deyib ki, Vilnüsdə Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsinə dair sazişin imzalanması Azərbaycan milli musiqisinin sədaları altında baş verdi.
«Azərbaycan başqa ölkələr kimi kiməsə gözünü dikməyib və müstəqil siyasət aparır. Biz bundan sonra da bu yolu davam etdirəcəyik» - deyə o bildirib.
N.Məmmədov vurğulayıb ki, Vilnüs sammitindən sonra regiondakı geosiyasi vəziyyət Azərbaycan üçün aydınlaşıb: «Şərq Tərəfdaşlığının 6 üzvündən ikisi - Gürcüstan və Moldova Avropa İttifaqının xeyrinə geosiyasi seçimlərini etdilər. Ermənistan və Belarus da öz seçimini etdi. Ukrayna ilə bağlı qeyri-müəyyən vəziyyət yarandı. Azərbaycanın siyasəti isə Avropa İttifaqının bütün ölkələri tərəfindən yüksək qiymətləndirildi».
N.Məmmədovun sözlərinə görə, bəzi rusiyalı deputatların və ekspertlərin Azərbaycanın Avropa İttifaqı və Avrasiya İttifaqı arasında seçim etməli olduğuna dair bəyanatlarına fikir vermək lazım deyil.
«Biz müstəqil siyasət yürüdürük və bu həm xalqımıza, həm də xarici tərəfdaşlarımıza aydındır. Biz heç vaxt bu və ya digər addım atmamışıq, yaxud elə bəyanat verməmişik ki, sonradan ondan imtina etməyə məcbur olaq» - deyə o bildirib.
Dağlıq Qarabağ münaqişəsi barədə danışan N.Məmmədov bildirib ki, Azərbaycan Ermənistanın bəyanatlarına yox, hərəkətlərinə qiymət verəcək: «Lakin biz bunu vacib fakt hesab edirik ki, iki ölkə prezidentləri 2 ildən sonra ilk dəfə görüşdülər. Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına həmişə sadiq olub. Baxaq görək Ermənistan nə dərəcədə buna sadiqdir. Yaxud yenə də əvvəlki kələklərinə əl atacaq».
30.11.2013 çap et