- Əvvəla, sizi toyunuz münasibətilə təbrik edirəm. Yeddi arxa dönənindən bəri heyvansevər bir müxbir kimi ölkəmizdə belə xoşbəxt itlərin varlığına sevindiyimi bilməyinizi istərdim. Necə oldu ki, evlənmək qərarına gəldiniz?
- Çox sağ ol, qardaş. Sözün düzü, bizim bir neçə ildi münasibətimiz var. Qalib müəllim sağ olsun, nəhayət, bu il toyumuzu elədi. Bir sahib kimi ona burdan «çox sağ ol» deyirik, öpürük. Bilirsiniz, bizim camaat belə şeylərə bir az pis baxır. O saatı vedrə bağlayırlar. Orda-burda haqqımızda söz-söhbət yayırdılar. Sahib də dedi, gəlin sizə toy eləyim, söz-söhbət yığışsın.
- Yəqin, xəbəriniz var, haqqınızda çox şeylər yazıldı. Burdan barənizdə danışanlara nə demək istərdiniz?
- Hər şeydən əvvəl, hav, hav və hav. Yəni biz hürürük. Karvan özü bilər. İkincisi də, bizi qınayanlara bizim paxıllığımızı çəkir. İki itin xoşbəxtliyini qısqanırlar. Hər gün onlarla həmsortlarımızı küçələrdə güllələyirlər. Biz bir dəfə görmədik ki, küçələrdə öldürülən itlərdən də yazsınlar. Bu gün ölkədə onminlərlə it qardaş-bacılarımız yeməyə bir tikə çörək tapmırlar, küçələrdə qalıblar, başlarını soxmağa bir dənə uçuq it damı da yoxdu. Siz bir yan məhləyə keçin, zibil yeşiklərinin ətrafı doludu bizim it qardaş-bacılarımızla. İnandırım sizi, onları görəndə yediyimiz də zəhər olur, boğazımızdan keçmir. Vallah, bizim də ürəyimiz var. İt ürəyi.
- Biz insanlara nə demək istərdiniz?
- Biz təklif edərdik ki, bir dəfə də o kasıb soydaşlarımızın dərdlərini çəkin, yazın. Lazımdısa, Gümüşün nömrəsini verim, özüylə danışın. İt kasıbıdı, adının Gümüş olmağına baxma. Dəhşətli həyat dramı var. Manşetlikdi. Yaşadığı biri var idi, o alçaq da 5 küçüklə atıb getdi. 5 küçüklə zibilliklərdə yaşayır yazıq qız (kövrəlib zingildəyir).
- Toyunuz barədə nə deyə bilərsiniz bəs? Hər şey ürəyinizcə oldu?
- Yenə deyirik, Qalib müəllim sağ olsun. Hər şey ürəyimizcə idi. Tortumuz, aşımız, aşığımız. Burdan aşığımıza da salam deyirik. Sazından öpürük. Sahibimiz bizə hər şəraiti yaratmışdı. Axşam evə gedəndə də arvadı aldım qucağıma, keçdik qırmızı güllərlə bəzədilmiş otağımıza.
Nə deyək, buna da şükür. Adam var, heç bunu da tapmır.
Qalib müəllim kimi sahiblər nə qədər çox olsa, ölkəmiz üçün də o qədər yaxşıdır. Allah (Azərbaycanda it «Allah» dedi - SENSASİYA) bizim ömrümüzdən alıb, Qalib müəllimə calasın. Hər gün onun üçün üzüyuxarı hürürük.
- Son olaraq, it kimi yaşayanlara mesajınız nədir?
- Mən özüm illərin itiyəm. Xeyli də hürmüşəm. Ancaq vallah, çox hürməkdən xeyir gəlmir. İt kimi yaşayan it qardaşlarımıza burdan mesajımız odur ki, doğru yerdə doğru şəkildə quyruq bulamağı bacarsınlar. Bu saat dünya elədi ki, quyruq bulamayana məmə yoxdu. Quyruq bulamaq vacibdi. Hamınızı öpürük. Hav-hav.
Redaksiyadan: Bu material Lent.az-ın dünən ölkə gündəmini zəbt etmiş «it toyu» hadisəsinə özünəməxsus münasibətidir. Sırf təxəyyül məhsulu olub, «it toyu» olayına və cəmiyyətin buna reaksiyasına fərqli baxışdır.