Bəzi xəbər saytları və sosial şəbəkə istifadəçiləri bu qanunla Prezident Administrasiyasının ləğv ediləcəyini anons ediblər.
Məsələ ətrafında yaranmış suallarla bağlı «Konstitusiya» Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a açıqlama verib.
«Dövlət qulluğu haqqında» Qanuna əlavələri şərh edən hüquqşünas deyib ki, burada söhbət Prezident Administrasiyasının ləğv edilməsindən getmir:
«Prezident Administrasiyası heç bir halda ləğv edilə bilməz. Məntiqlə prezident varsa, onun administrasiyası da olmalıdır, bu məntiqdir. Prezident Administrasiyası konstitusion təsisatdır. Qanunda edilən dəyişikliklə Administrasiyanın ləğv edildiyi fikrini səsləndirlənlərin ya qanundan xəbəri yoxdur, ya hüquqi təchizatlar sistemini başa düşümürlər. Burada hər hansı ziddiyyət yoxdur. Bu idarəetmənin təkmiləşdirilməsi istiqamətində aparılan islahatlardan, referendumdan doğan nəticədir. Burada hüquqi tamamlanma prosesi gedir. Ölkə başçısı hələ referendumdan sonra göstəriş vermişdi ki, 6 ay müddətində müvafiq strukturların yaradılması həyata keçirilsin. Bu da həmin proseslərdir».
Ə.Nuriyev bildirib ki, birinci vitse-prezidentlik təsisatının hüquqi təminatlarının həyata keçirilməsi üçün müəyyən aparata malik olması vacibdir
«Mehriban xanım Əliyeva Prezident İlham Əliyev tərəfindən Azərbaycanın birinci vitse-prezidenti təyin olunub. Birinci vitse-prezidentliyin işinin təşkili ilə bağlı müvafiq aparatın yaradılmasına ehtiyac var idi. Ona görə də «Dövlət qulluğu haqqında» qanuna dəyişikliklər edildi. İdarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılmasına qərar verildi. Birinci vitse-prezident dövlət qulluğunda Azərbaycan Respublikası prezidentindən sonra ikinci şəxsdir. Ona görə də təsisatın hüquqi təminatlarının həyata keçirilməsi üçün müəyyən aparata malik olması vacibdir».
Milli Məclis bu gün «Dövlət qulluğu haqqında» Qanuna əlavələr edib. Bu əlavələr əsasən, idarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır.
İnzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir.
Yardımçı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir.