Vaxt.Az

Bu qatarın dalınca baxma


 

Bulvardakı paravozların günlük qazancı, Bakı-İstanbul reysindən çox olur

Bu qatarın dalınca baxma İlin bütün fəsillərində qonaqlı-qaralı olan Bakı bulvarı qışın soyuğunda da adamla qaynayır. Yaxınlarınızla burada dincəlmək, gəzintiyə çıxmaq könlünüzdən keçirsə, onda əliniz cibinizdə olsun. İşdir, birdən övladınız avtodromda maşın sürmək, “şeytan təkəri”nə minmək, “Möcüzələr dünyası”nda, heyvan fiqurlu karusellərdə əylənmək istəsə, o zaman hər birinə 2 manat ödəməli olacaqsınız. Yox, könlünüzdən yemək, çay içmək və s. keçsə, adi qiymətindən iki dəfə çox pul ödəyib qarnınızı doyura bilərsiniz. Kafelərdəki bahalığın səbəbi isə sahiblərinin dediyinə görə, icarə haqqının yüksək olmasıdır.

Yaşlılar fayton istəyir, cavanlar müasir maşın...

Milli Parkda bir çox yeniliklərlə yanaşı gəzintiyə gələnlərin ixtiyarına parovozlar da verilib. Bu parovozlar kiminə görə xoş, kiminə görə isə qəbulolunmazdır. Hər həftəsonu dəniz sahilinə hava almağa gələn 63 yaşlı təqaüdçü Nadir bəy öz təəssüratlarını bölüşür: “Şəhərin gün-gündən abadlaşdırılması təqdirəlayiqdi. Uşaqlıq illərim burda keçib. Onda hər şey başqa idi. Heyf burdakı faytona qoşulmuş atlardan. Bakının köhnəliyini onlara baxıb hiss etmək olurdu”.
Biz də bu parovozların birinə oturub bulvarı gəzdik. Yolboyu sürücü ilə söhbətləşdik. Deyir ki, bulvarda 2 parovoz var: “Onlardan biri saat qülləsindən karusellərin yanınadək işləyir. Digəri isə əks istiqamətdə. Haradasa 4-5 kilometrlik yolu gedib-qayıtmaq üçün böyüklər 2, uşaqlar isə 1 manat ödəməlidir”.
Sürücü deyir ki, bulvarda yalnız bir fayton qalıb. Parovoza minib uşaqlarını gəzdirən valideynlər də bunun çox gözəl bir minik olduğunu düşünür. Qeyd edək ki, parovozlara “Şən avtoqatar” deyirlər. Bunu da sürücü deyir: “Bu adı Bulvar İdarəsinin əməkdaşları qoyub. Nə anlam verdiyini mən də bilmirəm. Parovozlar İtaliya istehsalıdır və qiyməti də bahadır. Ancaq neçəyə alındığından xəbərsizəm. İçində kondisioner var. Dizellə işləyir. Digər maşınları necə sürürüksə, bunu da elə idarə edirik”.
İdarənin əməkdaşı buradakı digər mobil maşınlar haqda da məlumat verdi. Dedi ki, hazırda Milli Parkda Almaniya istehsalı olan “Mercedes” markalı 4 ədəd iri (zibilyığan, yük daşıyan, qaldırıcı və suvaran), 11 ədəd isə elektromobil var. Elektrik enerjisi ilə işləyən, ekoloji baxımdan səmərəli sayılan balaca maşınların biri yer süpürür və zibili avtomatik olaraq yığır (tozsoran tipli), biri yük daşıyır, digəri bulvara istirahətə gələn vətəndaşları gəzdirir.
İdarənin Rüstəm adlı əməkdaşı deyir ki, mobil maşınlar xarab olmur: “Amma onların əsas bir hissəsi var ki, 6 aydan bir dəyişdirilməlidir. Elektromobil yükdaşıyan maşın 5 tona qədər yük götürə bilir. Vətəndaşların gəzintisini təşkil edən balaca maşınlara isə sürücü ilə birlikdə altı nəfər əyləşə bilər”.
Sonra buradakı ailəvi velosipedlə də bulvarı gəzib-dolaşdıq. 20 dəqiqəsi 5 manat olan bu velosipedlərə tələbat daha çoxdur. Bunu da idarənin əməkdaşı söylədi. Velosipedlə ailəvi gəzintiyə çıxan Türkiyə vətəndaşları da razılıq etdi: “Velosipedlə gəzmək daha gözəldir. Həm təmiz hava alırıq, həm də bizə ləzzət edir. Artıq sayğacımız 15 manat yazıb. Amma velosipeddən düşmək istəmirik”.

Nazim Məcidov: “Prezidentin bulvarda gəzdiyi maşından daha üçünü və restoran-gəmi sifariş vermişik”

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun xidməti mobil maşınında da gəzdik. O, bizi bulvardakı yeniliklərlə tanış etdi. N.Məcidovun sözlərinə görə, bulvarın ərazisi “Eurovision” müsabiqəsinə kimi Əl Oyunları İdman Sarayından Bayraq Meydanı istiqamətində 3 km uzadılacaq: “Gələcəkdə isə bu ərazidə istirahət obyektlərinin, attraksionların da quraşdırılması istisna deyil. Şəhər sakinləri artıq 7 km-lik ərazidə gəzə biləcək”.
Daha bir yenilik isə dəniz gəzintisini sevənlər üçündür. Belə ki, artıq Xəzərdə gəzinti üçün 3 yeni gəmi fəaliyyət göstərəcək. Rəis müavini sifariş verilən gəmilərin Türkiyədə yığıldığını dedi: “Onlardan ikisi gəzinti gəmisidir. Gəmilərdən biri 45, digəri 60 nəfərlik olacaq. Üçüncü gəmi isə restoran kimi fəaliyyət göstərəcək”.
Yeniliklər arasında “Park Bulvar”ın qarşısındakı ikinci estakada və Venesiya şəhərciyinin açılışı da var. Rəis müavini bütün bu işlərin mart-aprel aylarında yekunlaşacağını söylədi. O, prezidentin bulvarda gəzdiyi maşın haqqında da məlumat verdi. Dedi ki, bu maşın bulvarda istifadəyə veriləcək. Almaniya istehsalı olan “Lenotravel” adlı maşının hazırda sistemi yığılır: “Bulvar İdarəsi həm qatarlar, həm də xüsusi maşınlar sifariş verib. Artıq bu maşınlardan biri gətirilib. 3 ədəd də gətiriləcək. Bir müddət əvvəl bu maşınla prezident də bulvar ərazisində aparılan işlərlə tanış olmuşdu”.
Bu maşınların içində hər bir şəraitin olduğunu deyən N.Məcidov onun qiymətini açıqlamadı: “Full salondur - kreslosu, televizoru, pərdəsi, kondisioneri var. 3 qatardan ibarətdir. Xarici mütəxəssislər onun sistemini quraşdırıb. Tam hazır olduqdan sonra sərnişinlərin ixtiyarına veriləcək. Qiymətinə gəlincə, onun neçəyə alındığını bilmirəm. Yəqin ki, yaxşı şeyin qiyməti də baha olar”.
N.Məcidov bu maşınların sərnişinləri neçəyə daşıyacağını da söyləmədi: “Qiymət hələ təyin edilməyib. İstifadəyə verildikdən sonra açıqlanacaq”.
Mühafizə xidmətinin əməkdaşları tərəfindən qorunan bu maşının üstü çadırla örtüldüyündən idarə rəsmisi ona baxa bilməyəcəyimizi söylədi. İdarənin adının çəkilməsini istəməyən əməkdaşları deyir ki, maşının sistemi sıradan çıxdığı üçün onun sistemini düzəltməyə çalışırlar. Qiymətinə gəlincə, onlar da maşının baha alındığını bildirdi.

 





26.01.2012    çap et  çap et