Vaxt.Az

«İqtisadiyyatımızın əsas sektorları strateji yol xəritələrində göstərilib»


 

Əli Həsənov: «Sahibkarlığa dövlət qayğısı müxtəlif sahələrdə özünü büruzə verir»

«İqtisadiyyatımızın əsas sektorları strateji yol xəritələrində göstərilib» «Tarixi təcrübə sübut edib ki, xüsusi mülkiyyətə, özəl təşəbbüslərə, işgüzarlığa, azad biznes fəaliyyətinə və rəqabətə əsaslanmayan hər hansı iqtisadi model səmərəli ola bilməz».

«Trend»in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun «Biznes həyatı« jurnalında dərc olunan məqaləsində deyilir.

Ə.Həsənov qeyd edib ki, sahibkarlığın dəstəklənməsi Azərbaycan dovlətinin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən birini təşkil edir: «Dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi, iqtisadi qanunvericiliyin, inzibati prosedurların və institutsional mexanizmlərin təkmilləşdirilməsi, biznes subyektləri arasında işgüzar əlaqələrin inkişafi, sosial-iqtisadi proqramların həyata keçirilməsi və digər ardıcıl tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizi ötüb, məşğul əhalinin 70 faizdən çoxu bu sektorda cəmləşib».

PA rəsmisi bildirib ki, Azərbaycanda sahibkarlığa göstərilən dövlət qayğısı müxtəlif sahələrdə özünü büruzə verir. Azərbaycan Prezidenti İlham Əliyevin Saatlıda pambıqçılığın inkişaf məsələlərinə həsr olunmuş respublika müşavirəsində qeyd etdiyi kimi bu sahədə xüsusi əhəmiyyət daşıyan amil dövlət başçısının ardıcıl siyasi dəstəyinin olmasıdır. Prezident İlham Əliyev tez-tez sahibkarlarla görüşür, onların problemlərinin həlli yönündə tapşırıqlar verir, iş adamlarını ölkə iqtisadiyyatına daha böyük sərmayə yatırmağa həvəsləndirir.

Ə.Həsənov yazır ki, qlobal iqtisadi böhranın təsirləri, dünya bazarında konyuktur və qiymət tərəddüdləri dövlətin iqtisadi siyasətində nəzərə alınaraq, vaxtında və adekvat addımlar atılır: «Hazırda bu siyasətin əsas qayəsini ölkə iqtisadiyyatının şaxələndirilməsi, neftdən asılılığın aradan qaldırılması təşkil edir. Son vaxtlar biznes və investisiya mühitinin yaxşılaşdırılması iqtiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısı milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini təsdiq edib. Şübhə yoxdur ki, bu sənədlərdə nəzərdə tutulan tədbirlərin reallaşdırılması sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verəcək».

 





26.04.2017    çap et  çap et