Vaxt.Az

Vüqar Bayramov Vilnüsdə həmsədr oldu


 

Gənc alimimiz Vətəndaş Cəmiyyəti Forumunun tarixində ilk azərbaycanlı rəhbərdir

Vüqar Bayramov Vilnüsdə həmsədr oldu Litvanın paytaxtı Vilnüsdə Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramında ölkəmiz üçün qürurverici hadisə baş verib. Beləki, tanınmış iqtisadçımız Vüqar Bayramov növbəti il üçün adıçəkilən proqramın Vətəndaş Cəmiyyəti Forumunun həmsədri seçilib. Bu barədə iqtisadçının özü məlumat verib. Forumun Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən İdarə Heyətinin yığıncağında qurumun sədrliyi postuna 5 namizəd olub. İqtisadçımızın da qatıldığı gizli səsvermədə aşağıdakı nəticə qeydə alınıb:
Vüqar Bayramov (Azərbaycan) - 12, Jeff Lovvitt (Çex Respublikası) - 8, Kristina Vaiciunaite (Litva) - 6, Nikolai Kvantaliani (Belarus) - 5, Tsvetelina Borissova (Macarıstan) - 3 səs toplayıb. 
Beləliklə ən çox səs qazanan Vüqar Bayramov və Jeff Lovitt forumun həmsədrləri seçilib. 
Qeyd edək ki, qanunvericiliyə əsasən forum Avropa Birliyinin əsas qurumlarındadır və Avronest və digər institutlar ilə eyni dərəcəli statusa malikdir. Vüqar Bayramov bu vəzifəni daşıyan ilk azərbaycanlı olacaq. İqtisadçımız həmçinin Azərbaycan Milli Platformasının əlaqələndiricisidir. 
Noyabrın 29-da Vüqar Bayramovla Litvan prezidenti xanım Dalia Grybauskaite arasında Şərqi Tərəfdaşlıq Proqramına üzv olan ölkələrin aparıcı ekspertləri qismində görüşü olub. Vüqar Bayramov görüş barədə təəssüratlarını şəxsi «Facebook» profilində dəyərləndirib: «Prezident ilə görüşə Litvanın Prezident Administrasiyası tərəfindən mənim də dəvət edilməyim qürurverici idi. Görüşdə hər bir ölkə ilə bağlı ayrıca müzakirələr aparıldı. 1 saatdan artıq davam edən görüşdə xanım Grybauskaite Azərbaycan ilə bağlanan viza sadələşdirilməsi anlaşmasını yüksək qiymətləndirərək Avropa Birliyinin bizim ölkə münasibətlərə önəm verdiyini dedi. Görüşdə müzakirə edilən məsələlər ilə bağlı mətbuata məlumatın verilməməsi razılaşdırıldığı üçün əlavə informasiya yaza bilməsəm də Litva Prezidentinin Vilnüs samitində zaman taparaq ekspertlər ilə görüşməsi ciddi qiymətləndirilməlidir».
 





30.11.2013    çap et  çap et