Avropa.info xəbər verir ki, rusiyalı politoloq Sergey Markov bu görüşün yüksək vacibliyini qeyd edib.
«Bu çox vacib görüşdür, belə ki, Ermənistanda parlament seçkilərindən sonra mürəkkəbləşən siyasi dövrdən sonra ilk danışıqlardır».
Markov deyir ki, həmin dövrdə danışıqlar prosesinin tərəflərindən heç birinin rəsmi Yerevana qarşı tələbləri yox idi, belə ki, hamı bilirdi ki, Sarkisyan daxili problemləri həll etməlidir. Lakin həmin mürəkkəb dövr yekunlaşdı və indi heç kəs gözləmək fikrində deyil və işin mahiyyəti üzrə danışıq aparılmasını tələb edirlər.
«Qarşıdakı görüş Yerevanın Rusiya tərəfindən hazırlanmış Kazan formulu əsasında kompromisə hazır olub-olmamasını qəti şəkildə müəyyən edəcək, ya da Ermənistan danışıqlar prosesini dayandıracaq. Bu isə yeni hərbi münaqişənin partlayışına gətirib çıxara bilər. Biz hamımız başa düşürük ki, əgər rəsmi Bakı sülh danışıqlarının perspektivini görməsə, başqa yollara, qeyri-danışıq variantlarına əl atacaq. Bu üzdən növbəti görüş çox vacibdir».
Ermənistan hökumətinin və ölkə mətbuatının Edvard Nalbandyanın Moskvaya səfəri haqda rəsmi məlumat yaymaması birmənalı qarşılanmayıb. Markov bunu belə şərh edib:
«Ermənistanın susqunluğu Moskva və Bakının Kazan formulu əsasında kompromisə və danışıqların vacibliyinə hazır olması ilə bağlıdır. Əlbəttə Moskva və Bakının mövqeləri arasında fərq var, ancaq ümumi anlayış budur ki, ciddi irəliləyişlə bağlı konstruktiv danışıqlar aparılmalıdır.
İrəvanda isə bu barədə tam müəyyənlik yoxdur, məsafə saxlayırlar. Ermənistan indi çətin vəziyyətdədir. Bəziləri Kazan formulunun vacibliyi ilə razılaşırlar, digərləri qətiyyətlə qarşı çıxır və danışıqların pozulmasını istəyir. Məhz Yerevandakı bu daxili qarmaqarışıqlıq belə qeyri-müəyyənlik yaradır».