Vaxt.Az

«AŞPA-nın qərarı qərəzdir»


 

«50 ildən artıqdır ki, Türkiyənin qarşısına müxtəlif şərtlər qoyurlar»

«AŞPA-nın qərarı qərəzdir» «Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı faktlara əsaslanmır, bu qərar ancaq siyasi qərəzdir».

Milli.Az xəbər verir ki, bunu «Trend»ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, hər hansı ölkədə daxili məsələlər ancaq xalqın iradəsi ilə həll olunur: «Yəni xalq səs verir, hakimiyyəti formalaşdırır. Türkiyədə də bu yaxınlarda ədalətli referendum keçirildi və az səs fərqi ilə məsələ öz həllini tapdı. Dünyanın hər yerində belə hadisələr olur. Məsələn, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən səsvermədə də səs fərqi bir o qədər çox deyildi».

Deputat vurğulayıb ki, Türkiyə 1950-ci illərdən Avropa İttifaqı ilə əməkdaşlıq edir və bu İttifaqa üzv olmaq istəyir: «50 ildən artıqdır ki, Türkiyənin qarşısına müxtəlif şərtlər qoyurlar. Nəzər salsaq görərik ki, bəzi keçmiş sovet ölkələri, Şərqi Avropa ölkələri heç bir şərtsiz, bir neçə il ərzində Avropa İttifaqına qəbul edildilər. Amma Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Təbii ki, bu qərəzlidir».

S.Novruzov əlavə edib ki, Türkiyə ən böyük və güclü müsəlman dövlətlərindən biridir. Türkiyəyə qarşı qərəzli addımların bir səbəbi də onun İslam dövləti olmasıdır.

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

 





27.04.2017    çap et  çap et