Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları belə sürücülərdən birini saxlayıblar. Onun sərxoş vəziyyətdə mikroavtobus idarə etdiyi məlum olub.
Bakı – Sumqayıt marşrutu ilə hərəkət edən mikroavtobus Dövlət Yol polisi əməkdaşları tərəfindən sürət həddini aşdığına görə saxlanılıb. Məlum olub ki, içərisində 11 sərnişin olan avtobusun sürücüsü 41 yaşlı Rövşən Əliyev spirtli içki qəbul edib.
Sürücü Rövşən Əliyev iki şüşə pivə qəbul etdiyini etiraf etsə də, sərxoş olmadığını idda edib. Sürücü bildirib ki, cəmi 2 bakal pivə içib.
Sərxoş vəziyyətdə sərnişin daşıma ilə məşğul olan sürücüyə qarşı qanunun tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək. Xatırladaq ki, mart ayında eyni marşrutla hərəkət edən «Ford» tranzit markalı avtobus sürücüsünün sürət həddini aşması və ötmə əməliyyatını düzgün həyata keçirməməsi nəticəsində 6 nəfər dünyasını dəyişib. (ARB)