Ailəsi Refik Veselinin nasistlərin işğal etdiyi Albaniyada etdiklərindən qürur duyur. 1943-cü ildə sonradan Yuqoslaviyanın bir hissəsi olan Novi-Sadda fotoqraf işləyən Veseli iki yəhudi ailəsini Albaniyaya göndərə bilib. O həmin ailələri bir il paytaxt Tiranadan 20 km məsafədə yerləşən evində gizlədib.
2000-ci ildə vəfat edən Veseli tək deyildi. Albaniyada onun kimi ailələr var idi ki, nasistlərin təqib etdiyi yəhudiləri sığınacaq və ərzaqla təmin edirdi.
Adas-İsrail Konqreqasiyası Veseli ailəsini Vaşinqtona dəvət edib və bu ailənin adını Holokost zamanı həyatlarını təhlükəyə ataraq, yəhudiləri xilas edənlərin adları olan «Doğruların bağı»na salıb.
Ravin Gil Şteynlof konqregasiyaya Veseli ailəsinin hekayəsinin hazırkı dünyaya dərs ola biləcəyini deyib. «Biz qaranlıq bir vaxtda yaşayırıq. Dünyada nifrət, cinayət, xüsusilə də müsəlmanlara qarşı fanatizmin artdığı bir zamanda yaşayırıq».
O, Veselinin o zaman etdikləri ilə bu yaxınlarda Sinaqoqun suriyalı ailəni qəbul etməsi arasında parallel gətirdi. Sinaqoqun konfrans zalında çıxış edən ravin üzünü Refik Veselinin həyat yoldaşı və övladlarına tutaraq, «Biz vaxtilə sizin bizim üçün etdiklərinizi etdik» dedi.
Bundan sonra Alban müğənnilər bu kədərli mərasimə özlərinin xalq mahnıları ilə dinamika gətirdilər.
Veselilər ailəsi dindar müsəlman ailəsi deyil. Refikin qızı, Nyu-Cersiyə mühacirət edən Ermira Hocanın dediyinə görə, bütün albanlar müsəlman olub-olmadıqlarından asılı olmayaraq, hamıya yardım edib. «Biz müsəlman idik, lakin orada katolik, pravoslav və digər dinlərin üzvləri də var idi».
Albanlar isə buna II Dünya Müharibəsində müsəlmanların yəhudiləri xilas etməsi kimi deyil, buna bəşəriyyətdə insanların dinc-yanaşı yaşamalarına imkan kimi baxır.