(I yazını buradan oxuya bilərsiniz)
Rəfiqələri, iş yoldaşları Zərifə xanımı təkcə oftalmoloq-alim kimi tanımırdılar. Onun haqqında xatirələrini bölüşənlərin çoxunun dediyində maraqlı bir məqam var: o, təkcə həkim deyildi, çox istedadlı bir musiqiçi idi həm də. Məsələn, professor Apollon Nikolayeviç Dobromıslov xatırlayır ki, Zərifə xanımın hərtərəfli istedadı incəsənətdə də üzə çıxmışdı. Əslində, professor bir məqamı yəqin ki, bilmirdi: gələcəyin alimi, həm də musiqi təhsili almışdı, fortepiano sinfində oxumuşdu.
Professorun dediklərindən:
«Mən onun ifasında həm klassik, həm də populyar musiqini böyük zövqlə dinləmişəm. Zərifə xanım royalda daxili hisslərini ifadə edir, bütövlükdə musiqinin mahiyyətini, məğzini dinləyiciyə çatdıra bilirdi. O, müəllifin bəstələdiyi akkord və melodiyaları «quru» şəkildə ifa etmir, musiqi əsərinin əsas məğzini şəxsi hisslərinin süzgəcindən keçirirdi. Mən Zərifə xanımın təkcə musiqi ifa etməsinə yox, həm də musiqiyə necə qulaq asdığını görmüşəm. Sanki ifa olunan musiqi onun sifətində öz əksini tapırdı. Tamaşanın gedişində onun üzünə baxmaq kifayət idi ki, tamaşanı bəyənib-bəyənmədiyini müəyyənləşdirəsən. Həmişə baxışlarından ətrafda baş verən hadisələrə daim fəal münasibət bəslədiyini oxumaq olardı. Onun gözləri valeh olur, təsdiq edir, gülür, bəzən də təəccüblənir, narazılığını və barışmadığını büruzə verirdi, fəqət heç zaman laqeydlik ifadə etmirdi. Zərifə xanımın gözləri sanki «danışan gözlər» idi».
Professor Skripçenko danışır ki, bir dəfə həmkarlarının birinin evində qonaq imişlər. Həmişə olduğu kimi, yenə də Zərifə xanım təşəbbüsü ələ alıb. Qonaqlar isə Moskva elitasıymış, yüksək intelligentli həkimlər, alimlər.
«Amma Zərifə xanım öz sadəliyi ilə seçilirdi. Fortepiano arxasına keçdi, o dövrün populyar mahnılarını ifa etdi. Sonra rəqs musiqilərini ifa etdi, bir sözlə, məclisdə şux əhval-ruhiyyə yaratdı. Biz, bir neçə saatlıq da olsa, iş və ailə qayğılarını unutduq».
İşlədiyi hər bir yerdə onu olduqca təvazökar və qayğıkeş bir insan kimi xatırlayırlar. İstər Azərbaycanda olsun, istərsə də Moskvada, onunla ünsiyyətdə olan hər kəs üçün Zərifə Əliyeva ideal qadın, gözəl ailə başçısı, etibarlı rəfiqə olub.
Mixail Mixailoviç Krasnоv. Rusiya Elmlər Akademiyasının həqiqi üzvü olub. Oftalmologiya sahəsində elmi tədqiqatlarına görə SSRİ Dövlət və Lenin mükafatlarına layiq görülüb. Daha sonra isə dövrün ən böyük mükafatını - Sosialist Əməyi Qəhrəmanı adını alıb. Dövrün böyük oftalmoloqu Zərifə xanım barədə xatirələrində yazırdı:
«Zərifə xanım elə güclü şəxsiyyət idi ki, bir kimsənin xətrinə dəyməzdi. Hamı bilirdi ki, Zərifə xanım ona üz tutanların hamısına imkanı daxilində kömək etməyə hazırdır. Şübhə etmirəm ki, əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət versəydi, o, elm aləmində yeni bir istiqamətin yaradıcısı və rəhbəri ola bilərdi».
O, həm də xeyirxah, qayğıkeş insan kimi də tanınıb həyatda. İstər tələbələrinə, istər tanıdığı və ya tanımadığı hər kəsə bacardığı qədər yardım əlini uzadarmış.
Nadejda Aleksandrovna Puçkovskaya. Sovet dövrünün ən tanınmış oftalmoloqlarından biridir. Təkcə bir faktı qeyd edək. Puçkovskayanın rəhbərliyi altında 54 nəfər doktorluq və namizədlik iş müdafiə edib. Bir müddət oftalmologiya ilə bağlı «Oftalmoloqiçeskiy jurnal» nəşrinin baş redaktoru da olub. Lenin mükafatı laureatıdır. Onun Zərifə xanım haqda xatirələrindən:
«Onun insanlara xeyirxah münasibətini əks etdirən bir fakt mənə məlumdur. Belə ki, Zərifə xanım təsadüfən kiçik şəhərdən gələn bir qızla tanış olur və aydınlaşır ki, o, instituta daxil olmayıb. Zərifə xanım onu inandırır ki, heç də hər şey itirilməyib və imtahanlara hazırlaşsa, bir il sonra qəbul ola bilər. Zərifə xanım həmin qızı yataqxanaya düzəldir, işlə təmin edir, imtahanlara hazırlaşmasına nəzarət edir. Bir il sonra Zərifə xanımın göstərdiyi səylər uğurla nəticələnir. Həyatda ilk addımlarını atan insanlara vaxtında kömək əli uzatmaq olduqca qiymətli və unudulmazdır. Təmənnasız xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi».
Zərifə Əliyevanın ən gözəl keyfiyyətlərini akademik Arkadi Pavloviç Nesterov da xatirələrində qeyd edir. Maraqlıdır ki, Zərifə xanımla həmyaşıd olan akademik (hər ikisi 1923-cü il təvəllüdlüdür) onunla demək olar ki, eyni vaxtda əmək fəaliyyətinə başlayıblar. Biri Rusiyada, biri isə Azərbaycanda. Tale gələcəyin akademikini Moskvaya gətirib çıxarmışdı. Nesterov SSRİ-də gözün mikrocərrahiyyəsi sahəsində ən tanınmış alim idi. SSRİ-nin ən məşhur oftalmoloqlarının yığışdığı yer isə təbii ki, «Vestnik oftalmoloqii» jurnalının redaksiyası idi. Moskvada yaşayarkən Nesterovlar ailəsi Əliyevlərlə ailəvi dost olublar.
Akademik xatirələrində deyir ki, Zərifə Əziz qızı ilə tez-tez ailəlikcə görüşür, müxtəlif problemləri müzakirə edirdik.
«O, olduqca maraqlı həmsöhbət idi. Hissiyyatlı və hazırcavab, habelə öz mülahizələrində prinsipial idi, siyasətdən, ədəbiyyatdan və incəsənətdən yaxşı baş çıxarırdı. Mübahisəli məsələlərdə həmsöhbətini dinləməyi bacarır, onun mövqeyini başa düşürdü. Əgər fikrinin doğruluğuna qəti inanırdısa, öz nöqteyi-nəzərini arqumentlərlə və inamla müdafiə edirdi. Xüsusən tibb elmi və səhiyyə ilə bağlı problemlərin müzakirələri daha çox yadda qalıb. Biz ömrümüzün kamillik illərində qaynayıb-qarışmışdıq. Həmin illər ərzində Zərifə xanım qadın cazibədarlığı, zərifliyi, ətrafdakıların dərdinə şərik olmaq bacarığı, öz işi, ailəsinə, dostlarına sadiqliyi ilə bizim hamımızı valeh edirdi. Bir yerdə qərar tutmayan, bəstə boy, iri qara gözlərindən, baxışlarından daim xeyirxahlıq yağan bu qadını heç vaxt unutmaq mümkün deyil».
Əslində Zərifə xanımın SSRİ boyda nəhəng dövlətin nəhəng alimləri ilə sıx münasibətlərinin bir səbəbi vardı: onu, bu təvazökar, sadə, alicənab qadını alim kimi qəbul edirdilər.
Zərifə Əliyevanın tələbəsi olmuş professor Paşa Qəlbinur deyir ki, o, SSRİ-də ilk dəfə peşə patologiyası sahəsində - şin və yol istehsalı, kimya, neft kimyası və elektrotexnika sənayelərində çalışan işçilərdə peşə ilə əlaqədar göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi üzrə uğurlu tədqiqatlar aparırdı.
«Mən Moskvada aspiranturada oxuyanda belə onun çıxışlarına qulaq asmaq üçün o vaxt nəinki SSRİ-nin, dünyanın ən böyük oftalmologiya jurnallarından olan «Vestnik oftalmoloqii» jurnalının redaksiyasına baş çəkirdik. Zərifə xanım da bu nüfuzlu jurnalın redaksiya heyətinin üzvüydü. Ora dövrün ən böyük alimləri yığışardı bu redaksiyaya. Zərifə xanım da ora gələr, çıxışlar edərdi».
Paşa müəllim deyir ki, Zərifə xanım SSRİ oftalmoloqlarının ən böyük mükafatını, Averbax mükafatını alan ilk qadın idi.
«SSRİ-də bu mükafat, ümumiyyətlə, nadir hallarda verilirdi. Məhz istehsal sahələrində peşə patologiyası ilə bağlı araşdırmalarına görə ona bu mükafat verilmişdi. Çünki bu sahə nəinki SSRİ-də dünyada ilk dəfə araşdırılırdı və çox aktual bir mövzuya çevrilmişdi».
Paşa müəllim bir maraqlı məqamdan da danışır.
«Siz bilirdinizmi, gözün qüzehli qişasının diaqnostikası sahəsində də ilk elmi monoqrafiyanın müəllifi məhz Zərifə xanım olub? Həmin monoqrafiya indi də dünya oftalmoloqlarının stolüstü kitabıdır».
Və nəhayət...
«... Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda, qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm».
Bunu onun ömür-gün yoldaşı, mərhum prezident Heydər Əliyev deyib. Onun ad günündə, 1995-ci ilin 28 aprelində. İllər ötür, onun ayrılığının kədəri isə doğmalarından uzaqlaşmır...
Hə, bu gün onun ad günüdür. Bu gülərüz, mehriban, sadə, təvazökar insanın, qayğıkeş ananın və eyni zamanda ciddi, olduqca ciddi elmi uğurlara nail olmuş alim Zərifə Əliyevanın.
(Yazının hazırlanmasında göstərdiyi dəstəyə görə Nəsrəddin Tusi adına klinikaya minnətdarıq)