Onun sözlərinə görə Estoniya və digər NATO ölkələrinin kəşfiyyat məlumatlarına əsasən Rusiya qoşunları təlimlərin keçirilməsindən sonra Belarus ərazisində qalacaqlar. Rusiya Müdafiə Nazirliyi silahların və qoşun hissələrinin Belarusa daşınması üçün 4 min dəmiryol vaqonu sifariş verib. «Belarusa göndərilən Rusiya qoşunları üçün bu, birtərəfli biletdir», - Estoniya müdafiə naziri Maltada Aİ ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra verdiyi açıqlamada deyib.
«Qərb-2017» irimiqyaslı hərbi təlimləri bu ilin sentyabrında keçiriləcək. Rusiya Müdafiə Nazirliyi təlimlərin keçirilməsinə ötən ildən hazırlıq görür. Bundan əvvəl Belarusla Rusiya arasında təlimlərlə bağlı anlaşılmazlıqların olduğu haqda xəbərlər var idi. Gözlənilir ki, təlimlərə Rusiyadan on minlərlə hərbçi, minlərlə texnika qatılacaq.
«Bu, mənim şəxsi mövqeyim deyil. Bütün Estoniya rəhbərliyinin narahatlığıdır ki, Rusiya qoşunları təlimlərin başa çatdırılmasından sonra Belarus ərazisində qalacaq», - estoniyalı nazir deyib. Belə olan halda Rusiya qoşunları Polşa, Latviya və Litva ilə sərhəddə yerləşdirilmiş olacaq. Nəticədə Baltik ölkələrinə və Şərqi Avropaya qarşı Kalininqradda cəmləşdirilmiş güclü qoşun qruplaşmasından əlavə ikinci zərbə qruplaşması da formalaşacaq. Hesab edilir ki, Rusiya NATO ölkələrinin Baltik regionunda tank batalyonları yerləşdirməsinə cavab olaraq Belarus ərazisində daimi hərbi baza yaradacaq.
Rusiya müdafiə naziri Sergey Şoyqunun bildirdiyinə görə, «Qərb-2017» hərbi təlimləri rus ordusunun bu il üçün «ən başlıca tədbiri» olacaq. Təlimlərlə bağlı Rusiya NATO-ya informasiya təqdim etmir. Kreml təlimlərə qatılacaq hərbçilərin sayını da açıqlamır. Bununla belə NATO təlimlərdə 100 mindən çox hərbçinin iştirakını təxmin edir.