Bu barədə Azərşəhrin Teymurlu Şəhər Şurası rəisi Əlirza Bəşiri “Mehr” xəbər agentliyinə məlumat verib.
“Şəhər əhalisi meyiti tapılmayan iki itkinin cəsədini tapmaq üçün birgə qərara gəlib, müxtəlif qruplar şəklində axtarışa başladılar. Xoşbəxtlikdən onların bu tədbiri nəticə verdi və itkinlərdən birinin cəsədi tapıldı. Bir neçə saat axtarışdan sonra aşkar edilən cəsəd 30 yaşlı bir qadına aiddir, cəsəd daşqından 15 gün sonra yerli əhali tərəfindən aşkar edilib”, - deyə Şura rəisi bildirib.
Məlumata görə, hazırda Azərşəhrdə itkin düşmüş 22 aylıq uşağın axtarışı davam edir. Əcəbşerdə sonuncu itkin 18 aylıq körpənin cəsədi ki gün əvvəl tapılıb.
Qeyd edək ki, aprelin 14-də Güney Azərbaycanın bir neçə şəhərini sel basıb. Ağır maddi xəsarət və təxminən 50 nəfərin ölümünə səbəb olan təbii fəlakət ən çox Azərşəhr və Əcəbşer şəhərlərinə ziyan vurub. Dövlət Azərşəhrin Qələzar kəndində suyun yatağını yol kimi istifadəyə verdiyi üçün avtomobillər körpünün altından keçərkən sərnişinləri ilə birlikdə sel suları altında qalıb və çox sayda insan həlak olub. Dövlət rəsmiləri və bir çox mətbuat orqanı Qələzar körpüsündə baş verənləri təhrif edərək hadisə ilə bağlı yalan açıqlamalar verib, sel fəlakəti haqda həqiqəti əks etdirməyən məlumatlar yayıb.