Vaxt.Az

Akademik adına klinikada kasıblara baxılmır


 

Antisanitariya baş alıb gedir; müayinə və əməliyyatların pullu olduğu deyilir; rəsmilərsə ...

Akademik adına klinikada kasıblara baxılmır Özəl səhiyyə ocaqları sahibi tərəfindən son standartlara uyğun təmir olunsa da, dövlət xəstəxanaları təmir üzünə həsrətdirlər. Ölkədəki əksər tibb müəssisələrinin yararsız və bərbad vəziyyətdə olması ilə bağlı mətbuatda da müntəzəm olaraq faktlar yer alır. Bu dəfə “Yeni Müsavat”ın əməkdaşı oxucuları daha bir dövlət hesablı xəstəxananın vəziyyəti ilə tanış edəcək.

“Burada adam özünü həbsxanada hiss edir”

Belə xəstəxanalardan biri də cəmiyyət arasında “Respublikanski” kimi tanınan akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasıdır. Xəstəxananın bəzi şöbələri təmir olunsa da, elə şöbələr var ki, adam buralara başını belə soxmaq istəmir. Xüsusilə birinci korpusun 3-cü mərtəbədə yerləşən sinir xəstəlikləri bölməsində qarşılaşdığımız mənzərə ürək ağrıdır. Sinir xəstəliyindən müalicə alan insanların burda əlavə stress keçirməməsi müşkül məsələdir. Şöbənin palatalarında demək olar ki, antisanitariya halları baş alıb gedir. Bu hallardan başqa binanın ciddi təmirinə ehtiyac var. Palataların döşəmələri, tavanları, divarları çox bərbad vəziyyətdədir. Əsasən əhalinin kasıb təbəqəsinin müalicə aldığı bu xəstəxanada “ucuz ətin şorbası olmaz” deyimi çox dəbdədir. “21-əsrdə Azərbaycanın ən böyük tibb mərkəzindəki vəziyyət doğrudan acınacaqlıdır. Burada adam özünü həbsxanada hiss edir. Hər yerdə antisanitariya və çirkab var. Buranı xəstəxana təsəvvür etmək adama həm gülməli, həm də dəhşətli gəlir” deyə, pasiyentlərdən biri bildirdi. Adının çəkilməsini istəməyən tibb işçiləri də xəstəxanadakı vəziyyətdən gileyləndilər: “Xəstəxananın su-kanalizasiya, istilik sistemi yox dərəcəsindədir. Vaxtı keçdiyindən su boruları çürüyüb. Mərkəzləşdirilmiş istilik sisteminin olmamasına görə şöbələr qızdırılmır. Tibb texnikası köhnədir. Əməliyyat masası köhnədir. Əməliyyat etməyə çox çətinlik çəkirik”. Doğum şöbəsinin qəbul otağında isə stulların hamısı sınıq idi. Üfunət iyindən otaqda dayanmaq mümkün deyildi.

Lüks palatanın qiyməti 10-20 manatdır

Dəhlizdəki insanlar bildirdi ki, bu xəstəxanada da pulsuz heç nə yoxdur: “Burada qiymətlər od tutub yanır. Həkim-xəstə sövdələşməsi çox açıq formada, heç kimdən çəkinmədən aparılır”. Ultrasəs müayinəsinin aparıldığı kabinetə yaxınlaşdım. Həkimə zobdan müayinə olunmaq istədiyimi bildirdikdə belə dedi: “15 manat ödəməlisən”. Nə qədər təkid etsəm də dedi ki, xəstəxanada salam da pulladır: “Sən yaxşı olar ki, yaşadığın ərazidəki poliklinikaya gedəsən. Bəlkə orada pulsuz müayinə etdilər”. Dəhlizdə növbə gözləyən Rəhimə adlı xanım daxili orqanlarının müayinəsi üçün 100 manat verdiyini dedi: “Sidik kisəsi və yumurtalığımdan müayinə olunmaq üçün 100 manat aldılar. Burada adamı əməlli-başlı ”soyurlar". Belə ki, bu xəstəxanada qanın ümumi analizi 8, qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 7, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir. Döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır. Doğuş 400-500 manata başa gəlir. Bir neçə xəstə və onun yaxınları ilə söhbət edirik. Adının Namiq olduğunu söyləyən xəstənin 49 yaşı var. Deyir ki, burada müalicə alır və narazılıqları var: “Əməliyyatdan sonra bir müddət burada qalmalıyam. Əməliyyat pis keçmədi. Amma heç də ucuz başa gəlmədi. Ümumilikdə narazı olmasam da, deyim ki, tibb bacıları pulsuz heç iynə də vurmaq istəmirlər. Dövlət hesablı xəstəxananın pulsuz rejimdə işləməsi qanuni olsa da, tibb işçiləri, deyəsən, bunu bilmirlər”.
Xəstələr bildirdilər ki, hər yoxlanış üçün həkimə 10-20 manat verirlər. Olmasa həkimlər adamın üzünə belə baxmırlar. Hər gün tibb bacılarının və sanitarların da pulu verilməlidir. Xəstələr bildirir ki, burda təmirli və şəraitli palatalar da çoxdur. Amma oralara hər “kənddən gələni” buraxmırlar. Lüks palata üçün gündə 10-20 manat verməlisən. Bu pulu verməyə gücün yoxdursa, o zaman bir döşəyi belə olmayan palataya gedəcəksən.

“Əgər orada həkimlər tərəfindən pul tələb olunursa, bu cinayət əməli sayılır”

Xəstəxananın baş həkimi ilə görüşmək istəsək də, bildirdilər ki, işdə deyil. Baş həkimin müavini Mahir Babayev isə mətbuata təmirin yaxın günlərdə başlayacağını bildirib: “Biz xəstələrin qayğısına yaxşı qalırıq, sadəcə, binanın təmirə ehtiyacı var və yaxın günlərdə buna başlanılacaq”. Amma Mahir həkim xəstəxanadakı antisanitariya hallarının aradan nə vaxt qaldırılacağı barədə heç nə deməyib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirildi ki, ölkədəki əksər tibb müəssisələrinin təmirə ehtiyacı var. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə, son beş ildə 400-ə yaxın tibb müəssisəsi yenidən qurulsa və təmir edilsə də, təmirsiz tibb ocaqları qalmaqdadır. “Bu xəstəxananın təmiri hissə-hisə nəzərdə tutulub və hazırda ikinci korpusda təmir işləri başlayıb. Əsas korpusda da təmir işlərinə yaxın günlərdə başlanılacaq” deyə, o əlavə edib. Qeyd edək ki, hər il tibb müəssisələrinin təmirinə külli miqdarda pul ayrılır. Təkcə 2009-cu ildə səhiyyə müəssisələrinin tikinti və təmirinə 95 milyon manat vəsait xərclənib. 2013-cü il üzrə dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılan vəsait 173,9 milyon manatdır. Xəstəxanada xidmətin pullu olmasına gəlincə, A.Qədirli bildirib ki, Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən xəstəxanalarda pul tələb edilirsə, bu, qeyri-qanunidir: “Əgər orada həkimlər tərəfindən pul tələb olunursa, bu, cinayət əməli sayılır. Neqativ halla üzləşənlər nazirliyin ”Qaynar xətt"inə müraciət edə bilər. Bu məsələni mütləq araşdıracağıq".

 





07.11.2012    çap et  çap et