Vaxt.Az

Avropa «cənub qalasını» itirir?


 

Türkiyənin Avropadakı qurumlardan uzaqlaşması «qoca qitə»yə heç nə qazandırmayacaq

Avropa «cənub qalasını» itirir? Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının plenar iclasında Türkiyədə konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilərin hazırladıqları hesabatla Ankara monitorinq mərhələsinə qaytarılıb. Təbii ki, AŞ PA-nın bu qərarı Türkiyənin siyasi elitası və ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Hətta Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, bu addım əməkdaşlıq və dialoq ruhuna tamamilə ziddir və yaranmış vəziyyət AŞPA ilə münasibətlərə yenidən baxmağa məcbur edir. Bu kimi fikirlər eyni ilə digər türkiyəli rəsmilər və prezident Ərdoğan tərəfindən də səsləndirilib.

Qeyd edək ki, Avropa qurumları tərəfindən Türkiyəyə qarşı ədalətsiz mövqe nümayiş etdirilməsi birinci dəfə deyil. AŞPA-nın son qərarı isə Türkiyəni Avropa institutlarından uzaqlaşdırmağa yönəlib. Belə olan halda, Avropa Türkiyəni itirməklə nə qazanacaq?

Mövzu ilə bağlı «Kaspi» qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili  Fərəc Quliyev bildirib ki, Türkiyənin Avropadakı qurumlardan uzaqlaşması Avropaya heç nə qazandırmayacaq: «Türkiyə Avropadan nə qədər asılıdırsa, Avropa da eyni zamanda Türkiyədən asılıdır. Avropa ilə ticarət dövriyyəsində Türkiyənin böyük rolu var. Eyni zamanda, NATO çərçivəsində Türkiyəni «cənub qalası» adlandırırlar. Avropanın enerji təhlükəsizliyində tranzit olaraq Türkiyədən istifadə olunur. Bu siyahını bir az da genişləndirmək olar. Belə olan halda, qardaş ölkəyə bu münasibət qərəzlidir və həm də təsadüfi deyil. Çünki illər öncə Almaniya kansleri Angela Merkel deyirdi ki, Avropa İttifaqı bir xristian klubudur və Türkiyəni burada görmək istəmirik. Göründüyü kimi, bu qərəzli münasibətdir. Amma hesab edirəm ki, Türkiyənin də ağıllı şəkildə adekvat addımlar atmaq imkanı var. Dəfələrlə təklif etmişəm ki, bu kimi qərəzli münasibətlərdən sonra Türkiyə, Azərbaycan və bütün türk dövlətləri «Türk evi»nin qurulmasını təmin etməlidirlər. Çünki «Avropa evi» yunan fəlsəfəsinə və xristian ənənələrinə söykənir. Biz isə türk və İslam ənənələrinə söykənən öz «ev»imizi qurmalıyıq. İqtisadi, mədəni əlaqələri də siyasi-hərbi müstəviyə keçirməyimiz lazımdır. Belə olarsa, bu, Avropa İttifaqına alternativ olar və düşmənçilik olmaz. Onlarla əməkdaşlıq edərik, amma Avropanın qapılarını döyməyə dəyməz».

F.Quliyev əlavə edib ki, Türkiyədəki referendum xalqın iradəsidir: «Bunun nəyə təsir edib-etməyəcəyini başqa xalqlar müəyyənləşdirə bilməz. Bir xalq öz iradəsini ortaya qoyursa, necə yaşamaq, hansı sistemdə yaşamaq istəyirsə, bunu özü müəyyənləşdirir. Xalqın iradəsi ifadə edilirsə, hər kəs buna hörmət etməlidir, müdaxilə etməli deyil. AŞPA-nın çıxardığı qərarda bu səbəb varsa belə, Avropa yanlış davranır».

Politoloq Natiq Miri bildirib ki, Türkiyənin Avropa strukturlarından çıxması Avropa-Türkiyə arasındakı münasibətlərə, əməkdaşlığa çox ciddi zərbə vuracaq: «Bundan Türkiyə, eyni zamanda Avropa dünyası itirəcək. Bu həm iqtisadi, geosiyasi, həm də hərbi təhlükəsizlik baxımından belədir. Təsəvvür edin ki, Qərb dünyasının cənub sərhədlərini qoruyan tək güc Türkiyədir. Əgər bu gün Türkiyə NATO-dan, Avropa strukturlarından çıxarsa, yeni münasibətlər sistemi yaratmaqla digər dünya dövlətləri ilə əlaqələr qurularsa, bu, Avropa dünyasına nə qazandıracaq? Çünki Türkiyəni bu regionda, xüsusilə Avrasiyanın göbəyində əvəz edə biləcək ikinci bir dövlət, güc mərkəzi yoxdur. Ona görə də nəzərə almaq lazımdır ki, bu gün Yaxın Şərqdə yaşanan humanitar faciənin qarşısını alan yeganə dövlət Türkiyədir. Bu gün Türkiyə əlini çəkərsə, əmin olun ki, milyonlarla qaçqın Avropa ölkələrinin sərhəd qapılarını döyəcləməyə başlayacaq ki, bu da az bir zamanda Avropanın siyasi idarəetmə sistemini iflic edə bilər. Bu da bütövlükdə vahid iqtisadi-siyasi məkan olan Avropa İttifaqının dağılması ilə nəticələnər. Çünki artıq Avropanın özündə bir mərkəzdənqaçma meyilləri var. Bunu da İngiltərənin timsalında görürük. İkinci belə dövlət Türkiyə olarsa, bu da dağılmanın bir stimulu olar və Avropanın parçalanmasına gətirib çıxarar. Düşünürəm ki. Avropa strukturları bəzi Türkiyə əleyhinə olan şəbəkələrin maraqları çərçivəsində qərarlar qəbul etməməlidir. AŞPA-nın çıxardığı qətnamə düşünmürəm ki, bütün Avropa İttifaqının maraq dairəsindədir. Ancaq Avropa İttifaqı rəhbərliyi də bu həqiqəti anlamalıdır və Türkiyəyə öz dəyərini verməyi bacarmalıdır. Əks təqdirdə, az bir zaman çərçivəsində Türkiyə tamamilə yönünü dəyişdirəcək. Əgər bu, baş verərsə, artıq xarici siyasətdə və münasibətlər sistemində yeni əlaqələr qurulacaq ki, burada da ən böyük zərərçəkmiş tərəf məhz Avropa olacaq».

N.Mirinin fikrincə, Avropa Şurası o qədər qeyri-ciddi və ikili standartlarla işləyən bir qurumdur ki, yenidən AŞPA-nın toplantısını təşkil edib, bu qətnaməni ləğv edə bilərlər: «Düşünürəm ki, bu istiqamətdə Avropa İttifaqı rəhbərliyi ilə Avropa Parlamenti arasında çox ciddi danışıqlar başlayacaq və buna bir çözüm tapılacaq. Hesab edirəm ki, hələ də Avropa İttifaqında ağıllı insanlar var və onlar Türkiyənin birdəfəlik itirilməsini istəmirlər. Çünki Avropa İttifaqı rəsmiləri belə bir vəziyyətdə qurumun hansı itkilərlə üz-üzə qalacağının fərqindədirlər».

 





29.04.2017    çap et  çap et