Vaxt.Az

«Heydər Əliyev atəşkəsə razılaşıb-razılaşmamaq barədə qərar verməli idi»


 

Mərhum prezidentin sabiq köməkçisi Eldar Namazov Qarabağla bağlı bəzi sirləri açdı

«Heydər Əliyev atəşkəsə razılaşıb-razılaşmamaq barədə qərar verməli idi» Son vaxtlar bir sıra ekspertlər Dağlıq Qarabağ probleminə münasibətdə Rusiyanın ənənəvi baxışının dəyişdiyini söyləyərək, rəsmi Moskvanın artıq münaqişənin həllində maraqlı olduğunu tez-tez dilə gətirməyə başlayıblar. Hətta belə bir tezis də xüsusi qabardılır ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan rəhbərliyinə söz verib və ölkəmizin Avrasiya İttifaqına qoşulması müqabilində, rəsmi Moskvanın Ermənistana birtərəfli dəstəyini dayandıracaq.

Bütün bu fikirlər haradan, nədən qaynaqlanır? Doğrudanmı, indiyədək Qarabağ probleminin əsas yaradıcısı sayılan Rusiya əvvəlki mövqeyindən geri çəkilə bilər?

Strateq.az cəmiyyətin cavab axtardığı bu suallarla bağlı Azərbaycanda uzun illər əsas fəaliyyətini Dağlıq Qarabağ münaqişəsinin araşdırılıb öyrənilməsinə, həlli istiqamətində çalışmalara həsr etmiş və hətta Azərbaycan təslimçi sazişə getməsin deyə, tutduğu yüksək dövlət postundan istefa vermiş politoloq Eldar Namazova müraciət edib.

Azərbaycan tarixinin qaynar bir dövründə – 1993-cü ilin sentyabrından 1999 -cu ilin oktyabrınadək Azərbaycan Respublikası prezidentinin katibliyinin rəhbəri və prezidentin xarici siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə köməkçisi olmuş, mərhum dövlət başçısı Heydər Əliyevin rəy və analizlərinə həmişə böyük önəm verdiyi Eldar Namazovla münaqişənin tarixindən tutmuş, Azərbaycan diplomatiyasının hazırda atmalı olduğu ən vacib addımlaradək, bir çox məsələlər barədə söhbəti Strateq.az oxucularına təqdim edirik:

 

– Eldar müəllim, bu il Qarabağ münaqişəsinin başlanmasının 30 ili tamam olur. 1987-ci ildə SSRİ prezidenti Mixail Qorbaçovun köməkçisi Aqanbekyanın Fransanın «Humanite» qəzetinə verdiyi müsahibədə ilk dəfə olaraq Azərbaycana qarşı ərazi iddiaları rəsmi dövlət adamının dilindən səsləndi. 30 illik period barədə bu gün belə tezis irəli sürülür ki, 90-cı illərin əvvəllərində bu problem həll etmək imkanı olub, amma bu fürsət əldən buraxılıb. Doğrudanmi,  o zaman Qarabağ məsələsini həll etmək imkanı vardı?

– Hər hansı münaqişənin ilk işartıları görünən vaxt onun qarşısını almaq daha asandır. Əlbəttə, münaqişə böyüdükcə onu həll etmək də çətinləşir.

Həqiqətən, bütün ictimai-siyasi fəaliyyətimdə Qarabağ məsələsi mənim üçün öndə olub. Mənim üçün bu münaqişə 1987-ci ildə yox, ondan qabaq başlayıb. 80-ci illərin əvvəllərində Tarix İnstitutunun əməkdaşı kimi, məni Moskvaya təcrübəyə göndərmişdilər. O vaxt Moskvada Etnoqorafiya İnstitutunda işləmişəm və bu institut etnik münaqişələri araşdırmaqla məşğul olan qapalı qurum idi. İnstitut SSRİ-də mümkün etnik münaqişələrin baş verə biləcəyi yerlərə ekspedisiyalar göndərir, qapalı konfranslar keçirir, hesabatlar hazırlayırdı. Təsadüfi deyil ki, məhz həmin institutda çalışan bir çox adamlar 1988-ci ildən sonra SSRİ-də müstəqillik uğrunda başlanan hərəkatlarda, etnik münaqişələrdə fəal rol oynamağa başladılar.

Bunlar o şəxslər idilər ki, illərlə qapalı şəkildə bu araşdırmalarla məşğul olmuşdular.

Orada çalışarkən, bir sıra erməni alimlərinin Moskvada elmi müdafiəsinin qarşısını ala bilmişdim. Çünki bu elmi işlərdə Qarabağda münaqişə törədə biləcək iddialar yer alırdı. Vəziyyət elə həddə çatmışdı ki, Moskvada bu mövzuda müdafiə etmək istəyən ermənilər məni axtarıb tapır, dissertasiyalarını verib deyirdilər ki, nə iradlarım, qeydlərim varsa, əvvəlcədən göstərim, müdafiə zamanı işlərini pozmayım…

80-ci illərin əvvəllərində Qarabağla, Naxçıvanla bağlı ermənilərlə çox ciddi mübahisələrim olurdu. 1987-ci ildə bu proses başlayanda mən artıq Moskvadan qayıtmışdım və Elmlər Akademiyasının Tarix İnstitutunda çalışırdım. Doktorluq işimin 90 faizi hazir idi, «Elm» nəşriyyatı 1988-cu ilin dekabr ayı üçün monoqrafiyamı çap planına salmışdı. Ancaq mən müdafiəmi kənara qoydum və dedim ki, Qarabağ məsələsi həll olunmayana qədər başqa işlə məşğul ola bilmərəm… Və  proseslər elə getdi ki, mən elmdən ayrılmalı oldum.

Bəli, razıyam ki, həmin vaxt münaqişənin qarşısını almaq mümkün idi.  Amma təəssüf ki, SSRİ rəhbərliyi tərəfindən böyük səhvlərə yol verildi.

Bu gün Rusiya telekanallarında tez-tez Karen Şahnazarov adlı bir nəfər ekspert kimi SSRİ-nin dağılmasından danışır, hər dəfə abstrakt fikirlər söyləyir. O, efirdə danışanda mən düşünürəm: görəsən, niyə studiyada bir nəfər də olsun ona demir ki, axı bu SSRİ-nin dağılmasının real, ən gerçək səbəbini elə sən bilirsən.

Xatırladım ki, məhz onun atası, Qorbaçovun köməkçisi Şahnazarov 1987-ci ilin əvvəllərində Ermənistandan bir qrup radikal millətçini – Zori Balayanı, Silva Kaptukyanı Qorbaçovla görüşdürmüşdü. Qorbaçov da həmin görüşdə özünü əsl dövlət xadimi kimi yox, erməni lobbisinə yaltaqlanan siyasətdən bixəbər adam kimi aparmışdı. Məhz o görüşdə ermənilərə xeyli ümidlər vermişdi. Həmin adamlar da Yerevana qayıdan kimi, camaatı ayağa qaldırdılar. Dedilər ki, Qorbaçov bizim tərəfimizdədir,  bir hərəkat yaratsaq, Qorbaçov Qarabağı ayırıb bizə verəcək.

SSRİ-nin dağılması prosesi bundan sonar başladı və indi bir çox tanınmış rus ekspertləri bunu etiraf edirlər.

 

– Dediniz ki, SSRİ-də ehtimal olunan konfliktlər öncədən araşdırlırdı. Bəs, bu elmi-siyasi dairələri o boyda ölkənin altına qoyulan «Qarabağ bomba»sını görmürdülərmi?

– Əlbəttə, görür, bilirdilər. SSRİ Etnoqrafiya İnstitutunda  alim-etnoqraflar tərəfindən 5-6 istiqamətdə tədqiqatlar aparılır, sorğular keçirilirdi. Onlar ermənilər arasında bu iddiaların olduğunu bilirdilər. Təkcə Dağlıq Qarabağ haqda deyil, Abxaziya, Qaqauz, krım-tatarları, Orta Asiyada özbəklərlə qırğızlar arasında münasibətlərə dair də araşdırmalar vardı. Bunların hamısı elmi araşdırmalar idi. Ekspertlər birbaşa suallar vermirdilər, amma dolayısı yolla narazılığın olub-olmadığını öyrənirdilər…

 

– Bəs necə oldu ki, cücərməsi bilinən bu konfliktlərin qarşısı zamanında alınmadı?

– Yekunda bu məsələ ilə məşğul olan ekspertlər arasında parçalanma oldu. Məsələn, Qalina Stravoytova kimi ekspert separatçıların ən böyük dəstəkçisi oldu. Hətta Ermənistandan SSRİ Ali Sovetinə deputat da seçilərək, onların ən böyük lobbiçisinə çevrildi. Elə ekspertlər də vardı, açıqca deyirdilər ki, bu problem SSRİ-nin parçalanmasına səbəb olacaq.

Yadımdadır, 1988-ci ilin yayında həmin institutun zalında, professor heyətinin qarşısında çıxış elədim və dedim ki, Qarabağ münaqişəsi digər yerlərdə də bu tip münaqişələrin başlanmasına səbəb olacaq və SSRİ dağılacaq. Əgər Kreml, Moskva bu təhlükəni görmürsə, siz alimlər bunu onlara deməlisiniz: SSRİ dağılacaq! Həmin iclasda məni müdafiə edən də, separatçılara dəstək verənlər də oldu. Ondan sonra məni SSRİ Mərkəzi Televiziyasına, məşhur jurnalist Kiselyovun verilişinə dəvət etdilər. O verilişdə bir neçə dəfə çıxış etdim… Yeri gəlmişkən, 1993-cü ildə ilk dəfə mərhum Heydər Əliyevlə tanış olanda, o, bunu xatırlamışdı.

 

– Səhv etmiriksə, Siz Heydər Əliyevlə ilk dəfə Naxçıvanda olanda görüşmüsünüz…

– Bəli. 1993-cü ilin əvvəlində Rusiyanın tanınmış icmalçıları Naxçıvana gələrək, Heydər Əliyevlə görüşməliydilər. Lakin siyasi icmalçılar müəyyən səbəblərdən gələ bilmədilər və məndən xahiş etdilər ki, onları əvəzləyim. Heydər Əliyevdən soruşanda ki, onların əvəzinə Eldar Namazov gələ bilərmi? Demişdi: «Gəlsin».  Mən də getdim. Heydər Əliyev Naxçıvanda məni Məclisdə müavinlərinə təqdim edəndə dedi ki, Eldarı televizorda Moskvadakı verilişlərdən tanıyıram…

 

– Deməli, ekspertlər arasındakı fikir ayrılığı hətta televiziya verilişlərində də ifadə olunub?

– Bəli, ekspertlər arasında Qarabağla bağlı parçalanma oldu. Dediyim ki, onların bir çoxu sonradan öz respubikalarında separatçı hərəkatların rəhbərlərinə çevrildilər. Məsələn, Abxaziya separatçılarının lideri Ardzinba elə Etnoqrafiya İnstitutunda işləyirdi. Bu prosesin qarşısını almaq istəyən şəxslər isə dövlət tərəfindən çıxış etməyə başladılar. Azərbaycanda isə  Qarabağla bağlı daha çox mən çıxış edirdim.

 

– Maraqlıdır, həmin ekspertlərin rəylərini, araşdırma və hesabatlarını Sovet rəhbərliyi, Kreml necə qarşılayırdı?

– Sovet rəhbərliyində də parçalanma vardı. Mixail Qorbaçovun dəstəsi bir mövqedən çıxış edirdi, digərləri başqa. Hətta Komsomolun qurultayında Qarabağ məsələsində mənim Qorbaçovla birbaşa toqquşmam da oldu…

 

– Mümkünsə, ətraflı…

– Mən heç vaxt komsomol işində olmamışam. «Gənc Alimlər» Şurasının sədri idim. Mənə dedilər ki, bu qurultayda azərbaycanlı və erməni gənclərinin prezident Qorbaçovla görüşü planlaşdırılır. Qarabağ məsələsi də, sözsüz, əsas mövzu olacaq. Məndən ekspert kimi orada iştirak etməyimi xahiş etdilər. Çünki bundan əvvəl, Kommunist Partiyasının XIX Konfransında, SSRİ Xalq Deputatlarının  Qurultayında da ekspert kimi iştirak etmişdim. Hətta qurultayda məni yaxşı mənada Azərbaycan rəhbərliyinin diqqətinə salacaq maraqlı bir hadisə də olmuşdu. O vaxt Moskvaya gedəndə öyrəndik ki, erməni nümayəndə heyəti Qarabağla bağlı 150-200 səhifəlik kitab hazırlayıblar və səhər onu qurultay nümayəndələrinə paylayacaqlar. Azərbaycan nümayəndə heyəti isə əliboş getmişdi. Bunu bilən kimi, dedim ki, ermənilərin kitabını təcili mənə çatdırsınlar… Xahiş etdim ki, səhər saat 6-ya qədər bir makinaçı və çoxaltmaq üçün də işçilər ayrılsın. Bir gecəyə həmin kitaba rəy hazırladım və rəydə ermənilərin kitabda yazdıqlarının yalan olduğunu əsaslandırdım. Səhər həmin 40 səhifəlik rəyi qurultay iştirakçılarının sayına uyğun çoxaltdıq və iclasda ermənilər o kitabı nümayəndələrin qarşısına qoyanda, biz də üstündə həmin rəyi təqdim etdik. Nümayəndələrin çoxu da elə o rəyi oxuyurdu.

Bakıya qayıtdıqdan sonra bu məsələni bilən birinci katib Vəzirov Elmlər Akademiyasına – mənim işlədiyim otağa zəng vurdu. Onda şöbə müdiri idim. Hətta deyəndə, «Sizinlə yoldaş Vəzriov danışacaq», işçilər inanmırdılar, elə bilirdilər, zarafatlaşırıq… Vəzirov zəng vurdu, təşəkkür etdi, onunla bir beş dəqiqəlik söhbətimiz oldu. Otaqda uşaqların hay-küyü, söhbəti davam edirdi. Elə bu vaxt Tarix İnstitutunun direktoru, mərhum İqrar Əliyev tələsik otağa girdi və mənə «Vəzirov sənə zəng vurdu? Bizdən sənin telefonunu soruşdu» dedi. Hamı çevrilib təəccüblə mənə baxdı. Ondan sonra hamı inandı ki, mən Birinci katiblə danışırmışam…

Beləcə, Komsomolun qurultayına da məni göndərdilər və dedilər ki, Qarabağla bağlı hökmən müzakirə olacaq.

Ancaq Moskvaya çatanda məlum oldu, Qorbaçov ayrıca Azərbaycan və Ermənistan gəncləri ilə deyil, bütün ittifaq gəncləriylə görüşəcək.

…Tədbir başladı, Qorbaçov gəlib çıxış elədi. Əvvəlcədən dedi ki, kimin nə sualı varsa, yazılı şəkildə təqdim etsin. Bir neçə sual da mən yazdım. Çıxışını bitirəndən sonra Qorbaçov başladı suallara cavab verməyə. Elə birinci sualı açıb oxuyanda dedi ki, «Azərbaycandan Eldar Namazov soruşur…» Mən sualı quranda zalı da nəzərə almışdım. Zalda müstəqillik tərəfdarları olan Pribaltika, Ukrayna, Gürcüstandan xeyli gənclər vardı. Sualım isə belə idi: «Rumıniyada, Almaniyada xalq-demokratik inqilabları baş verəndə onlara təbrik teleqramı göndərdiniz, 1990-cı ilin yanvarında isə Bakıya tankları göndərdiniz. Məgər, SSRİ-yə daxil olan respublikaların birində də xalq inqilabı ola bilməz?» Qorbaçov sualı oxuyandan sonra zala sükut çökdü. Sonra Pribaltika, Gürcüstan nümayəndələri başladılar əl çalmağa… Qorbaçov suala cavab verə bilmədi. Dedi: «Tarix özü bu suala cavab verəcək». Daha 3-4 sualı oxudu, sonra yenə «Eldar Namazov soruşur…» dedi. İkinci sualım belə idi: «Kommunist Partiyasının baş katibi seçiləndə Mərkəzi Komitənin Plenumu sizə 100 faiz səs verdi. Beş il sonra SSRİ prezidenti postuna isə 53 faiz səslə seçildiniz. Bu gedişatla, beş ildən sonra nə gözləyirsiniz?» Qorbaçov üzünü tutdu bizim nümayəndə heyətinə, dedi: «Siz nə bilirsiniz ki, Plenumda hamı mənə səs verib?» Sonra da dedi ki, 5 ildən sonra nə olacaq, deyə bilməz… Daha 5 sualdan sonra yenə kağızdan mənim adımı oxudu, diqqətlə suala baxdı və başa düşdü ki, bu sualı zala oxumaq olmaz. Kağızı çırpdı stolun üstünə və dedi: «Bu Eldar Namazov bu gün mənim üzərimdə istintaq qurub»…

 

– Həmin sual nə barədə idi?

– Sual belə idi: «Qarabağ məsələsi başlamazdan öncə, Amerikadakı erməni lobbisi Moskvaya gəlmişdi və Sizin xanımınız Raisa Maksimovna da onlarla görüşdü, bu görüşdən bir müddət sonra isə Qarabağ hadisələri başladı. Bu hadisələr arasında bir əlaqə var, ya yox?» Sualın mahiyyəti, altında yatan gerçəklər Qorbaçova bəlliydi və ona görə də bu sualdan bərk əsəbiləşmişdi.

 

– O vaxtkı Azərbaycan rəhbərliyinin də problemə münasibəti maraqlıdır. Hakimiyyət sizin Qarabağla məşğul olduğunuzu bilirdi. Sizə münasibət necə idi?

– Hadisələr təzə başlayanda Moskvadan bura nümayəndə heyəti gəlmişdi. Bir qismi SSRİ Elmlər Akademiyasından, bir hissəsi İctimai Elmlər Akademiyasından idi. Gəldim, gördüm ki, bunlar  Qarabağ problemi ilə bağlı heç nə təhlil edə bilmirlər. Bizimkilər də emosional çıxışlar edir. Orada çıxış elədim və bu çıxış Moskvadan gələnlərə çox böyük təsir göstərdi. Bu, mənim Qarabağla bağlı Bakıda ilk çıxışım idi. Tədbirdən sonra mənə bir cavan adam yaxınlaşdı, tanış olmaq istədiyini bildirdi. Bu, «Molodyoj Azerbaydjana» qəzetinin baş redaktoru Nəcəf  Nəcəfov idi. Səhər redaksiyada görüşdük. 1988-ci ilin yanvarın sonu, fevralın əvvəlləri idi. Azərbaycan KİV-lərində Qarabağda başlanmış hadisələr barədə heç nə getmirdi. Nəcəf mənə dedi ki, biz prosesin başlandığını bilirik, amma heç nə deyilmir. Dünənki çıxış əsasında bir məqalə yazmağımı istədi.  Dedim, yazaram, amma Qarabağla bağlı yazıların heç bir KİV-də çapına icazə vermirlər. Nəcəf dedi ki, «mən buzu sındıracağam». Elə səhəri gün qəzetdə baş redaktor kimi öz məqaləsini yazdı, «Susmaq olmaz» deyib, sinəsini qabağa verdi. Məhz o, ilk dəfə yazdı ki, Qarabağda erməni separatçıları baş qaldırıb, buna imkan vermək olmaz. O biri gün də qəzetin bir səhifəsində mənim məqaləm getdi. Həmin məqaləni sonra Azərbaycan diasporu Fransada çap elədi. İlk dəfə olaraq rəsmi qəzetdə ermənilərin iddialarına bənd-bənd cavab verildi.

 

– O vaxt Azərbaycan rəhbərliyi baş verən hadisələrə nə dərəcədə adekvat idi? Onlarda bu tarixi məsuliyyəti dərketmə hissini necə qiymətləndirirsiniz?

– Proseslərin inkişafı göstərdi ki, o zamankı Azərbaycan rəhbərliyinin atdığı addımlar adekvat deyildi. Bunu artıq tarix də təsdiq edib. Azərbaycanda siyasi elitada olanlardan kimlərsə hesab edirdi ki, SSRİ rəhbərliyi var, onlar da tədbir görəcək. Bizim rəhbərlərin çoxu Moskvadan nəsə gözləyirdilər. Deyirdilər, «Mərkəz yanlışlıq edib erməniləri qızışdırıb, indi də səhvlərini düzəltməlidirlər»… Bu gözləmə mövqeyi çox pis nəticələrə gətirib çıxardı. Ancaq bizdən fərqli olaraq, Pribaltikadakı kommunist rəhbərlərinin bir çoxu  müstəqillik uğrunda gedən hərəkata başçılıq etdilər, adekvat qərarlar verdilər.

 

– Belə çıxır, bizim o zamankı hakim elita Ermənistan elitasına uduzdu…

– Tək erməni elitasına yox…Onların Moskvada əlaqələri çox güclü idi. SSRİ rəhbərliyində olan şəxslər vəziyyəti bu həddə çatdırdılar. Bizim də səhvlərimiz oldu. Məni Qarabağla bağlı çıxışlarımdan sonra tez-tez Mərkəzi Komitəyə dəvət edirdilər. Elm şöbəsinin rəhbəri akademik Rafiq Əliyev 20-30 nəfər elm adamını çağırıb tapşırdı ki, Qarabağla bağlı prosesi necə görürüksə, onu yazıb verək. Mən və mərhum Aydın Məmmədov birgə oturub iki mövzuda fikrimizi yazdıq. Aydın hesab edirdi ki, Qarabağla bağlı hakimiyyətlə xalqın, o cümlədən o zaman yenicə formalaşan müxalifətin birliyinin təmin olunması çox mühümdür və bu olmasa, Azərbaycanı içəridən parçalaya bilərlər.

İkinci vacib mövzu isə Ermənistandan qovulan azərbaycanlıları Dağlıq Qarabağda yerləşdirmək idi. Ermənilər görsə ki, oradan qovulan azərbaycanlıları Qarabağda yerləşdiririk, onlar bundan çəkinəcəkdi. Bu təklifləri hazırladıq. Sonra bildim ki, mənim təklifim əsasında artıq birinci qrup qaçqınları Dağlıq Qarabağda yerləşdirməyə başlayıblar. Qorbaçov bunu biləndən sonra zəng vuraraq Azərbaycan rəhbərliyinə təzyiq göstərməyə başladı. Prosesi yarımçıq qoydular. Gərək, Qorbaçova «yox» deməyi bacaraydılar. Gözləmə mövqeyində olanlar vəziyyəti adekvat qiymətləndirə bilmədilər.

 

– AXC hakimiyyəti dönəmində aparılan Qarabağ siyasətini necə qiymətləndirmək olar?

– Onlar çox az müddətdə hakimiyyətdə qaldılar. Onlar da bunun qarşısını ala bilmədilər. Mənim AXC hökuməti ilə də bağlı mübahisələrim olurdu. Hansı addımları atmaq lazımdır, hansını yox – deyirdim. AXC hakimiyyəti dövründə məni ən çox narahat edən məsələ ATƏT-in Minsk Qrupunun yaradılması idi. Bu qərar AXC hakimiyyəti zamanı qəbul edildi. Mən AzTV-də çıxış elədim, mətbuat konfransı keçirdim. Dedim, Azərbaycan hökuməti Minsk Qrupunun yaradılmasına razı olmamalıdır, bu, bizim suverenliyimizi məhdudlaşdırmaq və onun bir hissəsinin xarici təşkilatların əlinə vermək deməkdir. Yadınıza salın: Birinci çeçen müharibəsini uduzandan sonra Rusiya hökuməti ATƏT-in vasitəçiliyini yaxına buraxmadı, gedib separatçılarla Xasavyurt sazişini imzalamağa razı oldu. Faktiki olaraq, birinci müharibədə məğlub olduqlarını etiraf etdilər. Amma imkan vermədilər ki, beynəlxalq təşkilatlar gəlib Rusiya ərazisində münaqişənin həlli ilə məşğul olsun. Bir neçə ildən sonra güclənib ikinci müharibəni uddular.

O zaman xarici işlər naziri Tofiq Qasımov ATƏT-in sammitinə gedirdi. Bu məsələ orada müzakirə olunmalı idi. Tofiq Qasımov hava limanında jurnalistlərə demişdi ki, Minsk Qrupunun yaradılmasına Azərbaycan razılıq verməyəcək.  Ancaq 2-3 gündən sonra xəbər gəldi ki, Azərbaycan buna razılıq verib. Qayıdanda jurnalistlər bu barədə sual verəndə Tofiq bəy belə cavab Verdi: «ABŞ dövlət katibi Kristofer ded ki, siz Minsk Qrupunun yaradılmasına razılıq verin, biz də kömək edərik».

İndi düşmüşük üstünə ki, ATƏT niyə məsələni həll etmir…ATƏT bu günə qədər hansı konflikti həll edib ki?!

 

– Yəqin ki, Siz prezident köməkçisi olduqdan sonra Qarabağ probleminin səbəblərini daha aydın görmək imkanınız oldu. Bugünkü status-kvonun yaranma səbəbləri barədə nə deyə bilrsiniz?

– Naxçıvanda Heydər Əliyevlə ilk tanışlığımz zamanı o məndən bir gün ləngiməyimi, Bakıya qayıtmamağı xahiş etdi. Onun yanına iki xarici nümayəndə heyəti gəlmişdi -biri Türkiyədəniydi, o birisə Masxadovun rəhbərliyi ilə Çeçenistandan… Masxadov Naxçıvandan Türkiyəyə gedəcəkdi. Görüşlərin başlanmasına 40 dəqiqə qalmış Heydər Əliyev məni dəvət edirdi və görüşlə bağlı söhbət edirdik. Görünür, elə o vaxtdan Əliyev gələcəkdə məndən köməkçi kimi istifadə edəcəyini planlayıbmış. Çünki Heydər Əliyev Bakıya gələndən sonra məni aparata işə dəvət elədi. Gördüm ki, elə həmin işdi…

Şahidi və iştirakçısı olduğum xeyli görüşlər var ki, mətbuata çıxmırdı – istər Ter-Petrosyanla, istərsə Yeltsinlə təkbətək görüşlər olsun. Şübhəsiz, bu proseslərdə iştirak zamanı, bildiklərimdən savayı, aldığım informasiyalar mənzərəni mənim üçün tam aydınlaşdırdı. Problemin bilinməyən tərəflərini də müəyyən elədim. Məni üçün tam aydın oldu ki, Rusiyanın siyasəti regionda Ermənistanla Azərbaycan arasında  güc balansının dəyişməsinə imkan verməməyə köklənib. Azərbaycan Ermənistandan qat-qat güclü ola bilər, amma Rusiya balansı heç vaxt azərbaycanlıların xeyrinə dəyişməsinə imkan verməyəcək. Bunu mən Yeltsinin ağzından birbaşa eşitdim. 1994-cü ildə atəşkəs nə üçün imzalandı? Hərbi əməliyyatlarda təşəbbüs artıq keçirdi Azərbaycanın tərəfinə… Biz 1994-cü ilin qışında Kəlbəcər əməliyyatını keçirdik. Bir sıra əraziləri azad etdik. Ermənilər şokda idi. Bir aydan sonra ermənilər cavab olaraq Bərdə və Tərtər istiqamətində hücum etdilər. Azərbaycan ordusu düşmənə çox layiqli cavab verdi. Minlərlə erməni əsgəri tələf oldu. Hiss olunurdu ki, ermənilər artıq uzunmüddətli müharibəyə tab gətirə bilmir. O dövrdə Heydər Əliyev atəşkəsə imza atıb-atmamaq barədə qərar verməli idi. Bizdə daxildə də fikirlər haçalanmışdı. Bir çoxu deyirdi ki, təşəbbüs Azərbaycanın tərəfinə keçir, gərək bu fürsətdən istifadə edək. Heydər Əliyevlə söhbətim zamanı o dedi: «Bilirsən, bu gün 10 erməni tankını məhv edirik, sabah yerində yenə 10 təzə erməni tankı peyda olur. Haradan gəlir? Onları da məhv edirik. Səhər yenə 15 yeni erməni tankı gəlir. Araşdırıb görürük ki, Gürcüstandan -Rusiyanın hərbi bazasından verilir…Yəni biz ermənilərlə vuruşmuruq. Ona görə, indiki vəziyyətdə atəşkəsə imza atmaq lazımdır ki, gücümüzü səfərbər edə bilək, neft müqavilələrini imzalayaq».

 

– Rusiyanın Azərbaycan hakimiyyətindən nə kimi istəkləri, aşkar təzyiqləri var idi?

– Ruslar ciddi-cəhdlə münaqişə bölgəsinə sülhməramlı qüvvələr kimi qayıtmaq istəyirdilər. Əvvəl şərt qoydular ki, rus batalyonları gəlsin. Heydər Əliyev bunu qəbul etmədi. Bundan sonra sənədlərlə subut elədik ki, Rusiya 1 milyard dollarlıq silahı Ermənistana verib. Kreml bu məlumatın yayılmasının qarşısını almağa çalışsa da, xəbəri Rusiyanın əsas KİV-lərində yaya bildik, böyük qalmaqal qopdu. Bundan sonra  məsələni müzakirə etmək üçün prezident Heydər Əliyevin Rusiyaya səfəri oldu. Yeltsinlə görüşdə cəmi 4 nəfər – Yeltsin, Əliyev, mən və Yastrejembski iştirak edirdi. Yeltsin açıq  şəkildə dedi ki, biz Qafqazda güclərin  balansının dəyişməsinə imkan verməyəcəyik! Həmin fikri mən bu gün Putin administrasiyasından, Rusiya XİN-dən eşidirəm.  Bu, Rusiyanın aydın strateji xəttidir. Bunu bilməliyik.

 

– Rusiya belə pat vəziyyətindən nə qazanır? Bu qeyri-müəyyənlik Moskvaya nə verir?

– Bu ayrıca böyük bir söhbətin mövzusudur. Dünya tarixində prosesləri, hadisələri güc amili və diplomatiya həll edir. Elə olub ki, dövlətlər müharibəni udub, diplomatiyada uduzublar və ya əksinə… Bu iki amil bir-birini tamamlamalıdır. Azərbaycan ordusunun və diplomatiyasının üzərinə düşən vəzifələr var. 90-cı illərdə dünyada belə rəy formalaşmışdı ki, Azərbaycan ordusu zəifdir, torpaqlarını azad edə bilməz. Buna baxmayaraq, bizim diplomatiyamız çox fəal idi. Biz o zaman ardıcıl olaraq bir sıra diplomatik uğurlar əldə etdik. 1994-cü ildə ilk dəfə olaraq ATƏT-in sülhməramlı qüvvələrinin formalaşması və onun Qarabağda yerləşdirilməsi barədə siyasi qərar ala bildik. O dövrdə Rusiya da, Ermənistan da bunun əleyhinə idi. ATƏT-in digər iclasında üzv ölkələr Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət vermək barədə qərar qəbul etdilər. Bu, çox böyük qələbə idi. İlk dəfə qərar verildi ki, Qarabağ məsələsində ərazi bütövlüyü prinsipi öndədir. Buna qədər isə bu barədə müzakirələr gedirdi. Bunun əldə olunması üçünsə Azərbaycan diplomatiyası son dərəcə böyük, fəal iş aparırdı.

 

– Bəs bu gün vəziyyət necədir? Bu aktivliyi müşahidə edirsiniz?

– İndi müşahidə etmirəm. Hesab edirəm ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan ordusu bizim diplomatiya üçün yaxşı fürsətlər açdı, güc balansının dəyişdiyini nümayiş etdirdi. Göstərdi ki, siyasi qərar veriləcəyi təqdirdə, Azərbaycan ordusu  torpaqları işğaldan azad etməyə qadirdir. Təəssüf ki, bu bir il ərzində mən yalnız  «ermənilərlə danışıqlara hazırıq», «ermənilər danışıqlardan qaçır», «substantiv danışıqlara hazırıq» kimi bəyanatlar verilir. Hansısa ciddi addımlar görmədim. Erməni tərəfi isə  konkret istiqamətlər müəyyənləşdiriblər. Rusiya ilə işləyirlər ki, Moskva mərhələli plana razılıq verməsin. Rusiyanı qorxudurlar ki, əks-təqdirdə Ermənistan əldən gedəcək, dövlət çevrilişi olacaq… Bunların hamısı şantajdır və erməni hökuməti özü təşkil edir. Qərbə isə deyirlər ki, inteqrasiyaya hazırıq, ruslarla azərbaycanlılar birləşib Ermənistanın əleyhinə qərarlar qəbul etmək istəyir, qoymayın Moskva bizə təzyiq eləsin. Bununla yanaşı silah istəyirlər. Danışıqlarda da etimad məsələsi qoyublar. Deyirlər ki, atəşkəs üzərində monitorinq, insidentlərin araşdırlması komissiyası olmasa, biz danışıqlara  getmirik.

Ermənilər aprel döyüşlərindən yaxşı nəticə çıxarıblar, bizim diplomatiya isə yox…

 

– Sizcə, Azərbaycan diplomatiyasının passivliyi təkcə XİN-in passivliyi ilə bağlıdır, yoxsa hakimiyyətin müəyyən etdiyi bir çərçivə var və ondan kənara çıxa bilmir?

– Bizim XİN-in passivliyi göz önündədir. Bizə elə gəlir ki, Məmmədyarovla Nalbəndyanın bir masa arxasında oturması diplomatiyanın qələbəsidir. Bu arada məni çox təəssüfləndirən hadisə baş verdi: Azərbaycan XİN-I ATƏT-in toplantısında sənəd yaydı və orada atəşkəslə bağlı «Bişkek protokolu» əsasında nail olunmuş razılaşmaya istinad elədi. Bu, o qədər böyük səhvdir ki, bu günə qədər başa düşə bilmirəm, buna necə yol verdilər?! 1994-cü ildən bəri ermənilər və onlara dəstək verən Kazimirov kimilər hər il deyirlər ki, atəşkəs «Bişkek protokolu» əsasında qurulub. Guya, bu protokola 3 dövlət imza atıb – Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ. Biz də neçə ildir onların bu bəyanatlarını ifşa edirik ki, bu sənəd üçtərəfli olmayıb. Azərbaycan ona imza atmayıb. Rəsul Quliyev ilkin variant qol çəkməkdən imtina edib və 2-3 gündən sonra onu 2 vacib şərtlə imzalayıb. Şərtlərdən biri bu idi ki, protokola Azərbaycan icması da imza atmalıdır. Rəsul Quliyevin də bu şərti qəbul olunmayıb və protokolda imzası yoxdur. Müharibə davam edib. Bundan bir müddət sonra isə məsələ başqa bir üsulla – faksla həll olunub. Azərbaycan faks göndərib ki, mən filan tarixdən atəşi dayandırıram, erməni tərəfi də eyni faksı göndərib. Ayrı-ayrı fakslar olub. Bunun «Bişkek protokolu»na heç bir aidiyyəti yoxdur. Üçtərəfli sənəd mövcud deyil. Bunu hər il deyirik. İndi birdən-birə bizim XİN rəsmi bəyanatında «Bişkek protokolu»na istinad edir. Bundan sonra ermənilər bu sənəddən yapışacaqlar.

 

– Eldar müəllim, son vaxtlar bir çox ekspertlər deyir ki, Azərbaycanın Rusiya ilə münasibətləri artıq fərqli müstəvidə qurulur və Moskva bu problemin həllində Azərbaycana hansısa halda kömək edəcəyi vədini verib. Bu fikirləri nə dərəcədə əsaslı sayırsınız?

– Rusiyanın birinci marağı odur ki, öz təsirini daha da artırsın, həm Azərbaycana, həm də Ermənistana təzyiq mexanizmlərini əlində saxlasın. Rusiya üçün ən önəmli prioritet məsələ konflikti dondurulumuş vəziyyətdə saxlamaqdır. Bu, Azərbaycanı qane etmir. Azərbaycanın əlində də Rusiyaya təzyiq vasitələri də var və hələ bir çoxundan istifadə olunmur. Əgər Rusiya  konflikti dondurulmuş vəziyyətdə saxlaya bilməsə, «B planı»na keçə bilər: beş rayon azad olunur, sərhədlər açılır və s. «Mərhələli həll planı» adlanan planla belə, konflikt həllini tapmır. Bu, yenə Rusiyaya konflikti nəzarətdə saxlamaq imkanı verəcək. Beş rayon qayıtsa da, Dağlıq Qarabağın statusu yenə də qeyri- müəyyən dövrə qədər açıq qalır. Üstəlik, əvəzində rus qoşunları sülhməramlı kimi gəlir. Laçın dəhlizinə ruslar nəzarət edəcəksə və sərhəddə də olacaqlarsa, bu, ruslara əlavə manipulyasiya imkanı verir. Odur ki, «mərhələli həll» variantının  ruslar üçün məqbul olmadığını demək olmaz. Hələlik onlar üçün indiki «A planı» daha aktualdır: münaqişə dondurulmuş halda qalmalıdır. Əgər Bakı istəyirsə Moskva «A planı»ndan imtina edib «B planı»na keçsin, o zaman Rusiya ilə çox ciddi işləmək lazımdır. Bu zaman Rusiyanın mənfəətlərini göstərməkdən əlavə, Bakı medalın o biri üzünü də göstərməyi bacarmalıdır: Rusiya bilməlidir ki, «mərhələli plan»a dəstək verməsə, nələri itirə bilər…

 

– Rusiya nələri itirə bilər?

– Məsələn, Azərbaycan hər il Rusiyadan milyard dollarlıq silah alır. Bunun hesabına Rusiyanın hərbi sənayesi dirçəlir, zavodları işləyir, işçiləri maaş alır. Həmin zavodlarda istehsal olunan silahların bir hissəsini isə Rusiya pulsuz olaraq Ermənistana verir. Belə çıxır ki, Azərbaycan Ermənistan ordusunu maliyələşdirir. Məlumdur ki, ermənilərin pulu yoxdur, kredit adı ilə bu silahları götürürlər. Bu krediti isə ermənilər heç vaxt ödəmirlər. Ruslar krediti həmin zavodun işçilərinə maaş kimi verə bilməzlər axı? Pul lazımdır. Bu pulu isə Azərbaycan verir.

Azərbaycan silah müqavilələri zamanı şərt qoya bilər ki, Rusiya «A planı»ndan «B planı»na keçməlidir. Yoxsa biz niyə bu silahı Rusiyadan almalıyıq? Biz bu silahı başqa ölkələrdən, məsələn, Pakistandan da ala bilərik, Ukraynadan da… Azərbaycanın bir neçə milyardı Rusiyaya verib-verməməsi  və ya Pakistana verməsi Kreml üçün problem sayılmasa da, Ukraynaya verməsi Moskva üçün ciddi problemdir.

Və yaxud, Azərbaycan inteqrasiya yolunu başqa istiqamətlərə seçə bilər və s.

Təbii ki, burada risklər də çoxdur. Ancaq ruslar da bilməlidir ki, Azərbaycan iki pis yoldan birini seçməli olacaq.

 

– Bu məsələdə Azərbaycanın siyasi elitasında fikir ayrılığı görürsünüzmü?

– Mən xarici siyasətlə daxili siyasəti bir-biri ilə qarışdırmıram. Xarici siyasət demokratik, yaxud avtoritar olmur: ya uğurlu, ya uğursuz olur. Mən görürəm ki, ən demokratik ölkələr belə, lazım gələndə, xarici siyasətdə çox sərt addımlar atırlar. Bəzən avtoritar ölkələr isə Azərbaycanın haqq işini müdafiə edirlər. Məsələn, mənim Qazaxıstanın və Belarusun daxili siyasətinə böyük iradlarım var. Ancaq ölkəmizin haqq işində bizə belə dəstək verirlərsə, bizim bir istiqamətimiz o ola bilər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri ilə ikitərəfli hərbi müqavilələr, o cümlədən bir-birinə hücum etməmək, hərbi yardım haqqında saziş imzalayaq. Ən azından Qazaxıstan və Belarus buna gedə bilər. Onların da iki beynəlxalq öhdəliyi olacaq: KTMT daxilində Ermənistanla öhdəlikləri, ayrıca olaraq Azərbaycanla öhdəlikləri…Ən azı, təşkilatı neytrallaşdrmaq olar.

Diplomatiyamız aktiv olsa, bir çox məsələləri qaldıra bilərik. Ermənilər deyir, «atəşkəs xəttində etimad bərpa edilsin». Axı etimad təkcə orada olacaq məsələ deyil. Danışıqlarda olan məsələlər də etimadla bağlıdır. Azərbaycan 25 ildir danışıqları aparır. Bir qarış torpağı qaytarmayıblar. İşğal altında olan ərazilərdə adları dəyişirlər, erməniləri məskunlaşdırırlar. Məhz Azərbaycan burada etimad məsələsini qaldırmalıdır. Erməni monitorinq məsələsini qaldıranda, biz də deyə bilərik ki, bəli, biz bunu edə bilərik, amma komissiya yaradaq görək, siz nə qədər erməni məskunlaşdırmısınız? Onların hamısı oradan çıxmalıdır, yer adları bərpa olunmalıdır və s.

Müharibə məsələsində də belədir: ermənilər etiraf edirlər ki, Ermənistan ordusu Dağlıq Qarabağdadır. Biz niyə müharibəni Dağlıq Qarabağda aparmalıyıq? Ermənistan öz ordusunu Qarabağ ərazisinə göndərirsə, o zaman bəlkə bizim üçün Zəngəzur tərəfdən Ermənistan torpaqlarını tutmaq və danışıqlarda istifadə etmək əlverişlidir? Bəlkə, Yerevanı almaq Xankəndini almaqdan daha asandır? Biz, bəyəm, öhdəlik götürmüşük ki, düşmən bizə hansı ərazidən hücum edirsə, o ərazidə döyüşəcəyik? Sən burda mənimlə müharibə aparırsan, mən başqa istiqamətdə sənə cavab verirəm.

Dünya bunu bilməlidir ki, Azərbaycan hansı prinsiplərlə hərəkət edir. Aprel döyüşlərindən sonra Azərbaycanın öz konsepsiyası olmalıdır. Azərbaycanın aprel döyüşlərinə qədərki diplomatiyası ondan sonrakından fərqli olmalıdır.

 

– Siz Ermənistan-Azərbaycan Sülh Platformasını dəstəkləmisiniz. Bu prosesin perspektivini necə görürsünüz?

– Birincisi, belə tip münaqişələrdə əsas rolu dövlət və onun gücü oynayır. Xalq diplomatiyası həmişə burda yardımçıdır. O yardımçı rolu da heçə endirmək lazım deyil. Bu, çox vacibdir. Sən güc tətbiq edib istəyinə nail olmaq istəyirsənsə, onun da öz diplomatiyası var. O cümlədən xalq diplomatiyası var. Dünya başa düşməlidir ki, sən güc tətbiq etməyə məcbursan. Güc tətbiq edəndən sonra orda vəziyyət yaxşılaşacaq: insan haqları qorunacaq, milli azlıqlara şərait yaradılacaq. Bu, təkcə hərbçilərin yox, o cümlədən diplomatların, xalq diplomatiyasının işidir. Bu proses paralel getməlidir.

Mən Sülh Platformasını ona görə dəstəklədim ki, onlar Azərbaycanın «paket variantı»nı ortalığa qoydular. Bu günə qədər danışıqlarda Azərbaycanın «paket variant» yox idi. Həmişə mərhələli plandan danışırdıq. Başa düşürük ki, ermənilər başqa bir kompromisə gedə bilməzlər. Amma indi Sülh Platformasını irəli sürməklə, biz faktiki olaraq, Koçəryanın, Sərkisyanın 1999-cu ildən bəri ortalığa qoyduğu mövqeyə alternativ mövqe qoyduq.  Onlar paket həll istəyirdilər, buyurun, paketin iki variantı var: siz deyirsiz, Dağlıq Qarabağ Azərbaycandan ayrılmalıdır, biz də deyirik paket olmalıdır, Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməlidir. Bu iki paket alınmasa, «mərhələli plan» yeganə variantdır. Bu, bizim üçün «qırmızı xətt»dir.

Odur ki, bu Sülh Platforması önəmlidir: həm beynəlxalq ictimaiyyətdə fikir formalaşdırmaq, həm də bizim diplomatların güclü mövqedən çıxış etməsi üçün.

İndi bəziləri deyir ki, buna az erməni imza atıb. Bəs Sərkisyanın təklif etdiyi sülhə Azərbaycanda neçə nəfər dəstək verib?! Bir nəfər də yoxdur! Heç bir azərbaycanlının razı olmadığı paket variantını Sərkisyan 1999-cu ildən bəri hansı ağılla ortaya qoyur?! Deməli, imitasiya ilə məşğuldur. Onlar əgər «paket variant»ını ortaya qoyursa, bizim Azərbaycanın da «paket variant»ı mövcuddur və biz onu dəstəkləyirik.

 





30.04.2017    çap et  çap et