Vaxt.Az

Yarasız rejimin vaxtı ötmüş silahları


 

Ermənilərin Xocavənd tərəfdə raket tətbiqi, polkovnik Əliyevin eşitdikləri və digər detallar

Yarasız rejimin vaxtı ötmüş silahları Xəbər verildiyi kimi ötən həftə Müdafiə Nazirliyi ermənilərin təmas xəttində «Osa» zenit-raket kompleksinin uğursuz tətbiqini həyata keçirdiyi barədə məlumat yayıb. Məlumatda deyilirdi ki, ermənilərin buraxdığı raket boş əraziyə düşüb və heç bir zərər yetirməyib. Üstəlik raketin qalıqlarını araşdıranda onun istismar müddətini başa vuraraq yararsız hala düşdüyü də Azərbaycan hərbçiləri tərəfindən müəyyən olunub.

Virtualaz.org qeyd edir ki, erməni tərəfi «Osa» zenit-raket kompleksinin tətbiqinə dair məlumatı təsdiqləməyib, bildirib ki, təmas xəttində zenit-raket komplekslərinin tətbiqini zəruri edəcək hansısa situasiya yaranmamışdı.

Təmas xəttində müntəzəm olaraq atışmalar baş versə də tərəflər atıcı silahlardan və uzağı minomyotlardan istifadə edirlər. Hava döyüş vasitələrindən istifadə isə ötən ilin aprelindən bəri qeydə alınmayıb. Bu baxımdan ermənilər «Osa» raketini niyə tətbiq etmişdilər və təkzibedilməz dəlillərin-raketin düşdüyü yerdən fotoların yayılmasına baxmayaraq faktı niyə təkzib etmişdilər?

İstefada olan polkovnik, keçmiş hərbi hissə komandiri İlqar Əliyev virtualaz.org-a açıqlamasında deyib ki, o, həmin xəbəri eşidəndən sonra təmas xəttinin həmin istiqamətində xidmət edən hərbçi dostları ilə əlaqə saxlayıb. Təfərrüatları dəqiqləşdirib. Məlum olub ki, ermənilər əslində 3 «Osa» raketi buraxıb. Polkovnik iddia edir ki, bu raketlərdən biri Ermənistan ordusuna aid pilotsuz uçan aparatı (PUA) vurub salıb, ikincisi Azərbaycan ordusunun nəzarətindəki boş əraziyə düşüb. Üçüncü raket isə ermənilərin səngərlərinin üzərində partlayıb və İlqar Əliyevin dediyi kimi, onları panikaya salıb.

Ermənistan ordusunun 1 yox, əslində 3 raket tətbiq etdiyi barədə məlumatın nə dərəcədə dəqiq olduğu məlum deyil. Lakin MN azı 1 «Osa» raketinə dair məlumat yayıb və görüntüləri təqdim edib. Və bu faktdan çıxış edərək erməni işğalçı qüvvələrinin hansı zərurətdən bu köhnəlmiş sovet zenit-raket kompleksindən atış həyata keçirdiyinə dair bəzi təxminlər irəli sürmək olar.

Məlumdur ki, pilotsuz uçan aparatların dünyadakı münaqişə ocaqlarında tətbiqi sürətlə genişlənir. İş o yerə çatıb  ki, nəinki dövlətlər, İŞİD, «Həmas», «Hizbullah» kimi qruplaşmaların da öz PUA-larından, hətta zərbə təyinatlı PUA-larından ibarət «donanmalar» yaradıblar.

Cəmi bir neçə il əvvələ qədər PUA-lardan hərbi məqsədlə istifadə ancaq dünyanın qabaqcıl ölkələri üçün xas idi. Bu texnoloji yenilik çoxları üçün əlçatan deyildi. Və regionda hərbi təyinatlı PUA-lara malik olan ilk ölkə Azərbaycan oldu. İsraildən alınan PUA-ların birinci partiyası Azərbaycan ordusunun arsenalına daxil ediləndə bölgə ölkələrinin əksəriyyətində, o cümlədən Ermənistanda belə vasitələr mövcud deyildi.

Lakin texnologiya digər sahələrdə olduğu PUA-lar sahəsində də sürətlə inkişaf etdi və pilotsuz uçan aparatlar artıq internet-mağazalarda sərbəst satılan avadanlığa çevrildi. Və Ermənistan da taktiki-texniki göstəriciləri Azərbaycanın malik olduğu PUA-larla müqayisə olunmasa belə, bir neçə tip pilotsuz aparatlar istehsal etməyə, yaxud almağa başladı. O cümlədən internet-mağazalarda satışı sərbəst olan ucuz kvadrakopterlərdən hərbi məqsədlə yararlandı.

Pilotsuz uçan aparatların kəşfiyyat aparmaqda və artilleriya sistemlərinin atəşini korrektə eməkdə əvəzolunmazlığına şübhə yoxdur. Eyni zamanda PUA-lar arabir rəqibin hava hücumundan müdafiə sistemini «yoxlamaq» üçün də işə yarayır. Yaxud rəqib silahlı birləşmə qarşı tərəfin PUA-sını öz hava hücumundan müdafiə sistemləri ilə hərdən zərərsizləşdirməklə bir növ real döyüş şəraitində havadan müdafiə təlimləri keçirə bilər.

Və belə görünür ki, erməni tərəfinin ötən həftə Xocavənd istiqamətində «Osa» raketini tətbiq etməsinin motivi də məhz budur. Bu zenit-raket kompleksləri Ermənistanın, o cümlədən Qarabağdakı erməni silahlı birləşmələrinin sərəncamında çoxdan var. Ancaq sovet hərbi anbarlarından qalma bu komplekslərin istismar müddəti başa çatdığından onların döyüş qabiliyyətini arabir yoxlamaq lazımdır. (Hərbi nöqteyi nəzərdən taktiki PUA-lara qarşı hər dəfə zenit-raket komplekslərindən istifadə həddən artıq israfçılıq demək olardı.) Ona görə də ermənilər böyük ehtimalla Azərbaycan ordusunun həmin ərazidə uçuşlar edən PUA-sına qarşı «Osa» raketini sınamağa çalışıblar ki, bu raketlərin işə yarayıb-yaramadığını yoxlasınlar. Və bu sınaq uğursuz olub.

Qeyd etmək lazımdır ki, Azərbaycan ordusu da öz havadan müdafiə sistemlərinin işini yoxlamaq üçün arabir ermənilərin PUA-larından mişen kimi istifadə edir. Məsələn, Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı, general Ramiz Tahirov 2015-ci ilin sentyabrında telekanallardan birinə müsahibəsində deyib ki, Azərbaycan ordusunun arsenalında olan «Buk» və «S-125» zenit-raket kompleksləri ilə Ermənistanın pilotsuz uçuş aparatları məhv edilir. «Amma Ermənistan Azərbaycanın pilotsuz uçuş aparatlarını vura bilmir. Halbuki Azərbaycanın pilotsuz kəşfiyyat təyyarələri hər gün manəsiz uçuşlar həyata keçirir», - general bildirib.

PUA-ların vurulması üçün hər dəfə zenit-raket komplekslərini tətbiq etmək əlbətdə, real deyil. Bu baxımdan dünyanın aparıcı ölkələrinin hərbi strukturları PUA-lara qarşı elektron mübarizəyə «stavka» edirlər. Hansı ki, Azərbaycan bu sahədə də ən qabaqcıl vasitələri əldə edir...

 





01.05.2017    çap et  çap et