Vaxt.Az

Şəkər kimi mehriban qovuşma


 

«Zöhrab gözümüzün önündə özünü məhv etməklə məşğul idi»

Şəkər kimi mehriban qovuşma Ötən gecə çağdaş Azərbaycan mətbuatının tanınmış simalarından olan, istedadlı qələm adamı Zöhrab Əmirxanlı dünyasını dəyişib. 1990-cı illərin əvvəllərində yüksək nüfuz qazanan mətbuatın keşikçilərindən olan jurnalist bir sıra qəzetlərdə çalışıb. «Müxalifət», «Azadlıq», «Şans», «Səhər», «Gündəlik Teleqraf», «Aydın Yol» və s...

Ümumiyyətlə, Zöhrab Əmirxanlı bir yerdə çox dayanmağı xoşlamadığından işlədiyi mətbuat orqanlarının sayı da çox olub.

Mərhumun yaxın dostları olan tanınmış jurnalistlər onunla bağlı təəssüratlarını, ölümünün əsas səbəblərini Modern.az saytı ilə bölüşüblər.

Şair Qulu Ağsəs hadisənin ona pis təsir etdiyini, Zöhrab Əmirxanlının özü-özünü ölümə apardığını bilə-bilə yenə də bu itkiyə inanmadığını deyib: «Çox pisəm, düzü, bilmirəm ki, nə deyim. Birlikdə işləmişik, dostluq eləmişik. Canını qoymağa yer tapmayan adam idi. Nə həyatda, nə mətbuatda, nə bir başqa yerdə... Daha sonra «Facebook» sosial şəbəkəsinə gəldi. Orada da narahat idi. Soruşurdum ki, «ay Zöhrab, sən bir yerdə dinclik tapacaqsan? «Facebook»da da narahatsan, həyatda da narahatsan...». Sonuncu dəfə çörək yeyəndə kafedə təsadüfən görüşdük. Dedim, bu qədər olmaz, sən şəkərsən. Hər bir şey onu əsəbiləşdirirdi.

Son vaxtlarda da telefonuna zəng çatmırdı. Bir neçə gün olardı ki, «Facebook»dan da istifadə etmirdi, telefonunu da söndürmüşdü. Mən fikirləşirdim ki, o, sosial şəbəkədən getsə, yaxşıdı. Çünki «Facebook» da onu çox əsəbiləşdirirdi. Kimsə nəsə yazırdısa, yaşına rəğmən ona dərhal reaksiya verirdi.

Söz üçün yanan, söz üçün əriyən, istedadlı qələm adamlarından idi. Jurnalistikanı, Azərbaycanı, ailə və övladlarını çox sevirdi. Bu adam 13 yaşından xəstə idi. Bir dəfə vurdurduğu iynələrin sayını yazmışdı, mən dəhşətə gəlmişdim. O, 13 yaşından bu yana minlərlə iynə vurdurub. Həyat yoldaşı da çox istedadlı jurnalist idi - Mehriban Əbülfətqızı. Mehriban xanımın qəfil vəfatı dünyada onsuz da özünə yer tapa bilməyən Zöhrabı bir az da ölümə tərəf çəkib apardı. Həddindən artıq çox istədiyi xanımının vəfatından sonra kompasını tamam itirdi. Həyat kompası tamam yoxa çıxdı. Artıq hara getdiyi, hardan gəldiyi də bilinmirdi. Dostlarının bütün təsəllilərinə rəğmən, onu qorumaq mümkün olmadı. Çox çalışsaq da, bilirdik ki, Zöhrabı saxlaya bilməyəcəyik.

Bütün bunlara rəğmən adam onun ölümünə inana bilmir. Baxmayaraq ki, gözümüzün önündə özünü məhv etməklə məşğul idi. Yenə də heç cür inana bilmirəm. Bu xəbəri eşidəndən çox pis olmuşam. Bayaqdan kompüter ekranından fotolarına baxıram».

Qocaman jurnalistlərdən olan və vaxtilə Zöhrab Əmirxanlının baş redaktoru olmuş Məzahir Süleymanzadə mərhum qələm dostunun ölüm səbəbini belə əlaqələndirir:

«O, çox həssas adam idi. Ömür-gün yoldaşı Mehriban xanımla bir oxumuşdular, o da jurnalist idi. Təxminən, bir neçə il bundan əvvəl Mehriban xanım dünyasını dəyişdi. Bu hadisə Zöhrabın səhhətinə də ciddi təsir göstərdi. Tez-tez ürək tutmaları olurdu. Ürəyindən şikayət edirdi. Bu dəfə görünür, həmin sarsıntılar özünü daha çox göstərib. Əsas şikayəti də elə bu idi. Çox həssas idi. Dövrün problemləri ilə, haqsızlıqlarla barışmışmırdı. Hər yerdə ədalət axtarırdı. Adicə statuslarında da bunu görmək olar. Dövrün damğası öz sözünü dedi.

Öz məhəbbətini çətinliklə tapan, onunla xoş ömür yaşayan bir adam həyat yoldaşını itirəndən sonra nə edəcəyini bilmədi. Zöhrab daxil, bir qisim adamlar var ki, onlarda belə olur. Zöhrabla son olaraq Çingiz Ələsgərin yasında görüşmüşdük. Elə özü də Çingizin taleyini yaşadı. Çingiz də həyat yoldaşı Sona xanımın ölümündən sonra dayana bilmədi. Belə güman edirəm ki, Zöhrab da həyat yoldaşı Mehribana qovuşmaq üçün tələsirdi. Elə bu arzu, bu istəklə də getsin. Zöhrab özü istəyirdi ki, Mehribanın yanına getsin. Allah onu arzusuna çatdırdı.

Zöhrab Əmirxanlı baş redaktoru olduğum «Səhər» qəzetində çalışıb. Həm redaksiyada, həm də ondan kənarda Zöhrabla bağlı xatirələrimiz çoxdu. Amma bir dönəmlə bağlı xatirələr var ki, heç yadımdan çıxmır. «Səhər» qəzetinin 70-80 əməkdaşı var idi. Buna baxmayaraq, hər zaman 2-3 avtobus tutar, Şamaxıya- Pirquluya gedərdik. Zöhrabgilin evi şəhərin yuxarısında idi. O səfərlərdə bizim bütün əziyyətimizi o, çəkərdi. Əvvəlcə avtobusları onların həyətinə sürərdik. Rahlayandan sonra Zöhrab evdən kilim-palaz, samovar üçün kömür- hər şeyi özü təşkil edərdi. Hətta xanəndəsindən tutmuş çalğıçısına qədər. Özü də belə şeylərin vurğunu idi. Şamaxılı məşhur xanəndə var idi, Ağakərim Nafis, həm də qəzəllər yazardı. Zöhrab bir dəfə onu da gətirdi. Axşama qədər xanəndənin səsindən zövq aldıq. Zöhrabı ancaq bu cür gözəl xatirələrlə xatırlaya bilirəm».

Başqa bir tanınmış jurnalist Rəsul Mirhəşimli mərhumla bağlı xatirə və təəssüratlarını danışmaqla yanaşı, onu ölümə aparan səbəbləri də qeyd edib: «Zöhrabı «Azadlıq» qəzetindən tanıyırdım. 1990-cı illərdə bu qəzetin humanitar şöbəsində müdir işləyirdi. Zöhrab çox istedadlı olmaqla yanaşı, həddindən artıq nəcib insan idi. Düşünürəm ki, ondan inciyən kimsə olmaz bu həyatda. Zöhrabın yazıları insanı heyrətə salacaq qədər dəyərlidi. Həmin yazıları oxuduqca, oxucu sanki həmin sətirlərdə yaşayırdı. Zöhrabı xatırlayanda ilk ağla gələn cəhəti çox sakit şəkildə adama yaxınlaşmağı, həddən artıq məhrəm şəkildə hal-əhval tutması olur. Biz Zöhrabın simasında çox böyük istedad sahibini itirdik. Dəyərini almayan, istedadı qiymətləndirilməyən jurnalistlərdən biri də ayrıldı aramızdan. Zöhrab kəskin şəkər xəstəliyindən əziyyət çəkirdi. Bundan əlavə, Zöhrabı ölümə aparan yolu sürətləndirən ömür-gün yoldaşı Mehriban xanımın yoxluğu oldu. Mehriban xanımın ölümü Zöhrabı çox sarsıtdı. Həyatdan əlini üzəcək qədər bezdi bu həyatdan Zöhrab. Allah hər iki dəyərli jurnalistimizə rəhmət eləsin! Allah onların övladlarını valideynlərinə layiq övladlar olmasını nəsib etsin hər zaman».

Jurnalist, siyasi-analitik Azər Rəşidoğlu da Zöhrab Əmirxanlı ilə eyni jurnalist nəslinin nümayəndəsidir. Mərhum dostu ilə son görüşünü xatırlamqla söhbətə başlayır:

«Zöhrabı sonuncu dəfə şəhərdə gördüm. Bir az dərdləşdik. Çox pessimist idi. Daha bizimki bura qədər idi - dedi. Oğlunu çox sevirdi, hər dəfə ondan danışırdı və «Mətin necədir?» soruşanda çox sevinirdi.

Zöhrab o nəhənglikdə jurnalist idi ki, hər dəfə əlimə qələm alanda düşünürdüm ki, birdən onun xoşuna gəlməz. Bir dəfə bir köşə yazmışdım. Zəng elədi - «Sən ifrat dərəcədə şərəfsizsən, yazın içimi dağıtdı». Təşəkkür etdim Ustada. Bir dəfə də mesaj yazdı - «sən əclafcasına yaxşı yazırsan». Yenə təşəkkür elədim. Zöhrab yeni nəsil jurnalistələrə «master-klass» keçməli idi, bunu etmədi. Siyasi intriqalarda oyuncağa çevrilən jurnalistikanın artıq vəfat etdiyini düşünürdü».

Zöhrab Əmirxanlı ilə özünün təsis etdiyi «Şans» qəzeti və başqa mətbuat orqanında çalışan jurnalist Azər Hüseynbala üçün yaxın dostu haqqında danışmaq çox çətin və ağrılı oldu. Gənclikləri bir yerdə keçən dostunun xəstəliyi haqqında nə qədər ağır olsa da bir-iki cümlə deyə bildi: «Elə vəziyyətdəyəm ki, heç nə yadıma düşmür. Şəkər xəstəsiydi, yadıma gəlir ki, 90-cı illərin sonlarında Bakıda şəkərə qarşı vaksin tapmaq müşkül idi. Zöhraba vaksin tapmaq üçün bəzən şəhəri ələk-vələk edirdim».

Yazıçı-dramaturq Firuz Mustafa:

«Heyf səndən, Zöhrab Əmirxanlı...

Onunla biz çoxdanın, lap çoxdanın tanışı idik.

Ara-sıra görüşərdik.

Sonuncu dəfə builki qışın sonlarında Səməd Vurğun bağında rastlaşdıq. Görüşdük, öpüşdük. Kimisə gözləyirdin. Həmişəki kimi çılğın idin, emosional idin. Ordan-burdan danışdıq. Sən zarafatla özünü mənim qəhrəmanımın qardaşı hesab edirdin. Məsələ burasındadır ki, «Cənnət çiçəyi» adlı son romanımın qəhrəmanı Əmirxanlı soyadlı bir alimdir. Səninlə famildaş olan Əmirxanlı da sənin kimi vicdanlı, ləyaqətli bir adamdır.

İndi sənin mətbuatda çalışdığın vaxtları xatırlayıram. Hər sözün, hər kəlmənin «uğrunda» necə «vuruşduğunu» yada salıram. Sən elə həqiqət uğrunda da bu cür döyüşürdün.

Arada Rusiyaya getdin, öz jurnalistlik fəaliyyətini orada davam etdirdin.

Harada oldunsa xalqımızı, millətimizi, məmləkətimizi layiqincə təmsil etdin.

Həyat yoldaşın Mehriban xanımın vaxtsız vəfatı səni çox sarsıtmışdı. Övladlarınla fəxr edirdin.

Hər səhər Günəşi hamımızdan tez salamlayırdın.

Son zamanlar səni görmürdüm. Qəfildən yadıma düşdün, srağagün şair Ayaz Arabaçıdan soruşdum səni.

Bu səhərsə qara bir xəbər döydü ta sənin salamlaya bilməyəcəyin Bakı səhərinin qapısını.

Nur içində yatasan, Zöhrab Əmirxanlı...»

 





02.05.2017    çap et  çap et