Vaxt.Az

«Dövlətə münasibəti bizi narahat edir…»


 

Rusiyada qadağan edilən xristian təriqəti Azərbaycanda azaddır

«Dövlətə münasibəti bizi narahat edir…» Xəbər verdiyimiz kimi Rusiya Ali Məhkəməsi «Yehovanın Şahidləri»nin Rusiyadakı İdarəetmə Mərkəzi»nin fəaliyyətinin ekstremist xarakterli olması barədə qərar qəbul edərək onun fəaliyyətini qadağan edib. Lakin Rusiyanın ekstremist fəaliyyətdə ittiham etdiyi, fərariliyi aşılayan dini icmanın üzvləri Azərbaycanda təbliğat aparır, xüsusilə azyaşlıları ətrafına toplayırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qrumlarla iş şöbənin tərkibində Dini təhsil sektorunun müdiri Anar Əlizadə virtualaz.org saytına bildirib ki, MDB və müsəlman ölkələrində, hətta bəzi Avropa dövlətlərində «Yehovanın Şahidləri» beynəlxalq dini təşkilatlarına münasibət birmənalı deyildir. «Bu təşkilatın dövlət atributlarını tanımaması, ordu sıralarında xidmət göstərməkdən və cərrahiyyə əməliyyatı zamanı qan köçürməkdən imtina etməsi, ümumən, qapalı xarakterə malik olması, sərt qaydalar əsasında idarə olunması ilə bağlıdır. Bu səbəblərdən yehovaçıların fəaliyyəti bir çox ölkələrdə məhkəmə predmeti olur», - A.Əlizadə deyib.

Sektor müdiri əlavə edib ki, Azərbaycanda da «Yehovanın Şahidləri» təşkilatının dövlətə münasibəti narahat edir: «Nəzərə alanda ki, Azərbaycan hazırda müharibə şəraitindədir və Ermənistanın işğalçı siyasəti ilə üzləşib, 20 faiz torpaqlarımız Ermənistan silahlı birləşmələri tərəfindən zəbt olunub, onda narahatlığımız iki qat artır. Çünki dediyimiz kimi, «Yehovanın Şahidləri» ordu sıralarında hərbi xidmət çəkməkdən imtina edirlər. Lakin burada bir incə məqama da toxunmaq lazımdır. Belə ki, Avropa Şurasına üzv olan bəzi ölkələrdə məhkəmə mübahisələri yaşayan yehovaçılar son instansiya olaraq İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edirlər. Həmin məhkəmə isə adətən vicdan azadlığı prinsipinə istinad edərək bu təriqətin ardıcıllarının lehinə qərar çıxarır. Nəticədə Avropa Şurasına üzv olanlar həmin məhkəmə qərarları ilə hesablaşmaq məcburiyyətində qalırlar».

Anar Əlizadə qeyd edib ki, Almaniya Federativ Respublikasının bəzi inzibati ərazilərində uzun illər «Yehovanın Şahidləri» dini təşkilatına ən yüksək hüquqi status vermək istəməyiblər. Buna baxmayaraq, sonda bu dini təşkilata ən yüksək hüquqi status - ictimai-hüquqi korporasiya statusu verilib. Belə ki, ictimai-hüquqi korporasiya statusuna sahib olan dini təşkilatlara dövlət tərəfindən bəzi imtiyazlar (öz üzvlərindən vergi yığmaq və s.) tanınır. ABŞ-da da yehovaçılarla bağlı məhkəmə qalmaqalları yaşansa da, nəticə etibarilə bu dövlətdə «Yehovanın Şahidləri» dini təşkilatı leqal fəaliyyət göstərir və vergi güzəştlərinə malikdir. Təkcə onu qeyd etmək kifayətdir ki, təşkilatın baş ofisi Nyu-York (Uorvik) şəhərində yerləşir. Baş ofisə böyük ərazi və iri daşınmaz əmlak məxsusdur.

«Azərbaycana gəlincə, ölkəmizdə milli, dini, irqi mənsubiyyətindən asılı olmadan hər kəsə, o cümlədən «Yehovanın Şahidləri»nə vicdan azadlığı tanınıb. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Lakin bu o demək deyildir ki, respublikamızda istənilən etiqad təbliğ oluna bilər. Azərbaycan Respublikasının Konstitusiyasında vicdan azadlığı təsbit olunmaqla yanaşı bildirilir ki, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır, irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir», - Əlizadə söyləyib.

Dövlət Komitəsi dini icmalarda mütəmadi monitorinqlər aparır, ölkəyə idxal olunan və ya çap olunan dini ədəbiyyatın ekspertizasını həyata keçirir. Bəllidir ki, ölkəyə gətirilən dini ədəbiyyatlar və digər təbliğat vasitələri yoxlamadan keçirilir. «Yehovanın Şahidləri» dini icması da dini ədəbiyyat gətirən qurumlar sırasındadır. A.Əlizadə deyir ki, təşkilatın «Gözətçi Qülləsi», «Oyanın» və yehovaçıların digər ədəbiyyatlarını ekspertizadan keçirilib. Həmin nəşrlərdə dini ədavətə və ayrı-seçkiliyə yol verən fikirlər aşkar olunduğu halda, onların çapı məqsədəuyğun sayılmır və bu barədə müvafiq rəy verilir: «İnsanlar düşünməsinlər ki, dini sahədə boşluq var və heç bir nəzarət yoxdur. Bu istiqamətdə iş görülür, dini icmaların, o cümlədən «Yehovanın Şahidləri»nin fəaliyyətində qanunpozuntusu aşkar olunduğu təqdirdə, Dövlət Komitəsi aidiyyəti qurumları məlumatlandırır və səlahiyyəti çərçivəsində müvafiq addımlar atır».

Qeyd edək ki, «Yehovanın Şahidləri»nin Bakıdakı dini icması 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınıb. Komitə rəsmisi hazırda həmin qeydiyyatın hüquqi qüvvəsini saxladığını deyir. Lakin bu dini icmanın üzvlərinin bölgələrdə təbliğat aparmaq hüququ yoxdur, çünki «Dini etiqad azadlığı haqqında» qanunun12-ci maddəsinə əsasən, dini icmalar yalnız hüquqi ünvanlarında fəaliyyət göstərə bilərlər.

Təriqət üzvlərinin narahatdoğuran fəaliyyətindən biri də hərbi xidmətə qarşı çıxmalarıdır, başqa sözlə gənclər arasında fərarilik təbliğ olunur. Onlar himnin oxunmasına, bayrağa sədaqət andı içməsinə qarşı çıxdıqlarını gizlətmirlər.

Komitə rəsmisi deyir ki, buna görə də «Yehovanın Şahidləri»nin fəaliyyəti ilə bağlı bəzən şikayətlər daxil olur. Bu şikayətlər daha çox ailədaxili problemlərdən qaynaqlanır. Məsələn, ər arvadının, qaynana gəlininin «Yehovanın Şahidləri» təriqətinə qoşulmasından gileylənir. Burada isə Dövlət Komitəsinin hər hansı yardım göstərmək və ya vəziyyətə təsir göstərmək imkanı yoxdur, çünki «Yehovanın Şahidləri»nin etiqadını qəbul etmiş həmin fərdlər yetkinlik yaşına çatmış şəxslərdir. Onların isə istədikləri etiqada inanc bəsləmək hüququ var: «Dövlət Komitəsi dini radikalizm və ekstremizmlə mübarizədə istər paytaxtda, istər bölgələrdə mütəmadi maarifləndirici tədbirlər, seminar-treninqlər, regional konfranslar həyata keçirir, ifrat dini ideologiyaların zərərli mahiyyətlərini insanlara çatdırır, bununla bağlı kitablar buraxır. Yəni dini maarifləndirmə sahəsində davamlı iş gedir».

Rusiyadan qovulan təşkilat üzvlərinin Bakıda toplaşacağı istisna edilmir. Amma komitə Rusiyanın qərarından təsirlənərək təşkilatın fəaliyyətini tamamilə qadağan etmək niyyətində deyil. «Azərbaycan müstəqil dövlətdir, respublikamızda dövlət-din münasibətləri Konstitusiyaya, «Dini etiqad azadlığı haqqında» qanuna, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Eyni zamanda, dini etiqadından asılı olmadan hər kəsə bərabər hüquqlar tanınıb. Hər hansı qonşu dövlətdə verilən qərarların ölkəmizə təsir göstərəcəyini düşünmək yanlışdır. Məsələn, elə qonşu ölkələr var ki, orada bəhailərin fəaliyyətinə icazə verilmir. Halbuki bizdə bəhailər öz inanclarını sərbəst şəkildə yaşayırlar.

Qısaca desək, Azərbaycanın öz dövlət-din münasibətləri modeli var. Bu model insan haqlarına, bəşəri dəyərlərə, ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant ənənələrə əsaslanır».

Nu da qeyd edək ki, ötən il bu təşkilatın üzvü olan qadın 5 yaşlı uşağını içinə pis ruh girməsi iddiası ilə boğaraq qətlə yetirmişdi.

 





02.05.2017    çap et  çap et