Vaxt.Az

«Əsl həqiqəti sizdən gizlədirlər»


 

Onlarla diaspora təşkilatı Arif Alışanova müraciət hazırlayır

«Əsl həqiqəti sizdən gizlədirlər» Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın dəvəti ilə uydurma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasiminə qatılması Azərbaycan ictimaiyyətində böyük rezonans doğurub. Azərbaycan media məkanında əksər sayt və portallar bu məsələylə bağlı qınaq dolu xəbərlər yayımlayıblar.

Amma indi məlum olub ki, əslində, bu Aşot Avanesyan və ermənilərlə Tağıyevin ilk sıcaq münasibəti deyil. Söhbət ondan gedir ki, R.Tağıyev ötən ilin sonunda da ermənilərlə birgə yeni il şənliyinə qatılmışdı. Bunu fotolardan aydın görmək olur. Düzdür, bundan sonra o, Ukraynada azərbaycanlıların sərt tənqidinə tuş gəlmişdi. Tağıyev isə bir qədər də irəli gedərək etiraf etmişdi ki, heç nəyi vecinə almır, Aşot Avanesyanla yaxın dostdur. O, hətta mətbuatdakı dostları vasitəsi A.Avanesyanın adından Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlama yaydırdı. Az keçməmiş Avanesyan bu fikirləri təkzib edərək, separatçı Dağlıq Qarabağı dəstəkləmişdi. NəticədəTağıyevin timsalında Azərbaycan diasporunun imicinə zərbə vurulmuşdu.

Xatırladaq ki, Avanesyan Ukraynadakı erməni diasporunun əsas simalarından biridir. Ukrayna parlamentinə qondarma erməni soyqırımının tanınmasıyla bağlı layihə göndərən şəxs də məhz Avanesyandır. Erməni lobbisinin gücü və böyük biznesi ilə o, Kiyevdə Azərbaycana qarşı olan bütün layihələrin önündə gedir. Bu ölkənin daxili işlər naziri erməni əsilli Arsen Avakovla dost olması onun imkanlarını daha da genişləndirir.

Belə bir adamın azərbaycanlılarla, xüsusən də ölkəmizin diaspor rəhbərləri, təmsilçiləri ilə sıcaq münasibəti əlbəttə kifayət qədər maraqlıdır. Araşdırma zamanı məlum olur ki, Azərbaycanın Ukraynadakı diaspor qurumlarından birinin rəhbəri Rövşən Tağıyevin belə bir şəxslə dostluq etməsinin əsas səbəbi biznes ortaqlığıdır. Mənbə bildirir ki, R.Tağıyev ortağının əlaqələrindən istifadə edərək, imkanlarını xeyli genişləndirə bilib.

Məhz bu əlaqələrin mövcudluğu Rövşən Tağıyevin ermənilərlə yaxınlığına rəğmən, Kiyevdə azərbaycanlıların təmsilçisi kimi tanınmasında böyük rol oynayıb.

Məsələ ilə bağlı Rövşən Tağıyev bakipost.az-a açıqlamasında Aşot Avanesyanla yaxın münasibətlərinin olduğunu təkzib etməyib. Bildirib ki, Aşot Bakıda anadan olub və onunla eyni beynəlxalq təşkilatda təmsil olunur.

Tağıyevin ermənilərlə dost olması, genosid tədbirlərində iştirak etməsi nə qədər üzücüdürsə, onun Az.TV-də təbliği də ondan çox təəssüf doğurur. Azərbaycan televiziyasının Ukrayna bürosunun müxbiri Mövsüm Aslanov heç bir ofisi olmayan, ətrafında, keçirdiyi tədbirdə bir əlin barmağı qədər adam yığan birini az qala diaspora rəhbəri kimi təqdim edir. 

Kiyevdə yaşayan azərbaycanlıları qəzəbləndirən də budur. 

«Biz Az.TV sədri hörmətli Alışanov cənablarına müraciət etməkdən yorulduq. Hətta Ukraynada yaşayan ziyalıların, elm və iş adamlarının imzaladığı rəsmi məktub da göndərdik. Azərbaycan televiziyasının Ukrayna müxbiri Mövsüm Aslanovun əməlləri, onun ermənilərlə oturub-duran birisini təbliğ etdiyini nəzərinə çatdırdıq. Görün vəziyyət nə yerə çatıb ki, Azərbaycanını Ukraynadakı səfiri Azər Xudiyev belə bu adamları yaxınına buraxmaq istəmir».

Soydaşlarımızın dediyinə görə, əvvəl və elə indin özündə belə Ukraynadakı Azərbaycan iqtidarının da terrorçu elan etdiyi FETO çetsiylə bir yerdə olan Aslanov, «məni bu postdan heç kim kənarlaşdıra bilməz, mənim Elsevər Dünaymalıyev kimi (Az.TV sədrinin müavini) adamım var» deyə Kiyevdə yaşayan azərbaycanlılara hədə-qorxu da gəlməkdə davam edir. Az.TV-dəki mənbəmizin dediyinə görə, Aslanov barədə faktların Arif Alışanova çatdırılmasına da məhz o mane olur.

Dünən əldə etdiyimiz məlumata görə, Mövsüm Aslanovun əməlləri barədə Ukraynanın vilayətlərində fəaliyyət göstərən əksər diaspora qurumları Az. TV sədrinə və ölkə rəhbərliyinə rəsmi müraciət etməyə hazırlaşırlar.

Yeri gəlmişkən, bir qədər əvvəl Tağıyev və Aslanov Xarkovdakı barların birində sərxoş halda dava da salmışdılar. O vaxt istər Ukrayna, istərsə də Azərbaycan mediası bu barədə xəbərlər yaymışdı. Məhz bu hadisədən sonra Tağıyevin Az.TV-dən görüntüləri yığışdırıldı. Görünür Alışanov cənabları müxbirinin bu hərəkətini onu bağışlaya bilməyib. Bu arada o da məlum olub Ki, FETO ilə əlaqələrinə görə, Aslanovun adı necə deyərlər arzuolunmazlar siyahısındadır. Onun Ukrayna bürosundan kənarlaşdırılacağı isə an məsələsidir.




 





03.05.2017    çap et  çap et