«Qafqazinfo» saytı bildirir ki, «lift idarəsi»ində yoxlamalar Vergilər Nazirliyi, Hesablama Palatası, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparılır. Adları çəkilən strukturlardan isə bu məlumatla bağlı şərh vermirlər.
Virtualaz.org Qüdrət Şükürovun aqibəti ilə bağlı növbəti dəfə Bakı Lift-Təmir İstehsalat Birliyi ilə əlaqə saxlayıb, məlumatı dəqiqləşdirməyə çalışıb. Birlikdən deyiblər ki, onlar tabe olduqları Bakı şəhər İcra Hakimiyyətinin icazəsi olmadan açıqlama verməyəcəklər.
Əməkdaşımız Q.Şükürovun qardaşı Mətləb Şükürovla da əlaqə saxlayıb. O, məlumatı təkzib edib. Mətləb Şükürovun sözlərinə görə, qardaşı vəzifəsindən uzaqlaşdırılmayıb və hazırda məzuniyyətdədir.
Lakin Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbərinin ailəsinə yaxın olan digər mənbə onun hazırda «bülletenə çıxdığını» deyib, müəssisədə yoxlamaların başladığını, hazırda da davam etdiyini təsdiqləyib.
«Sputnik» agentliyi isə hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakı Lift-Təmir İstehsalat Birliyində korrupsiya və mənimsəmə ittihamları ilə bağlı təhqiqat apardığını bildirir. Agentliyin məlumatına görə artıq Birliyin bir neçə işçisi şahid qismində dindirilib. Dindirilənlər tələsik vəkillərlə müqavilə bağlayıblar ki, təqsirləndirilən şəxs statusunda istintaqa cəlb olunmaqdan imkan daxilində yayınsınlar.
Xatırladaq ki, vəzifəcə «balaca məmur» kateqoriyasına aid edilə bilən, lakin sərvəti aşıb-daşan Qüdrət Şükürovla bağlı qalmaqal onun qızının ikinci dəfə dəbdəbəli toyla ailə qurması xəbərlərinin keçmiş qohumları tərəfindən mətbuata ötürülməsindən sonra başlayıb. Daha sonra Şükürovun keçmiş qudası Rafail Əsgərovun müxtəlif dövlət instansiyalarına yazdığı müraciətin mətni mətbuata ötürülüb. Orada deyilirdi ki, Q.Şükürov 2013-cü ildə Moskvaya gedib və «Otis Lift» şirkətinin milliyətcə erməni olan rəhbəri ilə liftlərin alınmasına dair müqavilə bağlayıb. Həmin müqavilədən əldə edilən milyonlarla dollarlıq «otkat» isə İstanbulun elit yaşayış kompleksi «Koru Florya»da iki mənzilin alınmasına sərf olunub.
Habelə keçmiş qudası şahidlik edib ki, manatın birinci devalvasiyası ərəfəsində Şükürov tələm-tələsik bütün pullarını dollara çevirərək 7 milyon dollar nəğd pul əldə edib. Həmin pulları ailə dostunun adına «Bank of Baku»ya yerləşdirib. Keçmiş qudası Şükürovun barəsində digər ittihamlar da irəli sürüb ki, bunlar haqda artıq ötən buraxılışlarımızda bəhs etmişdik.