Toplantıya qatılan öyrəncilər millət vəkilinə Azərbaycanın İranda ayrı-seçkiliyə məruz qaldığını və mədəni fəalların ağır həbs cəzası ilə üzləşdiyini bildiriblər. Onlar, fəaliyyətlərinin milli kimlik tələbi uğrunda olduğunu, islahatçılar və mühafizəkarlardan fərqləndiyini diqqətə çatdırıblar.
Millət vəkili Nadiq Qazipur isə öyrəncilərin çıxışı ilə razılaşaraq Urmiya gölü böhranı və Azərbaycan şəhərlərində baş verən sel fəlakətindən danışıb. O daşqınlar zamanı ayrı-seçkiliyə yol verildiyi üçün hökuməti sərt tənqid edib.
Toplantıda Marağa universitetinin öyrəncisi Milad Balsini İran dövlətinin Azərbaycana qarşı qərəzli yanaşması haqda geniş çıxış edib.
«Azərbaycan milləti ayrı-seçkiliklərə son qoymaq üçün islam inqilabında böyük rol oynadı, lakin inqilabdan sonra eyni siyasətlər yenə də davam etdi. Əslində inkişafdan geri qalmaq, mühacirət, yoxsulluq, işsizlik və s. kimi problemlər heç bir hakimiyyətə aid deyil, bunu islam inqilabından sonra bütün hakimiyyətlərdə də görmək mümkündür.
Cənab Rəfsəncaninin Sənaye naziri mühəndis Nemətzadə yazdığı kitabda qeyd edib ki, «Azərbaycan 1978-79-cu (hicri-şəmsi təqvimi ilə 1356-57-ci illər) illərdə sənaye üzrə ölkədə ikinci vilayət idi, lakin 1993-cü ildə (1371-ci il) 17-ci vilayət oldu. Öyrənci sayına görə isə hazırda 24 vilayət arasında 19-cüdür. Kitabda dərc olunan Təbriz universitetinin keçmiş rəisi Məhəmmədəli Hüseynpur Feyzinin məqaləsində isə bildirilib ki, türk bölgələrində hər 10 min nəfərdən 67-i universitetə öyrənci kimi cəlb olunur, bu rəqəm fars bölgələri üçün 120 və ümumi olaraq ölkə səviyyəsində 109 nəfərdən ibarətdir.
2001-ci il iyunun 10-da «Novruz» qəzeti belə bir məlumat yaymışdır: «Cənab Rəfsəncani dövründə Kirman vilayətində mədən və sənaye sahəsinə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncandan 320 dəfə daha çox sərmayə qoyulub. Yəni Kirmana ayrılan 10 min rialın qarşılığında adı çəkilən vilayətlərin hər birinə sadəcə 2 rial ayrılıb.
İslahat hakimiyyəti dövründə isə 2000 milli layihədən heç bir layihə də Azərbaycana nəsib olmadı.
Ama ayrı-seçkiliklər yalnız iqtisadi məsələlərlə məhdudlaşmır. Biz mədəni və humanitar sahələlərdə də ayrı-seçkiliyə məruz qalırıq, bunun bədəlini ödəmək isə qat-qat ağır olacaq»- deyə öyrənci fəal çıxışının bir hissəsində qeyd edib.
Milad Balsini müxtəlif faktlara istinad edərək Mahmud Əhmədinejad və Həsən Ruhani hakimiyyətləri dövründə də Azərbaycana qarşı eyni siyasətin həyata keçirildiyini vurğulayıb.