Vaxt.Az

Kömür mədəni faciəsinin miqyası böyüyür


 

İranın daş kömür mədənində baş verən partlayışda ölənlərin sayı 35 nəfərə çatıb

Kömür mədəni faciəsinin miqyası böyüyür Mayın 3-ü günorta saat 12 radələrində İranın Gülüstan əyalətinin Azadşəhr məntəqəsinin «Yurt» daş kömür qış mədənində baş vermiş partlayışda ölənlərin sayı 35 nəfərə çatıb. Bu barədə İranın əmək naziri Əli Rəbii mayın 3-də jurnalistlərə açıqlamasında məlumat verib.

Nazir bildirib ki, 21 mədənçinin cənazəsi artıq şaxtadan çıxarılıb və digər cənazələrin dağıntılar altından tapılıb çıxarılması üçün aparılan əməliyyatlar davam edir: «Təəssüflər olsun ki, partlayışdan sonra mədən içində itkin düşən və ya ilişib qalan fəhlələrin hamısı həyatını itirib. Hadisə, 1300 metr uzunluğu olan mədənin 700 metr dərinliyində baş verib. Partlayışa isə metan qazının sızması və qığılcım səbəb olub. Belə ki, daş kömürü daşıyan lokomotivin batareyası (batrisi) qurtarıb. Fəhlələr isə yeni batareya quraşdırmaq əvəzinə səhvə yol veriblər. Digər bir batareya vasitəsilə, yəni «batareya-batareya» üsulu ilə lokomotivi yenidən işə salmağa və yaranmış problemi aradan qaldırmağa cəhd göstəriblər. Bunun nəticəsində isə saçan bir qığılcım güclü partlayışa səbəb olub.

Partlayışda isə ölənlərin 9-u podratçı (peymankar), 26-sı isə mədən fəhləsidir. Hadisə nəticəsində onlarla insan da yaralanıb və xəstəxanalara yerləşdirilib. Olayın təfərrüatını araşdırmaq üçün komitə yaradılıb».

İran rəsmiləri hadisə zamanı mədəndə 80 nəfərin olması ilə bağlı yaydıqları əvvəlki xəbəri təkzib ediblər.

 





04.05.2017    çap et  çap et