Bu barədə Şərqi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsulu Əli Şuhudi mayın 3-də mətbuata məlumat verib.
«Yerli əhali və xilasedici qrupların uzun müddət axtarışından sonra bu gün itkin düşmüş sonuncu şəxsin cəsədi aşkar edilib, bununlada axtarış işləri sona çatdırılıb»- deyə o bildirib.
Əli Şuhudi əlavə edib ki, «aşkar edilən sonuncu cəsəd 22 aylıq Pərinaz Hidayəti adlı uşağa aiddir. Cəsəd Azərşəhrin Teymurlu kəndində şəhid Sərdari kanalında aşkar edilib».
«22 aylıq uşağın cəsədi tapılmaqla aprelin 14-də baş verən təbii fəlakət qurbanlarının sayı 44-ə çatdı. Artıq itkin düşənlərin hamısının cəsədi aşkar edilib və bununlada axtarış işləri başa çatıb»- deyə Qızıl Aypara Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsulu bildirib.
Bu arada mayın 3-də yağan güclü yağışlar Güney Azərbaycanın Nəmin və Germi şəhərlərində fəsadlarla nəticələnən sel və daşqınlara səbəb olub. Germidə 12 məhəlləni sel basıb, nəticədə 50 evə ziyan dəyib. Daşqın suları Nəmin şəhərinin Ənbəran bölgəsində də fəsadlar törədib.
Qeyd edək ki, aprelin 14-də Güney Azərbaycanın bir neçə şəhərini sel basıb. Ağır maddi xəsarət və 44 nəfərin ölümü ilə nəticələnən təbii fəlakət ən çox Azərşəhr və Əcəbşer şəhərlərinə ziyan vurub. Dövlət Azərşəhrin Qələzar kəndində suyun yatağını yol kimi istifadəyə verdiyi üçün avtomobillər körpünün altından keçərkən sərnişinləri ilə birlikdə sel suları altında qalıb nəticədə çox sayda insan həlak olmuşdur. Dövlət rəsmiləri və bir çox mətbuat orqanı Qələzar körpüsündə baş verənləri təhrif edərək hadisə ilə bağlı yalan açıqlamalar verib, sel fəlakəti haqda həqiqəti əks etdirməyən məlumatlar yaymışdır.