Mayın 2-də keçirilmiş iclas «Star GSM» mağazasının sahibi, zərərçəkmiş Bəxtiyar Musayevin və mağazanın işçilərinin iddiası üzrə epizod üzrə şahidin ifadəsi ilə başladı.
Şahid: «Bəxtiyar mənə dedi ki, bu pulu apar, ver MTN-ə»
Epizod üzrə ifadə verən şahid Rəşadət İsmayılov bildirib ki, 2014-cü ilin noyabr ayında tanışı olan zərərçəkmiş Bəxtiyar Musayev ona zəng edərək, «28 May» metro stansiyasının yaxınlığına gəlməsini xahiş edib. Hüsü Hacıyev küçəsindəki «Star GSM» mağazasında nömrə satışı ilə məşğul olduğunu bildirən şahid görüş zamanı Bəxtiyar Musayevin ondan 100 min dolları MTN-ə apararaq, təqsirləndirilən Natiq Alıyevə verməsini xahiş edib.
Şahid qeyd etdi ki, taksiyə minərək, MTN-in yaxınlığında yerləşən «Sultan» kafesinin qarşınına gəlib və burada Natıq Alıyev və tanımadığı bir MTN əməkdaşı ilə görüşüb. Tanımadığı o şəxs etirazını bildirərək, 100 min dollar deyil, 100 min manat gətirilməsinin lazım olduğunu deyib və bundan sonra Rəşadət İsmayılov «Skayp» vasitəsilə Bəxtiyar Musayevlə əlaqə saxlayıb. Şahidin sözlərinə görə, Bəxtiyar Musayev Natiq Alıyevlə telefonla danışdıqdan sonra o, «28 May» metro stansiyasının yaxınlığına qayıdıb və pulun «üstü düzəldikdən sonra» yenidən MTN-ə qayıdaraq, 100 min manat pulu təhvil verib.
Məsələnin əsl mahiyyətini Füzuli Əliyev açdı
Təqsirləndirilən Füzuli Əliyev məsələ ilə bağlı izahat verərək bildirdi:
«Yadınıza gəlirsə, o vaxtlar ölkədə bilə-bilə terrorçuluq halları ilə bağlı yalandan məlumat verilməsi halları geniş hal almışdı – bir neçə belə fakt var idi. Lakin biz həmin məlumat verən insanları müəyyən edə bilmirdik. Çünki mobil telefonlarla bağlı sistemdə anarxiya hökm sürürdü və ölkədə xeyli sayda qeydiyyatdan keçməmiş telefon aparatı var idi.
Həmin vaxt möhtərəm Prezidentin göştərişi ilə Nazirlər Kabineti bununla bağlı qərar qəbul etdi. Bunun tam mahiyyətini açmaq istəmirəm, lakin o qərarda bir bənd də var idi ki, Azərbaycana gətirilən istənilən mobil telefon cihazı yalnız İMEİ kodu dövlət tərəfindən qeydiyyata alındıqdan sonra istifadə edilə bilər. Əks halda, 1 aydan sonra həmin telefon işləməyəcək. Bu sistem bu gün də mövcuddur. Burada məqsəd mobil telefonların nəzarətdə saxlanması və lazım olduqda onun sahibinin müəyyən edilməsi idi.
Qeyd edim ki, ölkəyə mobil telefonlar o vaxt 3 yolla daxil olurdu. Birincisi, rəsmi dustribütorlar vasitəsilə. Onlar gətirdikləri bütün telefonları dərhal qeydiyyatdan keçirir və daha sonra müştərilərinə satırlar. İkinci yolu isə ayrı-ayrı şəxslərin xarici ölkələrdən hər dəfə 2 ədəddən artıq olmayaraq, mobil telefon gətirməsidir. Bu yolla gətirilən telefonlar vətəndaşın özü tərəfindən rabitə idarələrindən birində, məsələn, poçtda qeydiyyatdan keçirilir. Üçüncü yol isə qaçaqmalçılıq yolu ilə gətirilmədir. O dövrdə də, bu gün də ən böyük problem bundan ibarətdir.
Məntiqə baxın – telefonun rəsmi qiyməti 900 manatdır, rəsmi distribütoru təxminən elə həmin qiymətə də satır. Bunlar isə eyni telefonu az qala 30 faiz aşağı qiymətə satırlar. Bu necə ola bilər?
Vüsalə Quliyeva ərizəsində göstərir ki, oktyabr ayında «Star GSM»dən 40 ədəd «iPhone 6» telefonu alıb. Bundan sonra isə noyabrın 6-da yeni sifariş verib və artıq ayın 7-də ona 50 telefonun hazır olduğu bildirilib.
Sizə bunu da deyim ki, bu ölkəyə qaçaq telefon gətirən 2-3 nəfər «telefon kralları» var. Bunlardan biri Vahabdır. O, dəfələrlə müxtəlif hüquq-mühafizə orqanları tərəfindən telefon qaçaqmalçılığına görə saxlanılıb. «Star GSM» mağazalar şəbəkəsi də məhz ona və qardaşı Əzizə məxsusdur. Əziz isə hava limanında gömrük postunda yüksək vəzifədə idi. Məhz Əziz Vahaba kömək edərək telefonların ölkəyə keçirilməsinə nail olurdu. Əməliyyatlar nəticəsində həmin kanallar bağlandı.
Bu məsələdə Bəxtiyar Musayev, ümumiyyətlə, heç kim idi və bizi maraqlandırmırdı. Mağazadan qaçmağını isə özü uydurub, onu tutmaq fikrimiz də yox idi. Mağazada axtarış da keçirilməyib, çünki bizə orada 50 telefonun olması məlum idi və onları götürmüşdük. Başqa nə axtaracaqdıq ki?
Mən xahiş edirəm ki, bu əməliyyatın birbaşa icraçısı olmuş Saleh Mustafayev məhkəmədə ifadə versin. Çünki əməliyyatın həm təşəbbüskarı odur, həm də bütün əməliyyat onun rəhbərliyi altında keçirilib. Vüsalə Quliyeva isə onun agenti olub və bizə bu adamlara çıxmağa kömək edib. V.Quliyevanın da şahid qismində ifadə verməsini xahiş edirəm».
Zərərçəkmiş 50 min manatı təqsirləndirilənlərə bağışladı
Məhkəmədə zərərçəkmiş Nizami Quliyev çıxış edərək, tikinti şirkətinə rəhbərlik etdiyini və tenderlərdə qalib gələrək, dövlət sifarişi ilə təhsil müəssisələrinin və digər obyektlərin tikintisini həyata keçirdiyi açıqlayıb.
N.Quliyevin sözlərinə görə, günlərin birində Dənizkənarı Parkda gəzişdiyi vaxt MTN əməkdaşı Füzuli Əliyev ona yaxınlaşaraq, nazirliyə getməyin lazım olduğunu bildirib. Yolüstü səmimi söhbət zamanı, zərərçəkmişin sözlərinə görə, polkovnik ona bildirib ki, xeyli dövriyyəsi var və MTN-ə pul verilməlidir. Söhbətin mart ayında baş verdiyini və o zaman hələ büdcənin açılmadığını bildirən zərərçəkmiş yalnız 10 min manat verə biləcəyini deyib. F.Əliyev bunun çox az olduğunu bildirib və artıq nazirliyin binasında rəhbərliklə məsləhətləşdikdən sonra son məbləğ açıqlanıb: 200 min manat.
Nizami Quliyevin sözlərinə görə, o, bunun öhdəsindən gələ bilməyəcəyini qeyd edib və 50 min manata razılaşıblar. Pul ödənildikdən sonra məsələnin bağlandığını deyən zərərçəkmiş heç kimdən heç bir iddiasının olmadığını və hətta pulu da təqsirləndirilənlərə bağışladığını bildirib.
«Heç bir zərər çəkməmişəm və zərərçəkmiş deyiləm»
Epizod üzrə digər zərərçəkmiş Rahim Əmiraslanov ifadəsində bildirdi ki, hansı zərəri çəkdiyini və niyə zərərçəkən adlandırdıldığını anlamır. O, təqsirləndirilənlərə qarşı heç bir şikayətinin və iddiasının olmadığını dilə gətirdi.
Dövlət ittihamçılarının və vəkillərin suallarına verdiyi cavablardan bəlli oldu ki, R.Əmiraslanov uzun müddət zərərçəkmiş Nizami Quliyevə tikinti materialları satıb və hadisə baş verdiyi dövrə qədər tikinti şirkətinin sahibinə 23 min manat borcu yığılıb.
Prosesə sədrlik edən hakim Həbib Həsənov zərərçəkmiş R.Əmiraslanovun istintaqa verdiyi ifadəsini oxuduqdan sonra məlum oldu ki, onun istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında xeyli ziddiyyət var. Rahim Əmiraslanov həmin sözlərin ona aid olmadığını və ümumiyyətlə, MTN əməkdaşlarından heç bir pislik görmədiyini dedi.
Epizod üzrə şahidlər Cavanşir Quliyev və Nazim Quliyev isə məsələnin mahiyyətindən xəbərsiz olduqlarını və baxılan epizoda aydınlıq gətirə biləcək məlumata sahib olmadıqlarını qeyd etdilər.
Daha bir «zorən zərərçəkmiş»
Məhkəmədə ifadə verən zərərçəkmiş Halay Bəylərov bildirdi ki, «Zaminbank»ın Azadlıq prospektində yerləşən 9 saylı valyuta mübadiləsi məntəqəsində köməkçi işləyib. «Mənim kassa ilə işim yox idi, küçə tərəfdə otururdum. Nəsə lazım olanda aparıb gətirirdim», - zərərçəkmiş deyib.
«Mən zərərçəkmiş deyiləm, heç bir zərər də görməmişəm. Kasıb adamam, elə bir pulum yoxdur ki, əlimdən alsınlar, zərər çəkim», - H.Bəylərov deyib.
Zərərçəkmiş bildirib ki, küçədə siqaret çəkdiyi vaxt içəridən səs-küy gəldiyini eşidib və sonradan məntəqənin əməkdaşları ilə birlikdə MTN-ə aparılıb. «Orada 2-3 saat oturduqdan sonra məni buraxdılar», - Halay Bəylərov əlavə edib.
Epizod üzrə digər zərərçəkmişlər və şahidlərin ifadələri növbəti iclaslarda dinləniləcək.
Prosesə sədrlik edən hakim Həbib Həsənov növbəti iclasın cümə axşamı, mayın 4-də keçiriləcəyini elan etdi.