Qeyd edək ki, təkcə Tovuzda deyil, ötən il Gədəbəy və Cəlilabadda da fermerlər də eyni problemlə üzləşmişdilər. Rusiyadan «Kemirov», «Udaçi», «Sverdlov» və digər toxum sortları gətirib əkən fermerlər məhsuldarlıqdan narazılıq edirdilər.
Bəlli olduğu kimi sovet dövründə Azərbaycanda kartofçuluq müəssisələrində və fərdi təsərrüfatlarda əsasən «ağçiçək sortu» kimi məşhur olan kartof toxumu geniş tətbiq edilirdi. Bu sortdan yetişən «ikinci çörək», yəni karfot ərzaq kimi daha keyfiyyətli və dadlı olurdu. Lakin sonradan müxtəlif xəstəliklərin təsiri və xaricdən daha məhsuldar, xəstəliklərə daha dözümlü toxumların gətirilməsi ( həm də nəzarətsiz şəkildə) ilə «ağçiçək sortu» demək olar sıradan çıxdı.
Azərbaycana xaricdən gətirilən kartof toxumlarının mənşəyi ötən illərdə demək olar ki, yoxlanılmırdı, onların GMO (genetic modifikasiya olunmuş) olub-olmadığını araşdıran yox idi. Lakin son illər ərzaq təhlükəsizliyi məsələsinə dövlət tərəfindən nəzarətin gücləndirilməsi xaricdən gətirilən toxumlarla bağlı da vəziyyəti dəyişib. Artıq ölkəyə GMO toxumların gətirilməsi qanunla qadağandır, cəzalandırılır.
Kartofçuluq sahəsində isə problemlər qalır. Çünki dövlət nəzarətinin zəif olduğu dövrlərdə gətirilən «mənşəyi məlum olmayan» toxumlar geniş yayılıb. Virtualaz.org saytı ikinci çörək hesab olunan strateji ərzaq məhsulu kimi ölkədə kartof istehsalı bağlı mövcud problemlərin səbəblərini araşdırmağa çalışıb.
Fermerlər günahkardılar?!
Kənd Təsərrüfatı Nazirliyindən deyirlər ki, hazırda ölkəyə daxil olan məhsullar və toxumlar nəzarətdən kənarda qalmır. «Ölkəyə gətirilən toxumlar Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində laboratoriyadan keçirilir, əkilir, yalnız yoxlanandan sonra onun yayılmasına icazə verilir. Eyni zamanda, fermerlərə həmin toxumların əkilməsi, aqrotexniki qulluqla bağlı məsləhətlər verilir», - nazirlikdən virtualaz.org-a deyiblər.
Nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov da xaricdən gətirilən ərzaqlıq kartof və toxumun yoxlanıldığını, GMO tərkibli kartof sortlarının geniş yayılması haqda narahatlıqları əsassız hesab edir. «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda kartof toxumçuluğu laboratoriyası yaradılıb. Məqsədimiz hüceyrə səviyyəsində virussuz kartof toxumları yetişdirməkdir. Hazırda layihə üzərində iş gedir. «Ağçiçək», «Telman» kimi yerli sortların inkişafı üçün işlər görülür. Bundan sonra xaricdən toxum alıb gətirməyə ehtiyac qalmayacaq, kartof toxumuna olan təlabatı tam yerli istehsalın hesabına ödəmək mümkün olacaq», - Cümşüdov qeyd edib.
«GMO kartof gətirməyə ehtiyac yoxdur…»
Cümşüdov əlavə edib ki, qarğıdalı kimi məhsullara nisbətən GMO tərkibli kartof toxumu gətirməyə ehtiyac yoxdur. Çünki 3 ton əkilən kartofdan 40 tona yaxın məhsul götürmək mümkün olur: «Düzgün seçilən toxum keyfiyyətli və bol məhsul deməkdir. Məhsul bolluğu isə ixrac imkanlarını artırır. İxrac isə təbii ki, ölkəyə valyuta gətirir».
Araşdırmalar göstərri ki, hazırda Azərbaycan fermerlər əsasən Rusiyadan gətirilən sortlara üstünlük verirlər. Hazırda hətta yol kənarlarında dekorativ bitkilər və meyvə ağacı satış məntəqələrində kartof toxumu da satılır. Hətta internetdəki alqı-satqı saytlarında yerli kartof sortlarının satıldığına dair elanlar yerləşdirilib. Nazirlik isə deyir ki, yalnız ixtisaslaşmış özəl təsərrüfatlardan toxum alınması məsləhətdir.
Təlabatın 90 faizi yerli istehsal hesabına ödənilirsə…
Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna görə bu il 1 milyon tona yaxın kartof istehsal ediləcəyi gözlənilir. Cümşüdov deyir ki, ötən il respublikada 62 min 800 hektar sahədə kartof əkilib, 902 min ton məhsul toplanıb. Məhsuldarlıq bir hektarda 140 sentner, yəni 14 ton təşkil edib.
Azərbaycan faraş kartof məhsulunu Rusiya, Qazaxıstan, Belarusa ixrac edir. Ölkə daxilində isə alıcılar bazarlarda əsasən yerli kartofa üstünlük verilir. «Hazırda ölkədə adambaşına düşən kartof istehlakının miqdarı 48-50 kiloqram təşkil edir. Ölkədə kartofa olan tələbat 90 faiz ödənilir»,- şöbə müdiri əlavə edir.
Amma maraqlıdır ki, kartofa olan təlabatın cəmi 10 faizinin idxal hesabına ödənildiyi deyilsə də, ildən-ilə xaricdən gətirilən məhsulların həcmi artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycana Rusiya, İran, Pakistan, Türkiyə, Gürcüstan və digər ölkələrdən 183 min ton kartof gətirilib. Bu isə əvvəlki ilin göstəricisindən çoxdur.
Qeyd edək ki, illərdir xaricdən gətirilən kartofun texniki sort və ərzaq kimi istifadəyə yararsız olması ilə bağlı dəfələrlə danışılıb. Nazirlik hər dəfə təkzib etsə də, ekspertlər emal məqsədilə idxal olunan texniki və yemlik sort kartofun istehlak bazarına çıxarıldığını iddia edirlər. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli də deyir ki, İran, Gürcüstandan gətirilən texniki sort kartof spirt, kraxmal, plastmas istehsalında, yemlik sort kartof isə heyvandarlıqda şirəli yem kimi istifadə üçün nəzərdə tutulur.
Dövlət dəstəyi
Şöbə müdiri onu da söyləyir ki, son illər kartof əkininə maraq artıb. Buna səbəb yerli bazarda kartofa olan təlabat, qiymətlərin münasibət olması, xarici bazara çıxışın asanlaşması və fermerlərə edilən güzəştlərdir. «Fermerlərin hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat ödənilməsi, gübrə və toxumların, texnikanın 70 faiz güzəştlə satılması da fermerləri cəlb edir. Kartof əkin sahələrinin, məhsuldarlığın artması gələcəkdə əhalinin təminatının tam yerli məhsulla ödəniləcəyini göstərir», Cümşüdov əlavə edib.
Xatırladaq ki, hazırda ölkə bazarında yerli kartof 1 manat-1 manat 20 qəpiyə satılır. Faraş kartofun qiyməti isə 2-2.5 manatadır. Ötən il Azərbaycanda havaların hədsiz yağmurlu keçməsi, karfotçuluq bölgələrində tez-tez dolu düşməsi məhsuldarlığın kəskin azalmasına səbəb olmuşdu.
Zərərvericilər də bir yandan
Mütəxəssislərin qənaətinə görə kartof istehsalının azalmasına təsir edən səbəblərdən biri də virus xəstəlikləri və ziyanvericilərdir. Bəs bu sahədə fermerlərə hansı dəstək var, onlar zərərvericilərə və xəstəliklərə qarşı dərman vasitələrini münasib şərtlərlə əldə edə bilirmi?
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyev deyir ki, yalnız alaq otlarına qarşı istifadə edlən dərman fermerlərə güzəştli şərtlərlə verilir. Digər ziyanverici və xəstəliklərə qarşı dərmanları isə fermerlərin özləri alırlar.
«Ölkəyə gətirilən dərman preparatları Dövlət Firosanitar Nəzarəti Xidməti tərəfindən yoxlanılır, dövlət qeydiyyatına götürülür. Bütün rayonlarda apteklər fəaliyyət göstərir və həmin dərmanları oradan almaq mümkündür», - M.Hacıyev deyib.
Hacıyev dərmanların keyfiyyətinə təminat verildiyini də deyir.
Qeyd edək ki, ziyanvericilər məftil qurdu, kolorado böcəyi, kələm sovkası və kartof güvəsidir. Dağlıq sahələrdə isə kartofa ən çox ziyan vuran fitoftora xəstəliyi, ziyanvericilərdən kolorado böcəyidir. Xəstəliklərə qarşı mübarizədə Ridomil, Dikozin, Fundazol, Poliram, zərərvericilərə qarşı isə Ramplan, Mospilan və s. preparatlardan istifadə edilir.
Mütəxəssislər bundan narahatdır ki, bir çox zərərvericilər və xəstəliklər xaricdən idxal olunan kartofla ölkəyə daxil olur. Məsələn, ötən ay İrandan gətirilən 4500 kq kartofda karantin tətbiq edilən zərərli orqanizim olan kartof güvəsi (Phthorimaea operculella Zell) aşkar edilmişdi. Kartof güvəsianbar və digər saxlama yerlərində diapauzaya düşmədən il boyu çoxala bilər.
Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır və daha çox kartofa ziyan vurur. «Dövlət Firosanitar Nəzarəti Xidmətinin rəsmi saytında xəstəlik və zərərvericilərlə mübarizə üzrə tövsiyələr verilib. Bundan əlavə, mütəxəssislər yerlərdə fermerləri maarifləndirirlər», - bunu Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü deyir…