Vaxt.Az

Ermənistandakı Rusiya hərbi bazasında etiraz


 

Gümrü şəhərindəki bazanın əməkdaşlarının məvacibləri verilmir

Ermənistandakı Rusiya hərbi bazasında etiraz Seçkilərdən sonra işğalçı Ermənistanda etiraz, zorakılıqlar və narazılıqların artacağı barədə proqnozlar özünü doğrultmağa başlayıb. Demək olar ki, hər həftə ölkənin müxtəlif yerlərində etiraz aksiyaları keçirilir. Büdcə pullarını seçkilərdə saxta yolla qələbə qazanmağa sərf edən hakimiyyət indi insanların əmək haqlarını verməkdə belə çətinlik çəkir. Bunun nəticəsidir ki, bir qisim əmək haqlarının gecikdirilməsi, digər qisim sosial problemlərdən narazılığını açıq ifadə edir. Hətta iş o yerə çatır ki, vətəndaşların hüquqlarının qorunması məsələsini qabardan hüquq müdafiəçiləri belə döyülür, həbs edilir. Artıq Ermənistanı özünün Cənubi Qafqazda forpostu elan edən Rusiya də bu ölkə ilə problemlər yaşayır.

Belə ki, neçə gündür, Rusiya ilə Ermənistan arasında münasibətləri gərginləşdirən insident yaşanır. Məlumata görə, Rusiya tərəfi Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasında çalışan ermənilərin əmək haqlarını vermir. Qeyd edilir ki, 100-ə yaxın əməkdaş əmək haqlarının verilməsi tələbi ilə tətil elan edib. Onlar üç aydır ki, əməkhaqqı almadıqlarını deyirlər. Aksiyaçılar komandanlıqla görüş tələb ediblər. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. İşçilərin Rusiyadan maliyyələşdirilməsinə baxmayaraq, onlara Ermənistan valyutası ilə maaş verilir. Aksiyaçılarda olan məlumata görə, onlara xidmət göstərən Rusiya şirkəti müflis olub. Əməkdaşlardan birinin sözlərinə görə, son 2 ayda onlarla müqavilə bağlanmayıb və ola bilsin ki, heç pul verilməyəcək. Bazanın komandiri Vladimir Elkanov aksiyaçıların qarşısına çıxıb, amma görüşün çəkilməsinə icazə verməyib. O, aksiyaçıları dilədikdən sonra vəziyyətdən xəbərsiz olduğunu deyib və məsələnin borclu olan Rusiya şirkəti ilə araşdırılacağını vəd edib.

«Fevral və mart aylarında bizə maaş verilməyib, aprelin əmək haqqını mayın 15-dək verməlidirlər, amma bizə pulun olub-olmayacağı ilə bağlı kimsə heç nə demir. Pul Moskvadan göndərilib, amma hələ hesabımıza köçməyib», - etirazçılardan biri bildirib. Bazanın əməkdaşları müqavilə əsasında yaşayış binalarının saxlanılması üzrə xidmət həyata keçirirlər.

Bəziləri hesab edir ki, hərbi bazada qalxan etiraz Rusiyanın bu ölkəyə olan münasibətindən irəli gəlir. Qeyd edək ki, əmək haqları verilməyən şəxslər Ermənistan vətəndaşlarıdır. Çox güman ki, Rusiya onların maliyyələşdirilməsini Ermənistanın üzərinə atmaq istəyir.

Ümumiyyətlə, bu bazanın adı heç də yaxşı hallanmır. Onunla bağlı ən qalmaqallı məsələ rus əsgərinin erməni ailəsini məhv etməsi olub. Yeri gəlmişkən, yaxın günlərdə Ermənistanda həbsdə olan Rusiya əsgəri Valeri Permyakovun cəzaçəkmə yeri barədə qərar qəbul ediləcək. Bu barədə erməni saytları məlumat yayıb. Mənbənin məlumatına görə, Ermənistanın ədliyyə nazirliyi hazırda bu məsələni müzakirə edir. Həmçinin, «Panarmenian» saytının mayın 2-də verdiyi məlumata görə, onun vəkili Eduard Ağajanyan deyib ki, ola bilsin Permyakov cəzasını Rusiyada çəksin. Qeyd edək ki, Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə 7 nəfərlik Avetisyan ailəsini odlu silahla qətlə yetirib. Ermənistan məhkəməsi avqustun 23-də onu ömürlük həbs cəzasına məhkum edib. Vəkil həmçinin Valeri Permyakovun Rusiyada mühakimə olunmuş Ermənistan vətəndaşı Graç Arutyunyanla dəyişdirilməsinin mümkünlüyü barədə onda məlumat olmadığını bildirib. Arutyunyan 2013-cü ildə Moskvada 18 adamın ölümü ilə nəticələnən yol qəzasına görə həbs olunub. Valeri Permyakov Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında xidmət edirdi. Ötən ayın sonunda isə Gümrü şəhərindəki Rusiya hərbi bazasının əsgəri bıçaqlanaraq qətlə yetirilib. «TASS» Gümrü təcili tibb yardımı məntəqəsinin həkimlərinə istinadən yazıb ki, Rusiya hərbi formasında olan əsgərin meyiti şəhərin Kursk meydanı yaxınlığında tapılıb. Ölənin 21 yaşlı Dmitri Yalpayev olduğunu bildirilib. Gümrü bazasında müqavilə əsasında xidmət edən bu əsgərin boynunda bıçaq yaraları aşkar olunub. Ermənistan Baş Prokurorluğundan verilən məlumata görə, hadisə ilə əlaqədar 20 yaşlı bir nəfər saxlanılıb. Ermənistan Federal Təhqiqat Komitəsi bildirib ki, ilkin araşdırma qətlin iki nəfər arasında dava-dalaşın əsnasında baş verdiyini göstərib. Komitə şübhəlinin ruhi xəstəliklə əlaqədar probleminin olduğunu və buna görə də, bir müddət əvvəl ordudan tərxis edildiyini əlavə edib.

Baş verən hadisələr dəfələrlə şəhərdə və bütövlükdə Ermənistanda Rusiya hərbi bazasına qarşı kütləvi etiraz aksiyalarını alovlandırmışdı. Gümrü «Asparez» jurnalistlər klubunun rəhbəri Levon Barseqyan hesab edir ki, bu hərbi baza bağlanmalıdır. Onun qənaətinə görə, hərbi baza Ermənistanın müstəqilliyi üçün təhlükədir. Eləcə də ötən il Dağlıq Qarabağda yaşanan hadisələr zamanı da baza yaxınlığında ermənilərin aksiyaları keçirilmişdi. Onların tələbi bu idi ki, bu baza Ermənistanın təhlükəsizliyi üçün heç bir rol oynamır. Dəfələrlə Gümrüdə keçirilən aksiyalarda insanlar əllərində «Serjik satqın», «Ölkəmizin sahibi özümüzük», «Putin, çıx get burdan», «Serjik, çıx get» çağırışları yazılmış şüarlar səsləndiriblər.

Xatırladaq ki, 1995-ci ildə iki ölkə arasında imzalanmış sazişə əsasən, Rusiyanın 102 nömrəli hərbi bazası Ermənistanın Gümrü şəhərində dislokasiya olunur. 2010-cu ildə hərbi bazanın Ermənistanda saxlanması müddəti 25 ildən 49 ilə artırılıb. 102-ci hərbi baza Müstəqil Dövlətlər Birliyinin birləşmiş hava hücumundan müdafiə sistemi çərçivəsində hərbi növbətçilik edir. Rusiyanın Şimali Qafqaz Hərbi Dairəsinin Cənubi Qafqaz qoşun qrupuna tabe olan baza S-300 zenit-raket kompleksi və MİQ-29 qırıcı təyyarələrlə təchiz olunub.

 





05.05.2017    çap et  çap et