Teymur Əhmədov adına «AzNar» İdman Klubunun təşkilatçılığı ilə Göyçay şəhər stadionunda keçirilən turnirin açılışında Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev çıxış edərək prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi yüksək qayğıdan, ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsindən, idmançılarımızın qazandığı uğurlardan danışıblar. «AzNar» QSC-nin maliyyə dəstəyi ilə Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının və «AzNar» İdman Klubunun fəaliyyət göstərməsi də yüksək qiymətləndirilib.
Açılışda xarici qonaqlar da iştirak edib.Azərbaycanlı peşəkar K-1 döyüşçüsü, dünya çempionu, «Mauqli» ləqəbli Zabit Səmədov turnirin yüksək səviyyədə təşkil edildiyini deyib və yarış iştirakçılarına uğurlar arzulayıb. Rayon icra hakimiyyəti başçısının müavini İ.Vəliyev isə ölkəmizdə bir çox sahələrin inkişafına göstərdiyi dəstəyə və humanitar layihələrin maliyyələşdirməsinə, yeni iş yerləri açmasına görə Rusiyada yaşayan azərbaycanlı iş adamı, «AzNar» QSC-nin sahibi Fərhad Əhmədova Göyçay Rayon İcra Hakimiyyəti adından «Dostluq və xeyriyyəçilik» mükafatını təqdim edib.
Konsert proqramından sonra ümumi mükafat fondu 18 min manat olan «Nar kuboku» turnirinə start verilib. Stadionda quraşdırılan rinqə çıxan 12 peşəkar idmançı arasında altı qaydasız döyüş keçirilib. İki raunddan ibarət qarşılaşmalarda müxtəlif döyüş növləri üzrə Azərbaycan çempionatlarının və beynəlxalq turnirlərin mükafatçıları Emin Hüseynov (59 kq), Novruz Novruzov (61 kq), Fuad Əliyev (66 kq), Təhməz Əlizadə (80 kq), Səbuhi Həsənov (84 kq) və Zaur Abdulqədirov (100 kq) rəqiblərini məğlub edərək turnirin qalibi olublar. İdmançılara pul mükafatı və diplomlar təqdim edilib. Bu yarışları 5 mindən çox idman həvəskarı izləyib.
Virtualaz.org xəbər verir ki, bazar günü, mayın 7-də Göyçay sakinləri daha bir idman bayramına qatılıblar. Bu dəfə rayonun yeni yaradılan «AzNar» futbol komandası Bakı Slavyan Universitetinin həvəskarlar liqasında yarışan «Slavyan» komandası ilə qarşılaşıb. Oyun Göyçay şəhər stadionunda baş tutub. 7 mindən yuxarı tamaşaçının izlədiyi oyun 5-1 hesabı ilə «AzNar» komandasının xeyrinə başa çatıb. Oyunu izləyənlər arasında «AzNar» komandasının sponsoru, Rusiya Federasiya Şurasının keçmiş üzvü, iş adamı Fərhad Əhmədov və rayon ictimaiyyətinin nümayəndələri də olub.
Qeyd edək ki, «AzNar» Göyçayın müstəqillik dövründə yaradılan ilk futbol komandasıdır. Sovet dövründə rayonun «Çinar» futbol komandası ölkə çempionatında yarışırdı, lakin müstəqillik dövründə Göyçayda futbola diqqət zəifləyib və rayonun öz komandası mövcud olmayıb. Nəhayət bu yaxınlarda Fərhad Əhmədovun təşəbbüsü və dəstəyi ilə Göyçayın «AzNar» futbol komandasının formalaşdırılması baş tutub. Komandanın oyunçuları Göyçay şəhərində və rayonun kəndlərində yaşayan gənclərdən ibartdir. Komandanın formalaşdırılması üçün rayonda bir neçə seçim mərhələsi təşkil edilib, bu seçimlərə 500-ə yaxın gənc qatılıb və onların arasından ən istedadlı, ən bacarıqlı futbolçular seçilərək komanda formalaşdırılıb. Komandanın fəaliyyəti, təlim-məşq toplantıları üçün Göyçay şəhər stadionunda əsaslı təmir-bərpa işləri görülüb. Məqsəd «AzNar» komandasının yaxın gələcəkdə peşəkarlardan ibarət ölkə çempionatına qatılmasına nail olmaqdır.
Qeyd edək ki, bundan əvvəl «AzNar» komandası cəmi 3 oyun keçirib və bunlardan ikisini udub, Bakının həvəskarlardan ibarət «Şıxlar» komandası ilə mayın əvvəllərində keçirilmiş oyunda heç-heçə edib. Futbol mütəxəssisləri komandanın yaxşı perspektivlərinin olduğunu qeyd edirlər. Habelə Göyçay sakinləri rayonun yeni yaradılan futbol komandasına böyük azarkeş dəstəyi verirlər və bunu hər dəfə komandanın oyunlarına minlərlə tamaşaçının gəlməsi təsdiq edir.