Qala müdafiəçilərinə Vaqif rəhbərlik edir.
Qaladakıları qorxutmaq, müqavimət əzmini qırmaq üçün şah saray şairi Seyid Məhəmməd Şirazinin yazdığı aşağıdakı bəndi məktub vasitəsilə qalaya İbrahim xana göndərir:
Zi məncənəqe-fələk sənge-fitnə mibarəd,
To əbləhane giriftari miyane-şişə qərar.
(Fələyin mancanağından fitnə daşları yağır,
Sən əbləhcəsinə şişə içərisində dayanmısan).
Şişə («şüşə» burada Şuşa qalasına işarədir. Şuşaya təbiətinin gözəlliyinə, saflığına işarəylə obrazlı olaraq həm də «Şişə» deyirdilər.
Kağız xana yetişən kimi Vaqifə verir.
Vaqif şerə baxıb, cəld həmən məktubun arxasına aşağıdakı bəndi yazıb, xana verir.
Gər nigəhdare-mən anəst ke, mən midanəm,
Şişare dər bəğəle-səng nigəh midarəd.
(Məni qoruyan mənim tanıdığımdırsa
Şişəni daş qoynunda salamat saxlar).
Cavab xanın xoşuna gəlir və onu Ağa Məhəmmədə yollayır. Şeri oxuyan Şahin qəzəbi daha da alovlanır və qala divarlarını yerlə yeksan etmək üçün top atəşlərinə davam etmək əmri verir.
Şahın qoşunları aclıqdan taqətdən düşmüş Şuşaya daxil olur. İbrahim xan qalanı tərk edib Cara üz tutub. Onun yaxın adamları və vəziri Vaqif ələ keçir.
Şair yolda dustaq yoldaşı Sofi bəyə deyir;
- Mən nə şahın üzünü görəcəm, nə də qətl ediləcəyəm. Səni bilmirəm.
O gün cümə günü olduğundan şah qətliam və talanı dayandırmağı əmr edir.
- Sabah elə bir siyasət eyləyim ki, tarixlərdə qalsın. Bir minarə qurduracağam, Molla Pənahın da başı gərək lap yuxarıdan asılsın. Gedin dəmirçilərə deyin minarə üçün mıx qayırsınlar!..
Vaqif qürub zamanı saraya gətirilir. Sərkeşbaşı Məhəmmədhüseyn xan Vaqifi qapıda əlibağlı görüb soruşur:
- Bu kimdir?
Cavabında deyirlər:
- Bu haman Molla Pənahdır ki, eşidibsiniz.
Sərkeşbaşı Vaqifə nalayiq söyüşlər yağdırır:
- Ay pədər süxtə! Qoca köpək!
Vaqif əsir olsa da öz ləyaqətinin tapdanmasına yol verməyərək sakitcə, amma qürurla cavab verir:
- Ey xan, siz - şəxs-dövlətsiniz, dəstəgir və giriftarlara yaman kəlmələr, hədyan sözlər buyurmaq sizin rütbə və məratibinizə şayistə deyil...
Məhəmmədhüseyn xana bu tənə zərrəcə təsir göstərmir. O Vaqifi yenə təhqir edir.
Vaqif soyuqqanlılıqla onun cavabını verir:
- Ey xani-nanəcib! Əgər mən dustağəm, dustaği-şahəm, sən nəçisən ki, mənə bir zərrəcə asib yetirə biləsən. Həmin bu cür rəftar məhz sənin nanəcib və naqabilliyinə nişanədir. Bəlkə şah sabah məni azad edəcəkdir, və ya fələyi-kəcrəftar və təqdiri-pərvərdigar bəlkə qeyri bir yol gedəcəkdir. Gecə hamilədir, kim bilir sabah nə doğacaq?
Xanın göstərişiylə Vaqifi zindana salırlar.
Molla pənah gecəyarısı zindan böyüyündən soruşur:
- Şəhərdə təzə bir əhvalat və şuriş yoxdur?
O cavab verir ki, bir şey bilmir. Vaqifin gözünə yuxu getmir. Sübh tezdən yenə zindanbandan soruşur:
- Şəhərdə nə xəbər var?
Zindan böyüyü bu səfər də Vaqifin ürəyini sakit edə bilməyib cavab verir ki, bir xəbər eşitməyibdir.
Az keçmir ki, Ağa Məhəmməd şahın qətlə yetirilməsi xəbəri şəhərə yayılır. Dəmirçilərə xəbər gəlir ki, mıx lazım olmadı, şahın cənazəsi üçün bir neçə mismar lazımdır. Baş dəmirçi:
- Ey mıxı mismara döndərən! - deyib Göyə üz çevirir.
Dustaqlıqdan azad olan Vaqif öz dostu şair Molla Vəli Vidadiyə məşhur «Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax» şerini yazıb məktubla yola salır:
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,
Hökmu-adil padişahi-qadiri qəhharə bax!
Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çırağ,
Gecəki iqbali gör, gündüzdəki idbarə bax!
Şuşanın əlh-zülm əlinə keçməsindən 25 il - bir qərinə ötdü.
Nə Vaqifin inandığından bir təcəlli var, nə gərdişi-dövrani-kəcrəftaridən bir xəbər, nə də ki bizdə bir qeyrət...