Virtualaz.org xəbər verir ki, Şuşanın işğalında iştirak edənlərdən biri, Marina Dulyan adlı kapitan rütbəli erməni qadın Rusiyanın gazeta.ru internet nəşrinə («Qazprom Media»nın tərkibinə daxildir) bu hadisələrin necə cərəyan etməsindən danışıb. Və etiraf edib ki, Şuşaya hücumda ermənilərə ruslar kömək edirdi.
Əslən Goranboy rayonundan olan bu erməni deyir ki, 1991-ci ildə Ağdərədə gedən döyüşlərdə yaralanmışdı və İrəvanda müalicə alırdı. «1992-ci il aprelin 19-da bizə əmr etdilər ki, Stepanakertə (Xankəndi-red.), 9-cu rotaya gedək. Biz orada əlhaiddə briqadalar şəklində cəmləşdik və general Arkadi Ter-Tadevosyan qarşımızda vəzifə qoydu-Şuşa uğrunda döyüş. Bizim tərəfdə təkcə ermənilər yox, çoxlu ruslar, yezidlər, hətta çeçenlər döyüşürdü. Biz bəlucalı uşaqlarla (Bəluca Dağlıq Qarabağda erməni kəndi olub), onların sayı 105 nəfər idi, biz isə haradasa 100 nəfər idik, Canhəsən və Kosalar kəndinə qalxdıq. Bu iki kənd Şuşanın yaxınlığında, Stepanakertlə üzbəüz yerləşir. Biz iki kəndin ortasındaydıq, azərbaycanlılar bizi toplardan, snayperlərdən atəşə tuturdu. Döyüş səhər 6-da başladı. Biz atəşi üzərimizə çəkdik ki, azərbaycanlılar elə bilsinlər döyüş ancaq bu iki kənd uğrunda gedir. Və onlar bütün qüvvələrini bizə yönəltdilər. Həmin vaxt bizim digər briqadalarımız başqa tərəflərdən Şuşaya qalxırdı»-erməni veteran danışır.
Marina Dulyan bildirir ki, nəticədə Şuşa mühasirəyə alınmışdı. Və günü sonunda Dulyanın tərkibində olduğu dəstələrə geri çəkilmək əmri verilir. «Həmin vaxt biz çox itki vermişdik, 105 nəfərdən 45-inin meyiti həmin yerdə qaldı. Şuşa alınandan sonra bizə xəbər verdilər ki, «geri qayıdın, Şuşa artıq bizdədir».
Erməni qadın deyir ki, Şuşanın alınması əməliyyatını Ermənistanın indiki prezidenti Serj Sərkisyan işləyib hazırlamışdı...