Hazırda «Sovetski»dəki Nəriman Nərimanov küçəsi ilə Abdulla Şaiq küçəsində 3 və 4 zolaqlı yol çəkilir, bir yanda isə iri maşınlarla söküntü aparılan ərazilərdən tullantılar daşınır. Amma «Sovetski»nin sökülməsi və ərazisinin abadlaşdırılması layihəsinə cavabdeh olan strukturlar nəyə görəsə işləri planı, mərhələli şəkildə aparmır.
Belə ki, birinci mərhələni başa vurmadan, söküntü işini planlı və səliqəli şəkildə tam aparmadan növbəti mərhələyə-abadlaşmaya keçiblər. Söküntü tam həyata keçirilmədən yeni yolun inşa edilməsi hazırda onsuz da xarabalıqları xatırladan bu köhnə məhəllənin hələ evlərindən köçürülməyən sakinlərinin yaşayışını daha da çətinləşdirib.
«Yolun tikintisi üçün bir aya yaxındır gecə-gündüz iş gedir, buna görə də yaxınlıqdakı evlərin əksəriyyətində çatlar yaranıb. İri maşınlar keçəndə titrəyişdən evdə oturmaq mümkün deyil. İndi də deyirlər ki, köçürülmə müvəqqəti dayandırılacaq. Yolun hər iki tərəfi hasarlanacaq ki, kənardan bizim evlər görünməsin»,- sakinlər virtualaz.org saytına söyləyiblər.
«Azəravtoyol» ASC-nin rəsmi məlumatında deyilir ki, yolun inşası işlərinin 80 faizi yerinə yetirilib, yaxın həftələrdə yolun rəsmi açılışı olacaq.
Sakinlər isə deyirlər ki, evlərinin söküntüsü və tullantıların daşınması zamanı təzə çəkilən yolun bərbad hala düşəcəyini gözləyirlər. «Onsuz bizdə təzə çəkilən yolları qazmaq, sonra təzədən asfaltlamaq, yamaq vurmaq adi haldır. Burada da yəqin elə olacaq. Bir də görürsən ki, yol çəkənlərlə tullantıları daşıyan sürücülər arasında mübahisə başladı. Tutaşırlar, yol işçiləri tələb edirlər ki, tullantılar yol istifadəyə veriləndən sonra daşınsın, heç olmasa açılışa qədər yol bərbad hala düşməsin. Sürücülər isə onların dediklərinə məhəl qoymurlar, xüsusilə gecələr intensiv işləyirlər», - sakinlərdən biri Namiq Məmmədov deyir.
«Sovetski» sakini əlavə edir ki, yol kənarındakı evlər sökülmədiyi halda aşağı məhəllələrdə söküntünün aparılmasını heç cür başa düşə bilmirlər. Çünki məntiqlə gərək əvvəlcə yeni yolun keçdiyi ərazilər boyu evlər söküləydi və sakinlər yol çəkilişi başlamazdan əvvəl köçürüləydi.
«Yol tikintisi zamanı işıq, qaz, su, telefon xətlərimizi tez-tez qırırlar. Bəzən günlərlə işıqsız, susuz qalırıq. Evlərdə dərin çatların yaranması da bir tərəfdən bizi qorxudur. Tikintinin qumundan, toz-torpağından nəfəs ala bilmirik. Amma bizi köçürmək əvəzinə aşağı məhəllədə hansısa evlər köçürülür. Bunu necə başa düşək, kim bu işləri bu cür planlaşdırır, anlamırıq».
Abdulla Şaiq küçəsi, 21-də sökülməmiş evlərdən ibarət «ada» da yeni çəkilən yolun kənarında yerləşir. Sakinlərdən biri deyir ki, bu məhəllə söküntü üçün ən birinci siyahıya salınan ərazilərdəndir. Amma 3 ildir ki, 15-ə yaxın ailəyə kompensasiya ödənilmir və onların köçürülməsi təmin olunmur.
«Sovetski»nin yuxarı hissəsində (keçmiş Yuxarı Dağlıq) yaşayan sakinlər isə yolun tezliklə istifadəyə veriləcəyini ümid edirlər. Çünki onlara tikinti baş çatandan sonra evlərinin söküləcəyi vəd olunub. Niyə yolun çəkilməsindən əvvəl yox, məhz sonra-bunu sakinlər anlamır.
«Əşyalarımızı qablaşdırıb hazır vəziyyətdə dayanmışıq. Deyirlər ki, yolun tikintisi tamamlanandan sonra bizi köçürəcəklər», - sakin Elnur Quliyev deyir. Onun sözlərinə görə, sağda və üzbəüzdə yerləşən evlər çoxdan köçürülüb. Köçürülmə zamanı evlərinin hasarı daşıdılıb.
Abdulla Şaiq küçəsinin daha bir sakini Adilə xanım da yolun tikilməsinə sevinir. Lakin onun sevincinin motivi tam fərqlidir Çünki Adilə xanım ata-baba yurdundan köçmək istəməyən sakinlərdəndir. Deyir ki, onlara çatacaq kompensasiya yəqin bu yolun tikintisinə sərf olunub. Pul qurtardığından söküntü yubanacaq və o, yəqin son nəfəsini ata ocağında verəcək: «Sakinlər arasında söz-söhbət gəzir. Deyirlər ki, bizə veriləcək kompensasiya yolun tikintisinə sərf olunub. Gecə-gündüz Allaha yalvarıram ki, söküntü dayandırılsın, evimdən köçməyim».
Nəriman adlı sakin isə «Sovetski»nin hazırki durumunu Ağcaqum çölləri ilə müqayisə edir: «Bir az külək başlayan kimi tozdan nəfəs almaq mümkün olmur. Mən başa düşmürəm, söküntü tam bitmədən yolun tikintisinə nə ehtiyac vardı? İndi içəri məhəllələrə girmək üçün dörd yanı dolanmaq lazım gəlir. Kimə şikayət edəcəyimizi bilmirik. İlin əvvəlində deyirdilər ki, bu ilin sentyabrınadək bütün evlər söküləcək. İndi də gələn ilin sonunadək köçürülmənin bitəcəyini söyləyirlər».
«Azəravtoyol» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə köçürülmə zamanı yolun bərbad hala düşəcəyi ilə bağlı narahatlıqlara əsas görmür. A.Nəcəfli deyir ki, «Sovetski» ərazisində müasir standartlara uyğun yol çəkilir. «3 qat asfalt-beton örtük döşənib, yolun yük götürmə qabiliyyəti nəzərə alınıb», - Nəcəfli söyləyib.
Onun sözlərinə görə, söküntü gedən ərazidəki tullantıların daşınması üçün alternativ yol təklif olunacaq, yeni inşa edilən yolun qorunması üçün tədbirlər görüləcək.
ASC-dən saytımıza verilən rəsmi məlumata görə Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması üçün «Azəravtoyol» ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir: «Mayın sonunadək yolun istifadə verilməsi nəzərdə tutulub».
Hazırda Balababa Məcidov küçəsindən başqa, Abdulla Şaiq, Mirzəağa Əliyev və Füzuli küçələrində də son tamamlanma işləri görülür.
Qeyd edək ki, «Sovetski» ərazisinin sökülməsilə bağlı qərar 2014-cü ildə verilib. Qərara əsasən Sovetski məhəlləsində vətəndaşlara məxsus 1093 yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.
Layihəyə əsasən «Sovetski» ərazisində Azərbaycan ənənələri ruhunda «Şəbəkə» olacaq. «Şəbəkə» uzun örtülü iki səviyyəli qalereya şəklindədir: bura geniş parkinq, bar, fitnes-klub, uşaqlar üçün oyun meydançaları, mədəniyyət mərkəzləri, mağazalar və digər xidmətlər daxildir. Şəhər və park arasında keçid rolunu oynayan, Alov Qüllələri ilə Inşaatçılar prospektini vizual şəkildə birləşdirən «Şəbəkə» həmçinin Bakının gecə həyatının mərkəzinə çevrilə bilər. Yuxarıdan baxanda «Şəbəkə» gecə işıqlarının nurunda böyük parlaq xalçaya bənzəyəcək.
Lakin bu layihəyə cavabdeh olan məmurların gördükləri plansız işlər nəticəsində «Sovetski»nin ərazisində hazırda əsl «şəbədə» yaranıb…