Virtualaz.org-un məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Beynəlxalq Bankın Nərimanov filialının rəhbəri olmuş, hazırda isə AFB bankın İdarə Heyətinin üzvü olan Məmməd Cahangirovun vəkili çıxış edərək, ona bəraət verilməsini istəyib.
«İntersecurity»nin rəhbəri İbrahim Hüseynovun vəkili də məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.
Cahangir Hacıyevin vəkilləri isə məhkəmənin təxirə salınmasını istəyiblər. Sabiq bank rəhbəri özü də deyib ki, bu gün sağlıq durumuna görə məhkəməyə gələ bilmirmiş, amma istintaq təcridxanasının rəis müavini onu çağırıb və məhkəməyə getməsini istəyib. Bundan sonra o, məhkəməyə gətirilib.
Hakim Cahangir Hacıyevin istəyini nəzərə alıb və məhkəmə mayın 18-nə qədər təxirə salınıb.
Qeyd edək ki, bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində həmin şəxslərin apelyasiya şikayətləri üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. İlkin baxış iclasında vəkillər prosesin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Vəkillər həmin qərardan kassasiya şikayəti versələr də, Ali Məhkəmə şikayəti təmin etməyib və işi yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarıb.
Onu da xatırladaq ki, C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.