Vaxt.Az
Qiyməti sınmaq istəmir
Broylerlər Nuh deyir, peyğəmbər demirlər
Yeni ilin ilk günündə yumurtanın qiymətindəki müşahidə olunan ucuzlaşmanın ömrü qısa olub. Belə ki, cəmi bir gündən sonra qeyri-müəyyən dairələr yumurtanın qiymətini geri “oxutdurublar”. Ötən sutka ərzində qiyməti 5-6 qəpiyədək ucuzlaşan broyler məhsulu yenidən bahalaşıb.
musavat.com-un əməkdaşına məlum olub ki, şəhərdəki parakəndə satış məntəqələrinin sahibləri topdansatış məntəqələrinə gedəndə bir gün öncə 13-14 qəpiyə aldıqları yumurtanın bir neçə qəpik baha qiymətə təklif ediblər. Hətta onlara bildirilib ki, əksər məntəqələrdə yumurta yox dərəcəsindədir. Yumurtanın qıtlaşmasının süni, yaxud təbii səbəbləri barədə isə heç kim heç nə bilmir. Amma əksər ticarətçilər bu fikirdədir ki, yumurtanın azalması müvafiq rəsmi qurumların broyler fabriklərinin qarşısında qiymətlərin məcburi qaydada endirilməsi tələbinin irəli sürülməsi ilə bağlıdır. Onlar ucuz qiymətə yumurta satışının sərfəli olmadığını əsas gətirib bu məhsulun satışını minimuma endiriblər. Paytaxtın bir sıra dükan-bazarlarında artıq yumurta satılmır. Ticarətçilər baha qiymətə aldıqları yumurtanı sata bilmədiyinə görə, bu məhsulu almaqdan imtina edir. İş adamları müvafiq qurumların nəhayət, bu qeyri-müəyyənliyə son qoymasını, yumurta probleminin səbəbləri barədə rəsmi açıqlama verməsini istəyir.
03.01.2014 çap et