Bağını kimlər kirayəyə verir?
Öncə ondan başlayaq ki, indi Abşeron bağları arasında kirayə olanlar üstünlük təşkil edir. Buna səbəb isə əlahəzrət maddi problemlərdir. Apardığımız rəy sorğusu zamanı məlum oldu ki, hazırda bağ kirayəsi ilə məşğul olanlar əsasən yerli sakinlərdir. Qış uzunu bağda yaşayıb, yayda 3 aylığına (bəzən daha çox müddətə) onu kirayəyə verənlər üçün bu, tipik yay biznesidir. Amma son illər bu biznesin şitini çıxaranlar da var. Buna bir azdan qayıdacağıq. Xatırladaq ki, qış uzunu bağda yaşayıb da yayda bağını kirayəyə verənlər də iki kateqoriyaya ayrılır. Onların bir qismi bağını kirayə verərkən, özü də paralel orada yaşayır. Yəni, bağın bir otağında qalır, ya da evin birini kirayənişinə verir. Bu halda həm bağına nəzarət edir, həm də evindən-eşiyindən perik düşmür. Baxmayaraq ki, bu kateqoriyada olanlar kirayənişinlər üçün də heç də uğurlu seçim deyil. Digər kateqoriya isə evi bütünlüklə kirayənişinə təmsil edib, yayı hansısa istirahət guşəsində, ya da paytaxtdakı qohum evində keçirənlərdir. Onlar isə bunun müqabilində birincilərdən daha çox pul istəyirlər. Çox zaman bağ sahibləri bunu hansısa makler vasitəsilə, bəzənsə öz xətləri ilə - internetdə, "Birja" qəzetində elanlar, dost-tanış arasında soraqlama. Mövzu ilə maraqlanarkən öyrəndik ki, kirayə bağ axtaranlar daha çox sonuncuya üstünlük verir. Yəni, soraqlaşma, dost tövsiyəsi. Çünki ev firmaları tərəfindən tapılan kirayə bağlar üçün maklerə də əlavə ödəniş ödəmək lazım olur ki, bu da baha başa gəlir. Üstəlik, arada dostlar, tanışlar olanda kirayə qiymətinin aşağı salınması imkanları azalır, habelə sonradan hansısa anlaşılmazlığın üzə çıxması minimuma enir.
Bu arada onu da deyək ki, bağ sahibləri daha çox əcnəbilərə və xarici şirkətlərdə çalışan insanlara öz bağını kirayələməkdə maraqlıdır. Çünki bu halda insident ehtimalı və ödənişlə bağlı problemlər minimuma enir. Bundan başqa, xaricilər daha çox lüks şəraitli evlərlə maraqlanırlar ki, onun da kirayəsi xeyli yüksəkdir.
Son illərin tendensiyalarından biri də odur ki, bağ sahibləri aylıq yox, mövsümi kirayəyə üstünlük verir. Təbii, bağı yüksək şəraitdə olanlar üçün bu, daha çox keçərlidir. Yəni onlar mövsüm boyunca 3 fərqli kirayənişinlə (hərəsi bir ay -S.T.) anlaşmaq əvəzinə bir dəfəyə üç aylıq kirayə haqqını alıb, planlarını rahat həyata keçirir.
“Bağ kirayə tutdum, kaş ki bu pulla Antalyaya gedəydim”
“Həkim anamın ayaqları üçün dəniz qumunun faydalı olduğunu yazdı. İş-güc adamıyam, hər gün dənizə gedib-gəlmək imkanım yoxdur. Üstəlik, yayda məzuniyyət də götürməyəcəyəm. Fikirləşdim ki, ən yaxşısı bir bağ tutum, anamı da, uşaqlarımı, yoldaşımı da göndərim ora. Aprel ayından bəri axtarışlara başladım. Çox çətinliklə kirayə bağ tapdım”.
Bunu bizimlə söhbətində özəl bir şirkətdə mühasib çalışan Qaraş Məmmədov dedi. Onun sözlərinə görə, iki ay boyunca apardığı axtarışlar bağ sahiblərinin son illərdə xeyli insafsızlaşdığını üzə çıxarıb. Müsahibimiz 2001-2002-ci illərdə də Bilgəhdə bağ kirayələdiyini xatırlatdı. Dediyinə görə, həmin vaxtlar evlər daha ucuz, şəraiti isə daha yüksək olub: “Biz onda hər cür şəraitli, kondisionerli, iki otaqlı, geniş həyəti olan bir bağda qalırdıq. Ayı da 50 ”şirvan"a. İndi isə o cür şəraitli bağların bir aylıq kirayəsi 1500 manatdan başlanır. Adam nəzərə alır ki, burda bir ay qalan ailənin yemək, təsərrüfat xərcləri də var. Onda görün, bir aylıq bağda qalma bir ailəyə neçəyə başa gələcək?"
Müsahibimiz danışır ki, hazırda ailəsini yerləşdirdiyi bağın üç ayı üçün 3000 manat ödəyib. Amma kommunal xərcləri ev sahibinin öhdəsinə buraxa bilib: “Ev sahibləri pulu əvvəldən istəyirlər. Mən də məcburən çalışdığım firmaya yaxın olan bir bankdan 2 illik kredit götürdüm. Yavaş-yavaş ödəyəcəyəm. Ev bizə əşyaları ilə birgə verilib. Rahatçılıq var. Amma indi düşünürəm ki, bəlkə də 3000 manatla ailəmi iki həftəlik Antalya səfərinə göndərsəydim, daha ağıllı iş tutardım. Çünki iki həftə Antalyanın qumu da anamın ayaqlarına xeyir edərdi. Üstəlik, orda yeyib-içmək, uşaqlar üçün əyləncə də bu məbləğə daxildir. Azərbaycanda istirahətin bütün növləri bahadır”.
Makler narazılıq edir: “Ev sahibləri də ağ ediblər”
Fatmayidə bağ kirayəsinin təşkili ilə məşğul olan Səməd Allahverdiyev də bəzi bağ sahiblərindən narazıdır. Onun sözlərinə görə, indi bağ sahibləri qeyri-adi şəraiti, özəl lüksü olmayan bağlar üçün çox baha kirayə haqqı istəyir: “Bir də görürsən, kondisioneri, hovuzu, normal hamam, tualeti olmayan bağlarda aylıq kirayə haqqı 800 manatdır. Bağ yeri isti olur, camaat kondisionersiz qala bilmir burda axı. Bu, düzgün deyil. Belə bağ sahibləri bəzən mövsüm boyu kirayənişin tapa bilmirlər”.
Müsahibimiz söylədi ki, çox vaxt bağ sahibləri ilə kirayənişin arasında hər hansı müqavilə də bağlanmır. Bu halda isə kirayənişinlə ev sahibi arasındakı öhdəliklər problemə çevrilir: “Biz daha çox sıradan çıxmış kondisioner, ya su motoru, eləcə də evdə sınmış qab-qaşığa görə ev sahibi ilə kirayənişin arasında problem yarandığını görürük. Ev sahibi deyir ki, bunu ödəməlisən. Kirayənişinsə deyir, mənim evim deyil, bunu əvvəldən deməliydiniz. Ona görə də müqavilə şərtdir”.
Bağların aylıq kirayəsi: 500 manatdan 4000 manata...
Keçək qiymətlərə. Apardığımız sorğulara görə, Novxanı qəsəbəsində, dəniz kənarına yaxın yerlərdə villaların kirayəsi üçün ayda 2500-3500 manat ödəmək lazım gəlir. Dənizdən 500-700 metr aralı 1-2 otaqlı mənzil icarəyə götürmək üçün 800 manat, 3-4 otaqlı, hər şəraitli, dənizdən 500 metr aralı olan mənzildə qalmağa isə 1000-2000 manat xərc çəkmək lazımdır.
Hövsanda şəraitsiz 1 otaqlı bağ evinə 300 manat, şəraiti olanlara isə 400-500 manat pul vermək lazımdır.
Nardaranda, dənizə yaxın ərazidə yerləşən bağ evləri, yaxud villalar 700 manata, 1-2 otaqlılar isə 500 manata kirayəyə verilir. Bilgəhdə 1-3 otaqlı bağlar 1000 - 2000 manata verilir ki, belə evlər dənizə yaxın yerlərdədir.
Bağ kirayəyə götürmək üçün Zirədə 300-500 manat, Goradildə 1-2 otaq 800 manat, 3-4 otaq 1000 manat, villalara 1500 manat aylıq icarə haqqı ödəmək lazım gəlir.
Şüvəlanda ayda 1 otaqlı bağlara 800 manat, dənizə yaxın villalara 1000 manatdan yuxarı pul ödəmək lazım gəlir.
Fatmayidə villa 1-2-3 otaqlı bağlara 500-1000 manat çərçivəsində, villalara isə 1000 manatdan yuxarı pul tələb olunur. Zuğulbada 400 metr dənizə yaxın olan bağ evlərinə ayda 700 manat, villalara isə 1000-1500 manat pul vermək lazımdır.
Mərdəkanda, dənizə yaxın villa kirayələmək üçün 3500-4000 manat, 1-5 otaqlı, hər cür şərati olan bağ evi tutmağa 1000-2000 manat arası, şəraitsiz tək otaq icarəyə götürməyə isə 500-1000 manat arası xərc çəkmək lazımdır.
Türkiyədə bağlar - bir günü 25 manatdan başlayan təklif...
Müqayisə hər zaman faydalıdır. Turizm sektorunda bir tarix yazan Türkiyədə isə bağ kirayəsi yeniliklər edir. Məsələn, qonşu ölkənin turistik məkanlarındakı bağ evləri- onlar buna yazlıq deyirlər- günlük kirayə xidmətini təklif edir. Tutaq ki, hansısa bağ evindəki böyük villanın 5-6 otağı var. Və bir neçə nəfər həftə sonunu qələbəlik oteldə yox, bağ evində keçirmək istəyir. Bu halda insanlara günlük kirayəsi 25 manatdan başlayan otaqlarda qalmaq təklif olunur. Və ya həftə sonu bağ atmosferində parti keçirmək üçün bütöv bağı iki günlük kirayəyə götürmək istəyirlərsə, bunun üçün 70 manatdan başlayan kirayə haqqı ödəməlidir. Təbii ki, bağın şəraiti - villanın dubleks olması, hovuzun böyüklüyü, şəraitin lüks olması - da bu məbləğə birbaşa təsir edir.