Maraqlıdır ki, Suriyada YPG-yə ağır silahlar göndərməyə başlayan ABŞ Türkiyənin davamlı təpgiləri qarşısında gülünc mülahizə irəli sürüb. Ağ Ev Ankaranı əmin etmək istəyir ki, Rakka şəhəri İŞİD-dən azad edildikdən sonra şəhərdə YPG-lilər qalmayacaq. Şəhərin idarəçiliyi ərəblərə veriləcək. Həmçinin, terror təşkilatına verilən silahlar geri alınacaq. Onda ortaya belə bir sual çıxır: əgər PKK/YPG Rakkada qalmayacaqsa, onda niyə bu şəhər uğrunda döyüşməlidir, hətta itki verməlidir? Beləliklə, ABŞ-ın yalanı ortadadır: Ya PKK-nı aldadıb qurbanlıq quzu kimi savaşa göndərir, ya da Türkiyəni aldadıb planının icrasına davam edir. Bütün bunlar güman ki, Vaşinqtonda keçiriləcək görüşdə diqqət mərkəzində olacaq. Ən əsası odur ki, Ərdoğan ABŞ səfəri zamanı Trampı kürdlərlə ittifaqdan çəkindirə biləcəkmi? Nüfuzlu «The Independent» qəzeti yazır ki, Türkiyə bir vaxtlar Yaxın Şərqdəki nüfuz və təsirini İraq və Suriyadakı müharibələrlə genişləndirəcəyinə ümid edirdi, lakin indi hər iki müharibə Ankara üçün böyük iflasla nəticələnib. Müəllif yazır ki, 2011-ci ildən bəri Türkiyə bir tərəfdən Bəşər Əsədin postunu tərk etməsinə, digər tərəfdən isə Suriyanın iki milyonluq kürd əhalisinin onun sərhədləri boyunca torpaqlara nəzarət etməsinin qarşısını almağa çalışırdı. «Türkiyə kürdlərin irəliləyişinin qarşısını ala bilməyib, onun Suriyadakı türkmən və ərəb müttəfiqləri isə hətta əl-Bab kimi kiçik bir şəhəri də Türkiyə ordusunun birbaşa iştirakı olmadan İŞİD-dən ala bilməyiblər. Vaşinqton Türkiyənin hərəkətlərindən o qədər narahat olmuşdu ki, Suriyanın Türkiyə ilə sərhəd bölgəsinə bilavasitə öz əsgərlərini yeritmişdi. ABŞ bildirirdi ki, o İŞİD-in de-fakto paytaxtı Rakkanı, əksəriyyəti YPG döyüşçüləri olan SDF qüvvələrinin köməyi ilə azad edəcək», - deyə müəllif yazır. Qəzet əlavə edir ki, Suriya kürdləri öz növbələrində deyirdilər ki, onlar Türkiyənin hava zərbələrinin davam edəcəyi təqdirdə Rakka əməliyyatına qoşulmayacaqlar «Lakin indi belə görünür ki, Tramp YPG-yə ağır silahların verilməsi barədə sərəncamı imzalamaqla Ankaraya açıq mesaj verib. Bu o deməkdir ki, Ankaranın hədələrinə baxmayaraq, ABŞ kürdlərlə müttəfiqliyi davam etdirmək əzmindədir. Bu isə Türkiyə ordusunun YPG üzərinə hücum əməliyyatları keçirməsini çətinləşdirir. Ərdoğan Trampla görüşərkən onun kürdləri dəstəkləyən siyasətini dəyişməyə çalışacaq. Amma Ərdoğanın uğur qazanacağı inandırıcı deyil. Öz prezidentliyinin son günlərində Obama da Suriya kürdlərinin silahlandırılmasına dair qərar qəbul etmişdi. Trampın sərəncamı Ağ Evin siyasətinin olduğu kimi qaldığını göstərir. Hərçənd ABŞ Türkiyəni əmin etməyə çalışır ki, Suriya kürdlərinə silahlar onların yalnız İŞİD-ə qarşı döyüşmələri üçün verilir. Türkiyə narahatdır ki, bu silahlar son məqamda PKK-nın əlinə keçə bilər»,- deyə məqalədə bildirilib.
Bu arada ABŞ-ın terrorçu PKK-nın Suriyadakı qolu YPG-yə ötürəcəyi silah-sursatla bağlı Türkiyəyə təminat verdiyi barədə xəbər yayılıb. «Haber7» xəbər verir ki, bu barədə ABŞ-a səfər edən Türkiyənin rəsmi nümayəndə heyəti bildirib. ABŞ Türkiyədən gedən nümayəndə heyətinə YPG-yə silah-sursatı yalnız terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq məqsədilə verdiklərini bir daha bildirib. ABŞ-ın Türkiyəyə verdiyi təminat aşağıdakı kimidir: Birincisi, YPG-yə veriləcək silahların hamısı sayılacaq və qeydə alınacaq. İkincisi, silahların sayı, vacibliyi əməliyyata uyğun olacaq. Sadəcə, yetərli sayda silah veriləcək. Onlardan istifadəyə ABŞ hərbçiləri nəzarət edəcək. Üçüncüsü, verilən silahların başqa bir yerdə istifadə edildiyi ortaya çıxarsa, o zaman silah ötürülməsi dayandırılacaq. Dördüncüsü, Rakka əməliyyatı bitər-bitməz «YPG»nin əlindəki bütün ağır silahlar alınacaq. Sonuncusu Rakka azad edildikdən sonra bu şəhərdə YPG üzvləri qalmayacaq. Şəhərin idarə edilməsi və təhlükəsizliyi suriyalı ərəblərə həvalə ediləcək.
Yeri gəlmişkən, Ərdoğan-Tramp görüşündə Gülən məsələsi də gündəmdə olacaq.
Qeyd edək ki, ədliyyə naziri Bəkir Bozdağ ilə birlikdə ABŞ-a gedən Ədliyyə Nazirliyinin nümayəndə heyətinin ABŞ tərəfi ilə Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin ekstradisiyası məsələsinə dair görüşü olub. Ədliyyə Nazirliyi Beynəlxalq Hüquq və Xarici Əlaqələr üzrə baş direktorunun müavini Faris Karakın rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ Ədliyyə Nazirliyinin rəsmiləri ilə keçirdiyi görüş təxminən 6 saat davam edib. Görüşdə FETÖ istintaqını aparan Ankara Baş Prokurorluğunun 3 prokuroru da iştirak edib.
Bir qədər əvvəl Bəkir Bozdağ amerikalı həmkarı Cef Serrios ilə keçirdiyi görüşdə də Fәtullah Gülənin ekstradisiyasını müzakirə edib.