Vaxt.Az

Cüdoda üç qızıl, bir gümüş


 

Bir çəki dərəcəsində ilk iki yeri Azərbaycan idmançıları qazandı

Cüdoda üç qızıl, bir gümüş «Bakı-2017» İslam Həmrəyliyi Oyunlarında Azərbaycan cüdoçuları ilk qızıl medalı qazanıblar. Bu sevinci komandamıza Erdenebat Bazarraqça yaşadıb.

Ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasını birbaşa arenada izləyiblər.

Çəkisi 48 kq olan cüdoçuların mübarizəsində finala ölkəmizin iki təmsilçisi yüksəlib və həlledici qarşılaşmada E.Bazarraqça Aişə Qurbanlını məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb. A.Qurbanlı gümüş medalla kifayətlənməli olub.

Fərqlənənlərə medalları Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təqdim edib.


***


«Bakı-2017» İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazılıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov qarşılaşdığı bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasını birbaşa arenada izləyiblər.

Azərbaycanlı tatami ustası startda Yəmən cüdoçusu Ali Xosrov üzərində inamlı qələbə qazanıb. Yarımfinalda qırğızıstanlı Otar Bestayevi məğlubiyyətə uğradan Orxan Səfərov həlledici döyüşdə Türkiyə atleti Bəkir Özlündən də üstün olub.

Kişi cüdoçuların yarışında 60 kq çəkidə bürünc medallara özbəkistanlı Diyorbek Urozboev və qırğızıstanlı Otar Bestayev sahib çıxıblar.

Qalib və fərqlənənlərə medalları Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təqdim edib.


***


«Bakı-2017» İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandasının hesabına daha bir qızıl medalı 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə qazandırıb.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, birinci vitse-prezident, «Bakı-2017» İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri, eləcə də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasına birbaşa arenada izləyiblər.

Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda Nicat Şıxəlizadə finalda Əlcəzair təmsilçisi Houd Zourdaniyə ipponla qalib gələrək İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Bürünc medallara isə türkiyəli Sinan Sandal və iranlı Alirza Xocasteh yiyələniblər.

Medalları idmançılara Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

2004-cü ildə, 17 yaşında ikən Rotterdamda Avropa çempionu adını qazanan N.Şıxəlizadə az keçmiş dünya kubokunun qalibi olub. 2005-ci ildə Qahirədə keçirilən dünya çempionatında bürünc medala yiyələnən bacarıqlı tatami ustası elə həmin il yenidən Avropa çempionluğunu bayram edib. Nicat həmçinin 2015-ci ildə «Böyük Dəbilqə» turnirinin, üç dəfə isə Qran-Pri yarışının qalibidir.

 





13.05.2017    çap et  çap et