ABŞ isə bəyan edib ki, peyk görüntülərinə əsasən Şimali Koreyanın buraxdığı raket Rusiya ərazisinə yaxın, Vladivostokun cəmi 96 kilometrliyinə düşüb. Ağ Evin rəsmisi Şon Spayser bildirib ki, Rusiya çətin bu raket sınağından sevinər. Çünki raket Yaponiya ərazisindən daha çox Rusiya ərazisinə yaxın düşüb. «Raketin Rusiya ərazisinə yaxın düşdüyünü nəzərə alan prezident Tramp təsəvvür edə bilmir ki, Moskva buna sevinəcək», - Şon Spayser bildirib.
Bundan əlavə ABŞ administrasiyası bildirib ki, öz müttəfiqlərini Şimali Koreyadan qaynaqlanan təhdidlərdən qorumaqda tam qərarlıdır. Ağ Evin mövqeyinə görə son təxribat beynəlxalq ictimaiyyəti Pxenyana qarşı daha sərt sanksiyalara vadar etməlidir.
Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə raket Şimali Koreyanın Pxoyan-Pukto bölgəsindən buraxılıb və 700 kilometrə yaxın məsafə qət edərək Yapon dənizinə düşüb. Lakin Yaponiyanın iqtisadi maraq zonasına çatmayıb.