Vaxt.Az

«...Vətəndaş müharibəsi düşər»


 

Akif Çovdarov: «Mən ad çəkməyə başlasam, aləm bir-birinə dəyər, ...»

«...Vətəndaş müharibəsi düşər» Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

İclas başlayarkən məlum oldu ki, təqsirləndirilən Səlim Məmmədovun vəkili, exinokokkoz diaqnozu ilə əməliyyat olunmuş və prosesdə iştirak edə bilmədiyindən, ard-arda bir neçə məhkəmə iclasının təxirə salınmasına səbəb olmuş Cavid Rzazadə bu gün də zalda deyil.


Təqsirləndirilənə yeni vəkil təyin edilə bilər?


Məhkəmə iclasının davam etdirilib-etdirilməməsi ilə bağlı fikrini bildirmək üçün prosesə sədrlik edən hakim Həbib Həsənov sözü dövlət ittihamçısı Vüqar Quliyevə verdi.

Dövlət ittihamçısı bildirdi ki, qanunvericiliyin tələbinə görə, vəkil 10 gündən artıq müddətdə, hətta üzrlü səbəbə görə belə, prosesdə iştirak edə bilmirsə, təqsirləndirilən şəxs yeni vəkil seçməli, yaxud ona dövlət hesabına vəkil təyin edilməlidir. «Eyni zamanda, bugünkü iclasda ifadə verməsi nəzərdə tutulmuş zərərçəkmişlərin epizodları üzrə təqsirləndirilən şəxsə heç bir ittiham irəli sürülmədiyindən, hesab edirəm ki, məhkəmə öz işini davam etdirə bilər», - prokuror bildirdi.


«Yeni vəkilin təyin edilməsi vaxt qazandırmır»


Məsələyə dair fikrini bildirən təqsirləndirilən Akif Çovdarovun vəkili Kamandar Nəsibov qeyd etdi ki, təqsirləndirilən Səlim Məmmədova baxılan cinayət işində aid olmayan heç nə yoxdur.

«Bildiyiniz kimi, ittiham aktında təqsirləndirilən dörd nəfər mütəşəkkil cinayətkar dəstə kimi qələmə verilir. Əgər belədirsə, burada baxılan epizodların həmin dəstənin hər bir üzvünə aidiyyatı var. Yox, əgər dövlət ittihamçısı hesab edirsə ki, belə deyil, o zaman ittiham aktından həmin ifadə yığışdırılsın və yalnız bu halda hər hansı epizodun təqsirləndirilənlərdən hansınasa aidiyyatı olmaya bilər.

O ki qaldı dövlət tərəfindən vəkilin təyin edilməsinə, əgər həmin vəkil öz vəzifəsinə qanunvericiliyə uyğun yanaşacaqsa, ən azı cinayət işinin materialları və indiyə qədər keçirilmiş iclasların protokolları ilə tanış olmalıdır. Buna isə minimum 2-3 həftə vaxt lazımdır ki, həmin vaxta qədər vəkil Cavid Rzazadənin əməliyyatdan sonrakı bərpa dövrü bitəcək və o, məhkəmədə iştirak etmək iqtidarında olacaq», - vəkil qeyd etdi.

Təqsirləndirilən Akif Çovdarovun digər vəkili Sadiq Rəsulov həmkarının sözlərinə dəstək verərək bildirdi: «Dövlət ittihamçısının nəzərinə çatdırmaq istəyirəm ki, Cinayət-Prosessual Məcəllənin 312-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilənə yeni vəkil seçmək, yaxud dövlət hesabına vəkillə təmin edilmək təklifi verə bilər. Bu maddə imperativ xarakter daşımır və icra üçün məcburi deyil.

Bununla da razıyam ki, yeni vəkil təyin olunarsa, o, cinayət işinin materialları və protokollarla tanış olmalıdır, başqa sözlə, zaman baxımından heç nə qazanmırıq, hətta bəlkə uduzuruq».

Təqsirləndirilən Akif Əliyevin vəkili Anar Qasımlı həmkarları ilə eyni fikirdə olduğunu qeyd etdi.


Səlim Məmmədov: «Gəlin, bir-birimizə hörmətlə yanaşaq»


Təqsirləndirilən Səlim Məmmədov məhkəmə tərəflərini səbrli olmağa çağırdı: «Vəkilim cərrahiyyə əməliyyatı keçirib və yaxın günlərdə müalicə-bərpa müddəti bitməlidir. Bu hamının başına gələ bilər. Heç olmasa, gəlin bir-birimizə hörmətlə yanaşaq».

Hakim Həbib Həsənov təqsirləndirilənə dedi: «Amma məndə məlumat var ki, Cavid Rzazadə başqa cinayət işi ilə bağlı prosesə çıxıb».

Təqsirləndirilən Səlim Məmmədov onda belə bir məlumatın olmadığını bildirdi.


Akif Çovdarov: «Mən ad çəkməyə başlasam...»


Son olaraq söz təqsirləndirilən Akif Çovdarova verildi. Ləğv olunmuş MTN-in generalı məsələ barədə fikir bildirməyərək, dedi:

«Mənə bir şey çatmır ki, qapalı keçirilən iclaslarda baş verənlər mətbuatda necə dərc olunur. Bu necə qapalı iclasdır? Mən burada adlar çəkəcəyəm, əgər onlardan biri mətbuatda dərc olunsa, aləm bir-birinə dəyər, vətəndaş müharibəsi düşər.

Son günlər mətbuatda adlar çəkilir. İstintaq işi necə qurubsa, bütün gizli qalmalı işlər ortaya çıxıb. Elçin Behbudovdan danışırlar. Elçin Behbudovun bu dövlətə verdiyi xeyri az adam verib».

Məhkəmə prosesinə sədrlik edən hakim Həbib Həsənov növbəti iclasın gələn həftənin çərşənbə günü, mayın 24-nə təyin edildiyini elan etdi.

 





15.05.2017    çap et  çap et