Vaxt.Az

«İstehlakçının istədiyi 30-40 manatlıq paketdə də olmaya bilər»


 

Əflatun Amaşov: «10 manatlıq xidmətə 70 kanal daxildirsə, qoy vətəndaş həmin seçimi özü etsin»

«İstehlakçının istədiyi 30-40 manatlıq paketdə də olmaya bilər» Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il mayın 16-da keçirilən iclasında «Kabel şəbəkəsi yayımı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Qanun layihəsi müzakirə olunub. Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov da bu müzakirələrə öz münasibətini bildirib.

Çıxışına «bu gün burada «Kabel şəbəkəsi yayımı haqqında» Qanun layihəsini müzakirə edirik. Düşünürəm ki, bu sənəd günümüzün tələbidir. Zaman tələb edir ki, bu sahə ayrıca qanunla tənzimlənsin. Çünki kabel şəbəkələr TV və radio yayımı sistemində özlərinə kifayət qədər yer tuturlar» fikri ilə başlayan deputat 2002-ci ildə qəbul edilən «Televiziya və radio yayımı haqqında» Qanunun 30-cü maddəsində kabel şəbəkəsi ilə bağlı müddəanın yer aldığını qeyd edib: «Orada göstərilirdi ki, kabel şəbəkəsi yayımı Azərbaycan Respublikasının qanunu ilə, müvafiq dövlət orqanı tərəfindən tənzimlənir. Həmin vaxtdan xeyli müddət keçib. Bu gün Azərbaycanda 17 kabel televiziyası və 15 İP TV fəaliyyət göstərir».

Ə.Amaşov qeyd edib ki, dünyada kabel televiziyaların tənzimlənməsi ilə bağlı praktika mövcuddur: «Müsbət haldır ki, qanun həmin praktikanı ölkəmizə gətirir. Bu, ilk növbədə yayımçının məsuliyyəti ilə bağlıdır. Yəni yayımçı proqram paketinə xarici TV-ləri daxil edərkən məsuliyyətli olmalıdır. Məsuliyyəti müəyyənləşdirən müvafiq icra hakimiyyəti orqanı, konkret olaraq Milli Televiziya və Radio Şurasıdır. Belə də olmalıdır. Çünki bu sahə dövlət maraqlarımız baxımından son dərəcə vacibdir. Ona ciddi şəkildə nəzarət olmalıdır».

Millət vəkili kabel şəbəkələrin yayımındakı xarici TV-lərdə yer alan reklamlarla bağlı məqamı da xüsusi vurğulayıb: «Əslində necə olmalıdır? Reklamlar dəyişdirilməlidirlərmi, olduğumu kimi verilməlidir? Əksər ölkələrdə belə deyil. Qanunun müsbət tərəfi ondadır ki, sənəddə bu sayaq məqamlara aydınlıq gətirilir. Bu, çox vacibdir. Əlbəttə, kabel yayımı ilə yayımlanan hansısa xarici televiziyanın reklamının yerinə öz reklamımızın yer alması daha yaxşıdır. Ancaq məsələ necə, hansı formada tənzimlənəcək - hesab edirəm ki, gələcəkdə bu cəhətlərə aydınlıq gətirilməli olacaq».

«Daha bir məqamı da diqqətinizə çatdırmaq istərdim. Qeyd etdiyim kimi, 15-dən çox kabel TV yayımçısı var. Onlar həm köhnə, həm də yeni tikililərdə sakinlərə xidmət göstərirlər. Əlbəttə hansı kabel yayımçısını seçmək vətəndaşın səlahiyyətindədir. Təbii, vətəndaş çalışacaq ki, daha keyfiyyətli xidmət göstərən şirkəti seçsin. Müşahidələrimə görə, rəqəmsal yayımı təmin edən kabel TV-lərin xidmətindən daha çox istifadə edilir, nəinki analoq yayım təklif edənlərin. Bu öz yerində.

Yayımçı vətəndaşa əsasən 3 paket təqdim edir. Qiymət paketdəki kanalların sayına görə müəyyənləşir. Təxminən 9-10 manatdan 30-40 manatadək olan paketlər var. Ola bilər ki, vətəndaşın, konkret olaraq istehlakçının istədiyi televiziya kanalı məsələn 10 manatlıq paketdə yoxdur. Mümkündür ki, heç 20 manatlıq və daha yuxarı məbləğli paketdə də olmasın. Yaxud da istehlakçının aldığı paketdə ümumiyyətlə tamaşa etmək istəmədiyi kanallar çoxdur» deyən millət vəkili istehlakçının seçimi ilə bağlı çatışmazlıqları qeyd edib.

Bu kimi məsələlərdə vətəndaşın seçiminə önəm vermənin tərəfdarı olan millət vəkili, «təbii, seçim də kabel şəbəkə yayımçısının imkanları daxilində olmalıdır. Yəni hansısa vətəndaş yayımçının təklif etdiyi paketlərdə yer almayan televiziya kanalını istəyə bilməz. Ancaq hesab edirəm ki, paketin tərkibini müəyyənləşdirmək vətəndaşın ixtiyarında olmalıdır. Məsələn, 10 manatlıq paketə 70 kanal daxildirsə, vətəndaş həmin 70 kanalı özü seçsin» qeyd edib.

«Hesab edirəm ki, belə olduqda kabel xidməti göstərən qurumun məsuliyyəti daha da artacaq. O istəyəcək ki, onun xidmətlərindəki bütün televiziya kanalları baxımlı olsun. İndiki halda bəzən paketlərdə heç bir mənası olmayan televiziya və radio kanalları təqdim edilir. Düşünürəm ki, bu məsələlər də tənzimlənməlidir» fikri ilə Əflatun Amaşov çıxışını yekunlaşdırıb.

 





16.05.2017    çap et  çap et