Artıq kiber-hücumların fəlsəfəsi dəyişib
«Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz «Kaspi»yə açıqlamasında bildirdi ki, bu hücumların arxasında böyük dövlətlərin müxtəlif maraqları dayanır: «Dünyada gedən qloballaşma prosesinin sürətlənməsi, eyni zamanda, müxtəlif ölkələrdə gedən müharibələr, ölkələr arasındakı ziddiyyətlər özünü kiber-hücumlarda da göstərir. Yəni artıq kiber-hücumların fəlsəfəsi dəyişib. Əvvəllər kimsə bunu həvəskar səviyyədə, özünü təsdiq etmək məqsədilə edirdisə, indi internet üzərindən müxtəlif dövlətlərin maliyyə qurumları, və təşkilatları kiber-silahlardan məqsədyönlü şəkildə istifadə edirlər. İndi daha çox hər hansı bir ölkənin sisteminə, iqtisadiyyatına qarşı kiber-hücumlardan istifadə edilir. Düşünürəm ki, Azərbaycan üçün də yayılan virusların təsiri ola bilər. Son dövrlərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər və konfranslar ölkəmizi də bu cür kiber-cinayətkarların əsas hədəfinə çevirib. Cinayətkarlar daha çox iqtisadi sistemi iflic etmək, gizli informasiyaları oğurlamaq, bank sistemini pozmaq, vəsaitlər əldə etmək, çaşqınlıq yaratmaq və gözdən salmaq üçün bu yoldan istifadə edirlər».
O.Gündüz deyir ki, əvvəllər də belə problemlər yaşanıb: «Azərbaycanda «Eurovison» keçirilən vaxtı informasiyanın ötürülməsi ilə bağlı belə hallar olmuşdu. Kiber-hücumlar nəticəsində həmin vaxt müxtəlif problemlər yaşanmışdı. Lakin «Eurovision» yarışmasından sonra Azərbaycanda bu istiqamətdə aparılan işlər xeyli canlandı. Avropa Oyunları, Formula-1 yarışları ərəfəsində belə ciddi fəsadlara rast gəlinmədi. Çünki bununla bağlı profilaktik tədbirlər görülürdü. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin informasiya təhlükəsizliyinin yüksək səviyyədə olması onu deməyə əsas verir ki, bizdə bu istiqamətdə xeyli işlər görülüb. Hazırda ölkəmiz daha bir beynəlxalq tədbirə ev sahibliyi edir. Dünyanın 60-dan çox ölkəsinin nümayəndəsi burada olduğuna görə, təhlükə daha çoxdur və bu hücumlardan biz də sığortalanmamışıq. Belə hücumlar istənilən an baş verə bilər. Lakin düşünürəm ki, davamlı olaraq hazırlıqlar aparılmalı, alternativlər üzərində infrastruktur qurulmalıdır. Çünki bu elə bir sahədir ki, daima yenilənir. Bu baxımdan, ölkədə bu sahə üzrə ixtisaslı kadrlar yetişdirilməlidir. Həmçinin, aidiyyəti dövlət qurumları bu işlə bağlı həyata keçirilən tədbirləri öz işlərini canlandırmalıdırlar. Bütün bunlarla yanaşı, beynəlxalq əməkdaşlıq da çox vacibdir. Çünki kiber-hücumlar beynəlxalq mahiyyətlidir. Bu hücumların arxasında bir neçə ölkənin maraqları dayana bilər. Odur ki, beynəlxalq əməkdaşlıq ən vacib amillərdən biri hesab olunur. Yenə də qeyd edim ki, təkcə görülən işlərlə tədbirlərlə kifayətlənmək olmaz. Hazırda İslam Oyunlarının kiber təhlükəsizliyini təmin edən qurum «Eurodesign» şirkətidir. Düşünürəm ki, bu kimi məsələləri nəzərə alaraq, şirkətlə yanaşı, müvafiq dövlət qurumları da təyin olunmuş ərazidə gücləndirilmiş iş rejimində fəaliyyət göstərməlidir».
Kompüterlərə kripto-şifrələr qoyurlar və pul tələb edirlər
İT üzrə mütəxəssi Şaiq Muradov deyir ki, virus «Windows» əməliyyat sistemləri üçün yazılmış bir virusdur: «Virus ilk olaraq İngiltərə və Rusiyada olan kompüterləri zədələməyə başladı və qısa müddətdə dünyanın bir çox ölkəsinə yayıldı. Bəsit dillə desək, virus şəbəkə vasitəsilə yayılıb «Windows» kompüterlərinin lazımlı məlumatlarını ələ keçirir. O, kompüterlərə kripto-şifrələr qoyur ki, bu şifrələri açmaq üçün də pul tələb edirlər. Bu virusu digərlərindən fərqləndirən əsas cəhəti kripto-valyuta tələb etməsidir. Bu məbləğ elektron valyuta olduğu üçün həmin virusu yayan şəxslərin izinə düşmək də mümkün deyil. Yayılan virus daha çox «Windows»un əvvəlki versiyaları ilə işləyən, yəni «update» olunmayan kompüterləri zədələyir. Bir neçə həftə əvvəl Azərbaycanda da belə bir hal yaşanıb. Belə ki, kiber-cinayətkarlar mağazaların birinin bazasını ələ keçirərək, onlardan bir neçə min dollar müqabilində kripto-valyuta tələb ediblər. Əsas məsələ isə odur ki, burada məbləğ birbaşa tələb olunmur. Məsələn məbləği hansısa banka köçürmək tələb edilmir. Çünki bununla həmin şəxslər asanlıqla təyin edilə bilər. Tələb olunan məbləğ elektron valyuta olduğu üçün həmin cinayətkarları tapmaq olmur».
Ekspert bildirdi ki, virusdan qorunmaq üçün ilk olaraq əməliyyat sistemlərinin son versiyalarını «update» etmək lazımdır: «Əgər sizin istifadə etdiyiniz sistem lisenziyasızdırsa, bu, sizin kompüterinizi daha çox təhlükə altına salır. Çünki rəsmi lisenziyalı əməliyyat sisteminə müəyyən müddətdən sonra təhlükəsizlik məqsədilə rəsmi yenilənmələr gəlir. O yenilənməni etməklə kompüterinizi virus təhlükəsindən qoruya bilərsiniz. Düzdür, «Micrososft» şirkəti elan edib ki, nəinki sonuncu, hətta «Windows7» və «Windows» XP əməliyyat sistemlərinə də problemlərlə bağlı yeni «update»lər buraxcaq. Təhlükəsizlik məqsədilə əsas məsələlərdən biri də tanınmayan şəxslərdən gələn faylların açılmamağıdır. Yəni «Whatsapp» mesajından tutmuş, hər hansı bir tanınmayan faylı açmaq düzgün deyil. Yaxşı olardı ki, anti-virus proqramlarının son versiyasından istifadə edilsin və proqramlar yenilənsin. Digər əməliyyat sistemləri ilə çalışan kompüterlər, məsələn, «MAC» üçün virusla bağlı heç bir təhlükə yoxdur».