Vaxt.Az

Gürcülər Konstitusiyaya dəyişikliklərinə qarşıdır


 

Hakimiyyətin əsas qanuna dəyişikliklər etmək istəyi etirazlara səbəb olub

Gürcülər Konstitusiyaya dəyişikliklərinə qarşıdır Gürcüstanda yüzlərlə gənc fəal ölkə Konstitusiyasına dəyişikliklərə etirazını bildirmək üçün küçələrə çıxıb. Onlar bununla bağlı keçirilən ictimai müzakirəni etiraz aksiyası ilə pozmağa çalışıblar. Tbilisidəki Dövlət Filarmoniyasının binasında keçirilən müzakirələrdə parlamentin spikeri İrakli Kobaxidze dəyişikliklərə etiraz edən yüzlərlə fəalın fit və hay-küyünə görə toplantını dayandırmalı olub. Bəlli olduğu kimi, hakim «Gürcü Arzusu» Partiyası ölkə Konstitusiyasına bir neçə mühüm dəyişiklik təklifi ilə çıxış edib. Təkliflərin mahiyyəti bundan ibarətdir ki, yeni Konstitusiya prezidentin ümumxalq seçkisi ilə müəyyən edilməsi qaydasını ləğv edəcək. Başqa sözlə, gələcəkdə parlament seçkilərində çoxluq əldə etmiş istənilən siyasi partiya hakimiyyətə gələcək. «Gürcü Arzusu» Partiyası təkliflərin arxasında çoxpartiyalı sistemə daha geniş meydan verilməsi niyyətinin dayandığını bildirir. Müxalifət isə düşünür ki, hakim partiya yeni qaydalarla qeyri-müəyyən müddətə hakimiyyətdə qalmasını təmin etməyə çalışır. Məhz buna görə də bir neçə müxalifət partiyası təkliflərin referenduma qoyulmasını tələb edir.

Bu arada ölkənin vətəndaş cəmiyyəti qrupları və QHT-lər Avropa Şurasının Venesiya Komissiyasına müraciət edərək yeni təkliflərə rəy verilməsini rica edib. Gürcüstanın baş naziri Georgi Kvirikaşvili izah edir ki, yeni qaydalar Gürcüstanın «çox balanssız Konstitusiyasını» dəyişəcək və onun yerində əsl Avropa standartlarına cavab verən sistemin bərqərar olmasına imkan yaradacaq. Hakim partiya inandırmağa çalışır ki, yeni qaydalar hər hansı partiyanın şəriksiz hakimiyyət imkanlarını son dərəcə məhdudlaşdıracaq. Ən ciddi dəyişiklik təklifləri prezidentin seçilməsi və parlament mandatlarının bölüşdürülməsi qaydalarına aiddir. Digər təkliflərə görə «nikah kişi və qadının ailə qurmaq məqsədilə könüllü ittifaqı» kimi təsbit edilməlidir. Bundan başqa həm də ölkə parlamentinin Gürcüstanın ikinci böyük şəhəri Kutaisiyə köçürülməsi nəzərdə tutulur. Hazırda prezident birbaşa ümumxalq seçkisində seçilir. Təkliflərə görə, artıq 2018-ci ildən prezidentin parlament tərəfindən seçilməsi qaydası tətbiq edilməlidir. Belə bir təklif, gələn il ikinci müddətə namizədliyini verməyə ümid edən hazırkı prezident Georgi Marqvelaşvilinin etirazına səbəb olub. Bundan sonra hakimiyyət kompromis kimi yeni qaydanın 2023-cü ildən qüvvəyə minməsini təklif edib. Lakin bu da Marqvelaşvilini qane etməyib. O, mart ayında televiziya müsahibələrindən birində deyib ki, gürcü xalqının öz prezidentini seçmək hüququndan məhrum edilməsinin heç bir sağlam arqumentini görmür: «Xalqı prezidenti seçmək hüququndan məhrum etmək olmaz», - deyə prezident müsahibəsində bildirib.

Müxalif «Vahid Milli Hərəkat» da dəyişikliklərə qarşıdır. Partiyanın parlament fraksiyasının rəhbəri Roman Qoçiridze bildirib ki, komissiyanın işində iştirak etməyə əsas görmür: «Onlar nə istəyirlər, onu da edirlər. Konstitusiyanı sovet dövrünə qaytarırlar».

Yeri gəlmişkən, prezidentin mövqeyini bir çox siyasətçilər də dəstəkləyirlər. Marqvelaşvili habelə hazırda birbaşa prezidentə tabe olan Milli Təhlükəsizlik Şurasının ləğvi təklifinə qarşı da çıxır. Konstitusiya komissiyasına rəhbərlik edən İrakli Kobaxidze deyib ki, bu qurumun ləğvini elə Venesiya Komissiyasının özü tövsiyə edib. Lakin Kobaxidzenin hamını əmin etməsinə baxmayaraq, o, həqiqəti axıradək söyləmir. Belə ki, yeni qaydalar prezidenti hökumətə spesifik məsələləri müzakirə etməyi tövsiyə etmək hüququndan da məhrum etməlidir. Bu da həqiqətdir ki, yeni təkliflərdə müxalifətin də müəyyən tələbləri nəzərə alınıb. Müxalifət hazırkı qarışıq hakimiyyət formasından narazıdır. Gürcüstan parlamentinə seçkilərdə 150 yerlik parlamentin 73 mandatı təkmandatlı dairələrdə, 77-si isə proporsional seçkilərdə əldə olunur. Yeni təkliflər tam şəkildə proporsional seçki üsuluna keçilməsini nəzərdə tutur.

Beləliklə, ölkədə proseslər gərgin mərhələyə daxil olur. Hakimiyyətin güzəştə getməyəcəyi halda, Gürcüstanı etiraz aksiyalarının bürüyəcəyi gözlənilir.

 





17.05.2017    çap et  çap et