Vaxt.Az

«İkı yad adam»ın premyerası olacaq


 

Məşhur yazıçının hekayəsinin motivləri əsasında çəkilən film iyunun 7-də nümayiş olunacaq

«İkı yad adam»ın premyerası olacaq «ADDIM» Gənclər Təşkilatının sifarişi ilə «Caspian Media Group» şirkəti tərəfindən görkəmli yazıçı Mir Cəlal Paşayevin «Kəmtərovlar ailəsi» hekayəsinin motivləri əsasında çəkilən «İki yad adam» filminin premyerasının tarixi müəyyənləşib.

İlk dəfə film mart ayında Pekində (ÇXR), aprel ayında isə Astana şəhərində (Qazaxıstan) nümayiş olunub. 29 may tarixində Gürcüstanın paytaxtı Tiflisdə, daha sonra 7 iyun tarixində Bakıda filmin nümayişi nəzərdə tutulub.

Filmin nümayişi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə 1-ci Gənc Ailələrin forumunun açılış mərasimi zamanı baş tutacaq.

Filmin kommersiya prokatı nəzərdə tutulmadığından forum çərçivəsində baş tutacaq nümayişindən sonra Park Cinema kinoteatrlar şəbəkəsində xüsusi dəvətlərlə nümayişlər reallaşdırılacaq.

Film Pekində reallaşan «Grand Asian Films» festivalında «Ən Yaxşı Sosial mövzuda film» və «ən yaxşı aktyor oyunu» nominasiyası üzrə mükafatlandırılmışdı. Bundan başqa filmin əsas qəhrəmanlarından biri canlandıran gənc aktyor Riad Abdulun yerli mətbuatda geniş müsahibəsi dərc olunmuşdu.

Filmin ssenari müəllifi - Nicat Dadaşov, operatoru - Ruslan Ağazadə, montajçısı  - Murad Muradlı, musiqi tərtibatçısı - Elvin Musayev, prodüseri - Azər Həsənovdur.

Mir Cəlal Paşayevin 1930-cu illərdə qələmə aldığı əsərdə bir neçə fərqli iş yerlərində, fərqli iş saatlarında çalışan və aylarla görüşə bilməyən ərlə arvadın maraqlı ünsiyyətindən bəhs olunur. Filmdə iştirak ediblər: Əməkdar Artist Gülşad Baxşıyeva, aktyorlar Duyğu Dəvəli, Riad Abdul, Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları.

 





17.05.2017    çap et  çap et